Qaçqın və məcburi köçkünlərin sosial problemləri dövlətimizin diqqət mərkəzindədir

Bu gün bütün dünyanı qaçqın və məcburi köçkünlərin sayının getdikcə artması problemi daha çox narahat edir. Bu ağrılı məsələ, ilk növbədə, davam edən müharibələrlə, nizamlanmayan münaqişələrlə bağlıdır. Problemin aktuallığını və təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyini nəzərə alan BMT-nin Baş Məclisi tərəfindən 2000-ci ildə müvafiq qətnamə ilə 20 iyun tarixinin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsi qərara alınıb. Şübhəsiz ki, bu sənədin qəbulunda əsas məqsəd doğma Vətəndən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, həmin vaxtdan 20 ilə yaxın bir müddət ötsə də, hələlik problemin həllində elə bir müsbət nəticə müşahidə olunmayıb.

Dünyanı narahat edən ən ağrılı problem

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 20 İyun Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabatında bildirilir ki, hazırda dünyada öz yaşayış yerlərindən didərgin düşən insanların sayı rekord həddə çatıb. Belə ki, son 20 ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı iki dəfə artaraq 70,8 milyon nəfərə yüksəlib. Hesabatda qeyd edilir ki, cəmi bir il ərzində dünya üzrə qaçqınların sayı 2,3 milyon nəfər artıb.

Bu gün respublikamız da sözügedən problemlə üz-üzə qalıb. İyirminci əsrin sonlarında Ermənistanın torpaqlarımızın 20 faizdən çox hissəsini işğal etməsi Azərbaycanı dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkələrindən birinə çevirib. Xalqımız bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 1988-ci ildə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, respublikamıza pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınan 50 min nəfərədək Ahıska türkü də respublikamızda sığınacaq tapıb.

Xatırladaq ki, Ermənistan silahlı birləşmələrinin işğalı nəticəsində Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsi zorla boşaldılıb, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək soydaşımız öz daimi yaşayış yerindən məhrum olunaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan isə müxtəlif dərəcəli xəsarət alıb.

Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün var. Problemin ciddiliyini diqqətə çatdıran Baş Nazirin müavini Əli Əhmədov cari il iyunun 20-də Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, Azərbaycanda 10 milyon əhalinin bir milyondan çoxu qaçqın və məcburi köçkün vəziyyətindədir. Yəni ölkədə hər 10 nəfərdən biri qaçqındır: “Halbuki dünyada olan əhali ilə qaçqınların sayını müqayisə etdikdə, yüzlərlə insana bir qaçqın düşür. Bu, qaçqın və məcburi köçkün probleminin Azərbaycanda nə qədər ciddi olduğunu göstərir. Görünür, dünyada ədalətsizlik baş alıb gedir ki, qaçqın və məcburi köçkün problemi yaranıb. Dünyada separatizm, başqa ərazilərə göz dikmək olmasaydı, qaçqın problemi də bu qədər ağır məhrumiyyətlərə səbəb olmazdı”, --deyə Baş Nazirin müavini bildirib.

Ulu öndər Heydər Əliyev prezidentlik fəaliyyəti dövründə yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini daim diqqətdə saxlayıb, bununla bağlı irimiqyaslı tədbirlər həyata keçirib. Ümummilli liderin 1993-2003-cü illərdə münaqişənin aradan qaldırılması istiqamətindəki fəaliyyəti, qaçqın və məcburi köçkünlərə xüsusi qayğısı, çadır düşərgələrinin ləğvi ilə əlaqədar verdiyi qərarlar sonrakı işlər üçün təməl olub. Dahi şəxsiyyətin 17 sentyabr 1998-ci il tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramına əsasən, soydaşlarımız üçün yeni qəsəbələr salınmağa başlanıb. Məcburi köçkünlərin mənzil-məişət məsələlərinin həlli, onların məşğulluğunun təmin edilməsi istiqamətində önəmli addımlar atılıb.

Dövlət vətəndaşına arxa-dayaq oldu

Dövlətimizin qayğısı ilə bu gün məcburi köçkünlərin sosial problemləri uğurla həll olunur. Azərbaycan Respublikasının iqtisadi-siyasi qüdrəti artdıqca, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünləri narahat edən problemlərlə daha yüksək səviyyədə məşğul olmağa başlayıb. Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması, dünya iqtisadiyyatına sıx inteqrasiya, sosial-iqtisadi sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar xalqımızın ildən-ilə maddi rifahının yüksəlməsinə gətirib çıxarıb. Əldə edilən iqtisadi nailiyyətlər ölkəmizin davamlı inkişafına şərait yaradıb, sosial problemlərin aradan qaldırılması üçün yeni imkanlar açıb. Belə ki, əvvəllər bu məsələdə xarici ölkələrin, müxtəlif humanitar təşkilatların köməyinə daha çox ehtiyac duyulurdusa, Azərbaycan artıq qaçqın və məcburi köçkünlərin bütün problemlərini özü müstəqil şəkildə həll etmək gücünə malikdir.

Prezident İlham Əliyev 2003-cü ilin oktyabrından başlayaraq bu istiqamətdə işləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Ötən müddətdə Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə əlverişli şərait yaradıb, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən işlərin miqyası daha da genişlənib. Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın və sonradan həmin sənədə 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiqlənən əlavələrin icrası uğurla reallaşdırılıb. Azərbaycan bu gün dünyadakı qaçqın probleminin həlli ilə bağlı görülən işlərə töhfə vermək, müxtəlif ölkələrdən respublikamıza gələn qaçqınları himayə etmək imkanına malikdir və bundan geniş istifadə edir.

Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqətlə yanaşır. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan “Azərbaycan” portalı bu baxımdan mühüm önəm daşıyır. Portalda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımından bəhs edən məlumatların yerləşdirilməsi dünya ictimaiyyətinin erməni vəhşilikləri ilə yaxından tanış olmasına şərait yaradır.

Neçə ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə və bu sahədə qəbul edilən sənədlərə əsaslanaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar aparılır. Dövlət orqanlarından, beynəlxalq təşkilatlardan alınan müvafiq təkliflərlə bağlı “Böyük Qayıdış” proqramının layihəsinin hazırlanması işləri davam etdirilir. Bu layihə həm işğal olunan ərazilərə dəyən ziyanın dəqiq hesablanmasına, həm də torpaqlar işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək.

Qeyd edək ki, 2007-ci ildə Azərbaycanda 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün bugünə kimi 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 58 min 203 ailə və ya 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb ki, ondan da 54 min 203 ailə, yaxud 272 min nəfər son 15 ilin payına düşür. Təkcə ötən il ərzində 5 min 903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülüb. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Açılan yeni iş yerləri nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Cari il aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən dövlətimizin başçısı bildirib ki, paytaxt ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan 810 məcburi köçkün ailəsi üçün Prezidentin 2011-ci ildə imzaladığı sərəncama əsasən, çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi nəzərdə tutulub. Məhəllənin salınması üçün 15 hektar torpaq sahəsi ayrılıb. Keçən ilin mart ayında başlanan tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Layihə üzrə doqquzmərtəbəli 15 bina tikilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Xatırladaq ki, təkcə ötən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilib. Cari ildə isə 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Ümumilikdə, iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq. Həmin mənzillərdə, təqribən, 50 minə yaxın Vətəndən didərgin düşən soydaşlarımız yaşayacaq.

Məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışarkən, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən tədbirləri də vurğulamaq istərdik. Mehriban xanım 2017-ci ilin martında məcburi köçkünlərin sosial problemlərinə həsr edilən müşavirədə müvafiq qurumlar qarşısında konkret vəzifələr qoyub, bu kateqoriyadan olan insanların çətinliklərinin aradan qaldırılmasına prioritet vəzifə kimi yanaşıb.

Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yaşayış kompleksinin inşası, Abşeronun Masazır, Mehdiabad, Sabunçunun Ramana qəsəbələrində 470 mənzilin məcburi köçkünlərə təqdim edilməsi, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonunda yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi, habelə Sumqayıtdakı 1005 məcburi köçkün ailəsinin yeni tikilən yaşayış binalarından mənzillə təmin olunması onlara göstərilən qayğı və diqqətin bariz ifadəsidir.

2019-cu il aprelin 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların problemləri, yaşayış şəraiti ilə tanış olub. Görüş zamanı sakinlərin arzu və istəklərini dinləyən Birinci vitse-prezident onları narahat edən məsələlərin qısa zamanda həll olunması üçün müvafiq tapşırıqlar verdi .

Yurd yerlərinin işğaldan azad ediləcəyi gün uzaq deyil

Bu gün məcburi köçkünlər yaşayan elə qəsəbələr var ki, onlar işğaldan azad edilən ərazilərdə salınıb. Məsələn, Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb. Yüz əlli evlik Cocuq Mərcanlıda müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb.

Məcburi köçkünlərin sosial şəraiti ildən-ilə yaxşılaşır, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılır. Bir müddət bundan əvvəl Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzaladı. Həmin sərəncamlar sırasında məcburi köçkünlərin müavinətlərinin 50 faiz artırılmasını ifadə edən sənəd dövlətimizin onlara diqqətinin əyani ifadəsidir.

Azərbaycan dövlətinin bu gün qarşısında duran əsas vəzifə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, məcburi köçkünlərin dədə-baba torpaqlarına qaytarılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin tez-tez söylədiyi - “Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”- fikri inanırıq ki, tezliklə gerçəkləşəcək.

Ürəyi doğma yurd həsrəti ilə döyünən insanlara dövlət nə qədər yaxşı şərait yaratsa da, onların doğma yurd-yuvalarına dönmək istəyini heç nə ilə əvəz etmək mümkün deyil. Qəribsəyən torpaqlara ayaq basmaq, erməni tapdağında qalan doğmaların məzarlarını ziyarət etmək qaçqın və məcburi köçkünlərin müqəddəs arzusudur. Ona görə də o yurd yerlərinin yağılardan xilas olunması fikri bir an da olsa, onları rahat buraxmır. Əlbəttə, aparılan siyasi danışıqlar bir nəticə verməzsə, rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı düşməndən azad edəcək, soydaşlarımız öz əzəli el-obasına qayıdacaq.

* * *

Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına bir ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə ulu öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.

 

 

 

Qabil Yusifoğlu.

Xalq qəzeti.- 2019.- 2 iyul. S. 9.