UNESKO işğal olunmuş ərazilərdəki tarixi abidələrimizlə bağlı ciddi addımlar atmaq niyyətindədir

 

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası davam edir. Sessiyada dünyada mədəni irsin qorunması ilə bağlı çox ciddi problemlər müzakirə edilir. Xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-ədək ölkədən 2500-dən çox nümayəndənin iştirak etdiyi sessiyada Azərbaycanın mədəni irsinin qorunması ilə bağlı məsələlər də yer almışdır. Azərbaycan rəsmlərinin qonaqlarla söhbətlərində ölkəmizin işğal olunmuş ərazilərindəki mədəni irsimizin talan edildiyinə xüsusi diqqət yetirilmişdir.

Azərbaycanın mədəniyyət naziri jurnalistlərlə görüşündə demişdir: “Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində olan mədəni irs nümunələri ilə bağlı məsələni ciddi şəkildə UNESKO-nun bütün üzvlərinin qarşısında qoyuruq, onları məlumatlandırırıq. Artıq UNESKO-nun baş direktoru Odre Azule həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də bu məsələ qaldırılıb. UNESKO işğal olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildiribbu müzakirə ediləcək”. Nazir əlavə edib ki, bu, sadə proses deyil: “Amma əsas odur ki, Azərbaycan reallığı və işğal altında olan torpaqlarımızda mədəni sərvətlərimizin vəziyyətinin bizi narahat etməsi onlara tam aydın oldu. Biz UNESKO-nun fəal üzvlərindən biri olduğumuz üçün təşkilat bu vəziyyətə biganə yanaşa bilməz. Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində də müzakirələri davam etdirəcəyik”.

Bu gün, həqiqətən, işğal olunmuş Azərbaycan ərazisində mədəni irsimiz tar-mar edilir. Bir neçə fakta diqqət yönəltmək istərdik. İşğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib. İşğal nəticəsində Azərbaycanda peşəkar vokal sənətinin əsasını qoymuş Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri talan edilib. Xocalıdakı “Dairəvi məbəd”(1356-1357) və “Türbə”-nin (XIV əsr) aqibəti məlum deyil.

Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin 250 illik yubileyi dövlət səviyyəsində qeyd edilib ki, bunda da ulu öndər Heydər Əliyevin böyük rolu olub. Ulu öndər deyib: “1967-ci ildə Şuşada olarkən Molla Pənah Vaqifin məzarını ziyarət etdim. Öncə məzarı tapa bilmirdilər. Mənim xahişimlə məzarı tapdılar. Gördüyüm məzar Molla Pənah Vaqifə layiq deyildi. Belə böyük bir şəxsiyyətin qəbrini onun şəxsiyyətinin səviyyəsinə çatdırmaq lazım idi. 70-ci illərdə bu barədə fikrimi həyata keçirdim və 1980-1981-ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük bir məqbərə, türbə tikildi. Bu, çox gözəl memarlıq abidəsi idi”.

Ümumiyyətlə isə, həmin dövrdə Şuşada bir çox tarixi abidələr yenidən bərpa olunub. Üzeyir Hacıbəyovun ev muzeyi, Âülbülün ev muzeyi və digər muzeylər, abidələr yaradılıb. Hətta î vaxt Şuşada Azərbaycanın böyük tarixi şəxsiyyəti Natəvanın heykəli də qoyulub. Bir sözlə, Şuşanı daha da zənginləşdirmək, onun tarixini daha da əyaniləşdirmək üçün çox işlər görülüb, yeni binalar tikilib.

Azərbaycanın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problem olaraq qalır. Bu baxımdan Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər və digər milli abidələrimiz məhv edilir. Erməni vandalları Ağdamda Pənah xanın imarətini, Cümə məscidini, Laçın rayonunda Həmzə SultanSoltan Əhməd saraylarını, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binalarını dağıtmış, daşınması mümkün olan maddi mədəniyyət abidələrini Ermənistana aparmışlar.

Erməni vandalları İslama qədərki Alban abidələrini də məhv ediblər. Əksər hallarda isə onların üzərində dəyişiklik apararaq, özününküləşdirməyə, bütün dünyaya erməni abidələri kimi təqdim etməyə çalışırlar. Mənfur düşmən rayonlarımızın tarixi mədəni abidələrinin, muzey eksponatlarının şəkillərini “erməni mədəniyyətinin nümunələri” adı altında müxtəlif saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə abidələrin özlərinə məxsus olması ilə bağlı saxta təbliğat aparır. Əldə etdiyimiz məlumata görə, 1700 tarix və mədəniyyət abidəsinin (xristianlığa qədər olan dövr və eləcə də xristianlıq dövrü alban abidələri) üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan nişanələri dağıdılıb. Yelisey məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı tamamilə məhv edilib. 500 sayda Qafqaz Albaniyası dövrü sövmə, bazilika və digər memarlıq abidələrinə erməni kilsəsi statusu verilib.

300 monumental abidə bağ-park tamamilə məhv edilib. İşğal dövründə xaraba qalmış kəndlərimizdə 15 erməni kilsəsi tikilib. İşğal ərazilərinə Ermənistanda yonulub hazırlanmış 2000 ədəd erməni xaç daşları basdırılıb. İşğal dövründə Azərbaycan ərazilərində 27 qanunsuz arxeoloji qazıntı işləri aparılıb. 128 bədii daş nümunəsi işğal ərazilərindən götürülərək İrəvana aparılıb.

Hesablamalara görə, Azərbaycanın işğal altındakı ərazilərində tarix mədəniyyət abidələrinə vurulan ziyan 177 milyard dollardan çoxdur.

İnanırıq ki, Azərbaycan torpaqları tezliklə düşmən işğalından azad olacaq oradakı mədəni irsimiz əsirlikdənazad ediləcək.

 

Hazırladı:

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 5 iyul.- S.3.