“The Jerusalem Post”:
“Ermənistan-Azərbaycan münaqişəsi: israilli jurnalistlər
təmas xəttində olublar”
İsrailli jurnalistlərin Azərbaycana
səfəri səmərəli olub. İsraillə Azərbaycan
arasında etibarlı və möhkəm tərəfdaşlıq
münasibətləri var. İki ölkə arasında siyasi
dialoq ən yüksək səviyyədədir, illik ticarət
dövriyyəsinin həcmi 3,5 milyard ABŞ dollarına
çatır, enerji sektoru isə bu münasibətlərin
strateji əsası və dayağıdır.
Beynəlxalq münasibətlər
sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə
İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem
Post” qəzetində dərc olunmuş “Ermənistan-Azərbaycan
münaqişəsi: israilli jurnalistlər təmas xəttində
olublar” sərlövhəli məqaləsində yazır.
Məqalə müəllifi
qeyd edir ki, Azərbaycanda əhalinin təqribən 90 faizi
müsəlman, İslam dini rəsmi din olsa da bu ölkə
tamamilə dünyəvi dövlətdir.
Azərbaycanın xarici işlər
naziri Elmar Məmmədyarov deyib: “Bizim ölkəmiz İslam
dünyasının bir hissəsidir. Lakin bu
gün İsrail ilə Azərbaycan arasında ticarət,
energetika və iqtisadiyyat sahələrində müstəsna
müsbət, konstruktiv münasibətlər var. Azərbaycan
İsrail ilə yaxşı münasibətlərini dəstəkləməkdə
və inkişaf etdirməkdə maraqlıdır. Əhalisinin əksəriyyəti müsəlmanlar
olan Azərbaycanda yəhudilər tarixən sülh və həmrəylik
şəraitində yaşayıblar. Bu gün Azərbaycanda
və İsraildə yaşayan yəhudilər arasında
sıx əlaqə var”.Azərbaycan XİN rəhbəri
vurğulayıb: “Azərbaycan digər etnik və dini qruplar, o
cümlədən xristian və yəhudi icmaları
üçün də doğma ev kimidir. Hətta
30 ilə yaxın bundan əvvəl Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi başlananda da Azərbaycan
cəmiyyətində etnik qruplar arasında sülh və
harmoniya qorunub saxlanıldı”. Arye Qut qeyd
edir ki, israilli jurnalistlər Bakıda olarkən 95 metr
hündürlüyündə dörd minarəsi olan möhtəşəm
Heydər Məscidini ziyarət ediblər. İsrailli
ekspert yazır: “Bu möhtəşəm məsciddə bizi
biri şiə, digəri sünni məzhəbli iki imam, habelə
dini konfessiyaların nümayəndələri, o cümlədən
dağ yəhudilərinin başçısı Melih Yevdayev və
alban-udi icmasının rəhbəri Robert Mobili
qarşıladılar. Onlar bizə dedilər ki, bütün
dinlərə mənsub insanlar arasında hörmət və
harmoniya mövcud ola bilər”.Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov
deyir: “Bu səmərəli qarşılıqlı münasibətlərin
səbəbi odur ki, Azərbaycan həmişə
multikulturalizmin hökm sürdüyü nadir məkan olub.
Ermənistanla
münaqişə
Məqalə müəllifi
vurğulayır ki, 1991-ci ildə Sovet İttifaqının
dağılması Azərbaycana xas olan ənənəvi
dözümlülük və multikulturalizm münasibətləri
üçün əsl sınaq oldu. Arye Qut vurğulayır: “Həmin
dövrdə Ermənistan Respublikası Azərbaycana
müdaxilə etdi və respublika torpaqlarının təqribən
20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və
ona bitişik yeddi rayonu işğal etdi. Elan
olunmamış bu müharibə nəticəsində təqribən
30.000 azərbaycanlı həlak oldu, bir milyona yaxın azərbaycanlı
öz yurdunda qaçqın və məcburi
köçkün vəziyyətinə düşdü.
Ermənistanın
zorakılıq və qəddarlıqla törətdiyi bu təcavüzkar
işğalçılıq hərəkətləri, habelə
soyqırımı aktı XX əsrin sonunda ən dəhşətli
faciələrdən biridir. Xocalıda törədilmiş
soyqırımı aktını xatırlatmaq da yerinə
düşər. Həmin qırğın nəticəsində
bir gecədə 613 azərbaycanlı qətlə yetirildi, 487
nəfər yaralandı, 1275 dinc sakin girov
götürüldü. Bu insanların yeganə
“təqsiri” onların azərbaycanlı olması idi”. İsrailli ekspert qeyd edir ki, Ermənistan tərəfindən
27 ildən çox bundan əvvəl işğal edilmiş Azərbaycan
əraziləri ilə hərbi təmas zonasına – cəbhəyanı
zonaya səfər etmiş israilli və digər xarici jurnalistlər
çox olmayıb. Arye Qut yazır: “Cəmi üç
il bundan əvvəl bizim indi dayandığımız və
müşahidə etdiyimiz yerdə hərbi əməliyyatlar,
real müharibə gedirdi. Öyrəndik ki,
2016-cı ilin aprel ayında Azərbaycan Ordusu Ermənistanın
hərbi provokasiyasına cavab olaraq Ermənistan silahlı
qüvvələrinə ciddi zərbələr endirməklə
öz vətəndaşlarının təhlükəsizliyini
təmin edib. Tərtər rayonunun
Marağa kəndində 1978-ci ildə – ermənilərin
İrandan Azərbaycanın bu hissəsinə
köçürülməsinin 150 illiyi münasibətilə
ucaldılmış “Marağa” abidəsinə baxdıq.
Bizə izah etdilər ki, XX əsrin 80-ci illərinin
sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi başlananda ermənilər bu abidəni
dağıdıblar. Sonradan abidənin
qalıqları bərpa edilib və Dağlıq
Qarabağın əzəli Azərbaycan ərazisi
olmasının sübutu kimi qorunub saxlanıb”.
Azərbaycan
müdafiə nazirinin müavini ilə görüş
Arye Qut vurğulayır ki,
israilli jurnalistlər Tərtərdə və Cocuq Mərcanlıda
olarkən Azərbaycan Ordusunun zabitləri və əsgərləri
ilə görüşüblər. Hərbçilər
bildiriblər ki, Azərbaycan istər canlı qüvvə, istərsə
də silahlanma baxımından Ermənistandan tam hərbi
üstünlüyə malikdir. Arye Qut yazır: “Lələtəpədə
əsgərlərə baş çəkdik. Biz
ətrafa nəzər salanda anladıq ki, Lələtəpə
yüksəkliyi sayəsində geniş bir əraziyə tam nəzarət
etmək olar. 1993-cü ildə hərbi əməliyyatlar
zamanı erməni silahlı dəstələri bu yüksəkliyi
ələ keçirmiş, orada möhkəmlənmiş
mövqe yaratmışdılar.
Lakin azərbaycanlı əsgər
və zabitlər qısamüddətli, amma ağır
döyüşdən sonra bu kompleksi azad ediblər. Əsgərlər
və zabitlər döyüş əməliyyatlarının
yenidən necə başlanmasını, Lələtəpə
yüksəkliyinin erməni silahlı dəstələrindən
necə azad edildiyini ətraflı təsvir etdilər. Təcrübə göstərir ki, müasir
müharibədə hansı tərəfin daha yüksək
texnoloji silahları varsa, həmin tərəf qalib gəlir.
2016-cı ildə Aprel döyüşləri
zamanı İsraildə istehsal edilmiş pilotsuz uçuş
aparatlarının erməni işğalçılara
qarşı səmərəli tətbiq edilməsini
xatırlamaq kifayətdir. Bu barədə çox
danışmaq olar”.Azərbaycan müdafiə nazirinin
müavini, general-leytenant Kərim Vəliyev dedi: “Beynəlxalq
təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə münasibətdə ikili
standartlar nümayiş etdirirlər. Biz
işğal altında olan tarixi torpaqlarımızı azad etməyə
hazır olmaq üçün Azərbaycan Ordusunun
döyüş qabiliyyətini yüksəltməliyik. Biz qan tökülməsini istəmirik.
Lakin əgər münaqişənin
nizamlanması üçün başqa vasitələr nəticə
verməsə, bizim ordumuz torpaqlarımızı azad etməyə
qadirdir”.General Vəliyev sözünə davam edərək
dedi: “2016-cı ilin Aprel döyüşləri göstərdi
ki, bu münaqişə həll edilə bilər. Azərbaycan
bu münaqişənin beynəlxalq hüququn norma
və prinsipləri əsasında dinc yolla nizamlanmasının
tərəfdarıdır. Lakin dinc yolla problemin
həlli tapılmasa, biz ölkəmizin ərazi
bütövlüyünü başqa vasitələrlə təmin
etmək hüququmuzdan istifadə edəcəyik. Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi
erməni təcavüzündən azad etməyə
hazırdır”.
Aşağı
Əbdürrəhmanlı kəndinə səfər
Arye Qut qeyd edir ki, onlar
Aşağı Əbdürrəhmanlı kəndinə səfər
zamanı çox kədərli bir mənzərə ilə
üzləşiblər. Erməni təcavüzü nəticəsində
kənd boşalıb. Dağıdılmış evlər,
məktəblər, uşaq bağçaları,
yandırılmış torpaq... İndi kabusu
xatırladan bu kənddə sanki həyat da, zaman da dayanıb.
Bu kəndin sakini, mənim dostum Umud Mirzəyev
israilli jurnalistlərə erməni silahlı dəstələri
tərəfindən məhv edilmiş kəndinin taleyi barədə
danışdı. Viran edilmiş kəndi
gəzirik, dağıdılmış evləri, məktəbləri,
uçurulmuş, eybəcər hala salınmış məzar
daşlarını gördük.
Bu, dəhşətdir: Erməni
snayperlər hətta ölülərə də atəş
açırlar. Bizi müşayiət edən əsgərlər
Umuda təlimat keçirlər, əyilməsini məsləhət
görürlər. Lakin emosional Umud əyilmir
və məzarın qarşısında dayanaraq, öz
torpağına, ulu babasının, babasının və
atasının torpağına, öz ölkəsinə və
Azərbaycan xalqına sadiq qalacağını bildirir.
O, bizi özünün doğulduğu, sonradan ermənilər
tərəfindən dağıdılmış kəndə
aparmağı təklif etdi. Çöhrəsindən nur
yağan bu yaşlı insan danışdıqca kövrəlirdi:
“Burada mənim məktəbim olub, burada mənim evim olub, həyat
yoldaşımın valideynlərinin evi burada olub, uşaq
vaxtı burada futbol oynayırdıq”. Yamyaşıl təpəliyə
çatanda isə sözünə davam etdi: “Burada atamın vəsiyyətini
yerinə yetirmişəm. O, öləndə öz kəndimizdə,
öz torpağımızda dəfn olunmasını vəsiyyət
etdi. Mənə dedi: “Oğlum, Azərbaycan torpaqlarının
azad edilməsi prosesi başlanıb və inanıram ki,
yaxın gələcəkdə torpaqlarımızın
hamısı azad ediləcək, məni öz kəndimizdə
dəfn et”.
Cocuq Mərcanlı
Arye Qut və israilli jurnalistlər
erməni işğalının daha bir qurbanını – məşhur
Cocuq Mərcanlı kəndini ziyarət ediblər. İsrailli ekspert yazır:
“Bizə söyləmişdilər ki, Azərbaycanın bu kəndi
işğalçılar tərəfindən
dağıdılıb, lakin oradakı erməni silahlı dəstələri
darmadağın ediləndən sonra Azərbaycan rəhbərliyi
bu kəndi bərpa edib.
Azərbaycanlılar istəyirlər
ki, ərazilərinin işğal olunması, bir milyondan
çox qaçqının və məcburi
köçkünün problemləri barədə dünya
ictimaiyyətinin məlumatı daha çox olsun. Onlar istəyirlər
ki, erməni işğalı nəticəsində Azərbaycan
xalqının üzləşdiyi dəhşətli fəlakət
barədə, bu xalqın öz torpaqlarına qayıtmaq və
yurdlarını bərpa etmək arzusu barədə
bütün dünya bilsin”.
Prezidentin köməkçisi
ilə görüş
Məqalə müəllifinin
sözlərinə görə Azərbaycanın güclü,
müstəqil dövlət, Cənubi Qafqaz regionunun real lideri
olması bu gün hamılıqla qəbul edilmiş
faktdır. Azərbaycan özünün müxtəlif geosiyasi
və geoiqtisadi layihələri sayəsində regionda və
onun hüdudlarından kənarda sülhə və
firavanlığa şərait yaradır.
Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov Azərbaycan
Respublikası ilə İsrail Dövləti arasında strateji
münasibətləri yüksək qiymətləndirir.Əli
Həsənov deyib: “İsrail və Azərbaycan siyasi, iqtisadi
və hərbi-strateji sahələrdə uğurla və səmərəli
əməkdaşlıq edirlər. Azərbaycana
səfər etmiş ilk israilli yüksəkvəzifəli
dövlət xadimi Benyamin Netanyahu olub. O, 1997-ci ildə
Baş Nazir vəzifəsində birinci kadensiyası
dövründə Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevlə görüşüb. Məhz bu
tarixi səfərdən sonra ölkələrimiz arasında
xüsusi münasibətlər yaranıb”.Əli Həsənov
daha sonra vurğulayıb: “2016-cı ilin dekabrında Baş
Nazir Netanyahu Azərbaycana ilk rəsmi səfər edib. Bu, ölkələrimizin və onların liderlərinin
Bakı ilə Təl-Əviv arasında strateji tərəfdaşlığı
möhkəmlətmək və genişləndirmək əzmini
nümayiş etdirdi.
Biz İsrailin Baş Naziri Benyamin
Netanyahunun Azərbaycana və ölkəmizin Prezidenti İlham
Əliyevə hörmətini böyük ehtiramla etiraf edir və
qiymətləndiririk”.Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov deyib:
“Qeyd etmək istəyirəm ki, İsraildə istehlak edilən
neftin 65 faizi məhz Azərbaycandan daxil olur. Azərbaycan
da, öz növbəsində, İsrailin ixrac etdiyi yüksək
texnoloji məhsulların ən sanballı
alıcılarından biridir. İsrailli
mütəxəssislər illər boyu Azərbaycanda müxtəlif
sahələrdə çalışırlar.İsraildə bu
ölkənin cəmiyyətinə uğurla inteqrasiya
olunmuş nüfuzlu Azərbaycan icması var. Onlar ölkəmizi
ləyaqətlə təmsil edirlər. Bakıda
və Qubada mövcud olan yəhudi icmalarını sıx
bağlayan insan amilini də qeyd etmək istərdim. Quba rayonundakı məşhur Qırmızı Qəsəbənin
yəhudi icması ölkələrimiz arasında əlaqələrin
möhkəmlənməsində unikal rol oynayır. Biz İsrail ilə Azərbaycan arasında münasibətlərin
möhkəmləndirilməsi və dərinləşdirilməsi
üzrə işimizi davam etdirəcəyik. İsrail-Azərbaycan strateji tərəfdaşlığı
bütün regionda sülhə və sabitliyə xidmət
edir.
Sonuncu görüşdə
müsahibimiz Hikmət Hacıyev oldu
İsrailli jurnalistlərin Azərbaycan paytaxtında sonuncu görüşü Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə oldu. H.Hacıyev görüşdə Azərbaycanın nadir statusu və ölkələrimiz arasında münasibətlərin strateji əhəmiyyəti barədə danışdı. O dedi: “1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra İsrail ilə Azərbaycan arasında xüsusi münasibətlər yarandı. İsrail Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri oldu. Bizim iqtisadi, siyasi, hərbi, mədəni və ticari münasibətlərimiz çox gözəldir. Təl-Əvivdən Bakıya birbaşa aviareyslər açılması sübut edir ki, ölkələrimiz arasında yaxşı sabit münasibətlər var. Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Mən həmişə zarafatla deyirəm ki, xəritəyə fikir versəniz, mənim ölkəm Şərqdən Qərbə uçan quşa oxşayır. Lakin uçmaq üçün hər iki qanad lazımdır”.Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “Aşkardır ki, İsrail ilə strateji əlaqələr və Ermənistanla ərazi münaqişəsinin ədalətli həlli Cənubi Qafqaz regionunda İsrail Dövlətinin bu etibarlı və mühüm müttəfiqinin prioritetləri siyahısında ilk yerlərdən birini tutur”.
AZƏRTAC
Xalq qəzeti.- 2019.- 6 iyul.- S. 5.