“Bakı sessiyasından xoş təəssüratlarla ayrılacağıq”

 

Bunu UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında ­iştirak edən Litvanın ­UNESKO-dakı Daimi Nümayəndəliyinin rəhbəri İrena Vaisvilayte deyib.

Bildirib ki, Azərbaycanın Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına sədrlik etməsi UNESKO-nun ölkənizə olan inamının, diqqətinin əlamətidir. Tədbir, həmçinin ölkənizin mədəni irs abidələrinin Dünya İrs Siyahısına salınması üçün gözəl bir fürsətdir. Belə tədbirlər Azərbaycanın nailiyyətlərini təşviq etmək baxımından da yaxşı vasitədir. İnanıram ki, bu tədbirdən öz ölkəmizə xoş təəssüratlarla qayıdacağıq. Tədbir iştirakçıları ölkənizin təkcə neftqaza deyil, həmçinin zəngin tarixi irsə sahib olduğunun şahidi olurlar.

Litva ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu söyləyən qonaq belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O, 25 il əvvəl Azərbaycanda olduğunu və ötən müddət ərzində ölkənin çox dəyişdiyini və inkişaf etdiyini vurğulayıb: “Paytaxt Bakının simvolu olan Qız qalası, şəhərə xüsusi yaraşıq verən “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, İçərişəhər... Sevindirici haldır ki, dövlətiniz tarixi mədəni irsi qorumaqla yanaşı, yeni memarlıq nümunələrinin inşasına da xüsusi diqqət ayırır. Bir tarixçi kimi deyə bilərəm ki, Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik ölkədir. Bilirəm ki, Azərbaycan müsəlman Şərqində Avropadan çox-çox əvvəl qadınların səsvermə hüququnu tanıyan ilk demokratik dövlət olub”.

Qonaq bu günlərdə sessiya çərçivəsində Azərbaycan Xalça muzeyində təşkil edilən tədbirdə iştirak etdiyini və xalqımızın qədim xalçaçılıq sənətinin onda böyük maraq doğurduğunu söyləyib.

 

Hazırladı:

M.MEHDİYEV

 

Xalq qəzeti.- 2019.-6 iyul.- S.7.