Tarixi irsimizin dünyada tanıdılmasının daha bir uğuru

 

Xalqımızın mədəni irs tarixində mühüm hadisə baş verib. İyulun 7-də Bakı Konqres Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib.

Sessiyada Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatında bildirilib ki, Şəki Azərbaycanın  şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan isə uzaqda – təcrid olunan bir məkanda yerləşir. Şəhərdəki  Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası Şəkinin  şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunan ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə, həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan bu bina Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu da diqqətə çatdırılıb.

Bununla bağlı Prezident ­İlham Əliyevin Azərbaycan xalqına 7 iyul 2019-cu il tarixli təbrikində deyilir: “Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılmışdır.

Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”  UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”.

Təbrikdə daha sonra vurğulanır ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.

Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban xanım  Əliyeva da bu münasibətlə xalqımızı təbrik edib. Birinci vitse-prezident rəsmi “Instagram” səhifəsində edilən paylaşımında xalqımızın milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi istiqamətində əzmkarlıqla çalışan, xeyirxahlığı, qayğıkeşliyi və insanpərvərliyi ilə hamıya örnək olan Mehriban Əliyeva hər zaman xalqımızın mədəni irsinə həssas münasibət bəsləyib, tarixi mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində misilsiz  işlər görüb, xalq musiqisinin təbliğinə yönələn layihələrin gerçəkləşdirilməsində önəmli rol oynayıb. Mehriban xanımın təşəbbüsü ilə respublikadaonun hüdudlarından kənarda  incəsənət festivalları və sərgiləri  keçirilib,  mədəniyyətimizin dünya ölkələrində tanıdılması və təbliği, eləcə də xarici ölkələrdəki tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində tədbirlər reallaşdırılıb. Bütün bunlar isə  Azərbaycanın Birinci vitse-prezidentinə təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə yüksək nüfuz qazandırıb.

Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsinə gəldikdə isə deyə bilərik ki, bu hadisə də ölkəmizdə mədəni irsə diqqət və qayğının  parlaq ifadəsidir. Xalqımızın maddi-mənəvi sərvətinə belə yüksək münasibətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son 16 ildə dahi öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Dövlətimizin başçısı maddi-mədəni irsimizin qorunması istiqamətində yorulmaz  fəaliyyət göstərib, tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə həssaslıqla  yanaşıb. Mədəniyyət obyektlərinin, ilk növbədə, teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpasını, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılmasını diqqət mərkəzində saxlayıb. 

Dövlət başçısının maddi-mədəni irsimizə, eləcə də bölgələrimizin mədəni inkişafına həssas münasibəti sözügedən sahədə mühüm layihələrə əlverişli zəmin yaradıb. Bu istiqamətdə  son 16 ildə müxtəlif proqramlar, layihələr icra olunub, festivallar keçirilib. “Xalq yaradıcılığı paytaxtları” proqramı (2010-2014), “Ədəbiyyat paytaxtı” və “Milli mətbəx paytaxtı” (2015), “Bölgələrdən paytaxta” (2016-2017) layihələri uğurla reallaşdırılıb. 

Sözügedən dövrdə bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında “mədəniyyət paytaxtı” adını qazanıb. Məsələn, 2013-cü ildə Qəbələnin “MDB-nin mədəniyyət paytaxtı”, 2016-cı ildə Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi regionlarımızın mədəni irsinin tanıdılmasına əlavə imkanlar açıb. 2017-ci ildə Şəki şəhəri, həm də  UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb.

Ölkəmizdə tarixi mədəni irsin qorunub saxlanılmasına da xüsusi qayğı göstərilib. Prezidentin müvafiq sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii QoruğunaMilli qoruqstatusu verilib, Abşeron rayonundaYanardağ”, AğstafadaKeşikçidağ”, paytaxtın Suraxanı rayonunda “Atəşgah məbədi”, Qubada “Xınalıq” tarix-mədəniyyət, tarix memarlıq və etnoqrafiya qoruqları təşkil edilib. Dövlət başçısının fərmanı ilə 2014-cü ildə  yaradılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu istiqamətdə kompleks işlər həyata keçirib.

Bu sahədə ölkəmizin birinci xanımı, UNESKO və ISESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqımızın qədim və zəngin mədəniyyətinin etibarlı və ləyaqətli hamisi kimi çoxşaxəli fəaliyyət göstərib.  Mehriban xanımın 2004-cü ildə UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddiqeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açıb. Azərbaycan muğam sənəti ilk olaraq UNESKO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edilib.

Azərbaycanın irs nümunələrinə belə yüksək diqqət ayrılması, şübhəsiz ki, ölkəmizin bu mötəbər təşkilatla sıx əlaqələrinin təsdiqidir. Bu, həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, respublikamıza göstərilən yüksək etimadın bariz ifadəsidir. 

Son 16 ildə Azərbaycan musiqi sənəti dünya səhnələrini fəth edib, ifaçılarımız yüzlərlə sənət yarışmasında uğur qazanıb. TÜRKSOY-un təşəbbüsü, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ü.Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operaları türkdilli ölkələrin sənətçilərinin iştirakı ilə tamaşaya qoyulub, Q.QarayevinYeddi gözəl” baleti ilk dəfə ABŞ-da səhnə həyatı qazanıb.

Azərbaycan musiqisinin inkişafına zəmin olan iri mədəniyyət ocaqlarının yaradılması paytaxtla yanaşı, bölgələrimizi də əhatə edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzulidə muğam mərkəzləri tikilib istifadəyə verilib. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri respublikanın ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının açılışı olub. Ağdamda müasir üslubda tikilən möhtəşəm Muğam Mərkəzi isə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə musiqi ictimaiyyətinin ixtiyarına verilib. Həmin mərasimdə dövlət başçısı deyib: “Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Muğam Mərkəzində həm məşhur ifaçılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi... Muğam Azərbaycan xalqının milli sənəti, eyni zamanda milli sərvətidir”.

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2019.-9 iyul.- S.1-2.