Şəkinin tarixi abidələri artıq bəşəri mədəni irs sayılır 

 

Bugünlərdə Bakıda Şəki ünvanlı önəmli hadisə baş verdi. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi! 7 iyul 2019-cu il tarixi mədəniyyət tariximizə qızıl hərflərlə yazıldı! Yalnız şəkililər üçün deyil, ümumən, Azərbaycanımız, xalqımız, mədəniyyətimiz, mədəni irsimiz üçün dərin anlam daşıyan bu hadisə Şəkini yenidən hamının dilinə, könlünə saldı. Düşərli olsun!

Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə xalqımızı təbrik edən Prezident İlham Əliyev öz duyğularını bu sözlərlə ifadə etdi: “Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “­Qobustan Qaya Sənəti Mədəni Landşaftı” ­UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi ­UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha ­etirafıdır.

Əziz həmvətənlər! Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur”.

Azərbaycan 3 iyun 1992-ci ildə UNESKO-ya üzv qəbul edilib. Öncəki illərdə görülmüş işləri gözardı etmədən, Azərbaycan mədəniyyətinin təbliği, irsimizin qorunması sahəsində əməyi keçən hər kəsə könül dolusu təşəkkür edərkən, onu da etiraf edək ki, UNESKO–Azərbaycan əlaqələrində ən parlaq səhifələr Birinci vitse-­prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində açılıb, çiçəkləyib. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir.

Artıq mötəbər şəxslərin, ­UNESKO başçılarının da etiraf etdiyi kimi, Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir. Bəs UNESKO-nun bu yeni qərarı bizə nə verəcək?

bu, ilk növbədə, Azərbaycan mədəniyyətinin təntənəsidir;

– mədəni irsi davamlı olaraq, şəbəkələşmiş düşmən təbliğat maşını ilə üz-üzə qalan bir ölkə olma etibarı ilə, bu, respublikamızın növbəti diplomatik uğurudur;

– UNESKO – Azərbaycan əməkdaşlığının dərin məzmununu, yüksək səviyyəsini və perspektivini ifadə edir;

– respublikamıza, özəlliklə, Şəkiyə turist axınına təkan verəcək;

– Şəkidə milli sənətkarlığı inkişaf etdirəcək;

– xalqımızın öz dəyərlərinə, milli irsə qayğısını artıracaq;

– Azərbaycan mədəni irsi barədə yeni araşdırmalar, elmi-tədqiqat işi stimullaşacaq;

– gənclərdə milli mədəniyyətə maraq artacaq;

– Azərbaycan diplomatlarının təbliğat imkanları genişlənəcək və s.

Şəkidən öncə UNESKO-da Azərbaycanla bağlı qəbul edilmiş qərarları yada salsaq, Şəki haqqında Bakı qərarının sonuncu olmayacağını deyə bilərik.

Bayrağın uca olsun, əziz dövlətim! Şuşanın karvansarayları, Cıdır Düzü, Xan bağı və s. ilə birgə dünya mədəni irs siyahısına salınacağı günə inamehtiramla.

 

Əkbər QOŞALI,

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

 

Xalq qəzeti.- 2019.-10 iyul.- S.5.