“Gövhəri-laməkan mənəm” antologiyası fin dilində

 

Müsahibimiz yazıçı, tərcüməçi, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya Respublikası Tampere Şəhər Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan – Finlandiya” Dostluq Cəmiyyətinin fəxri üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Tahirə Cəfərovadır

– Tahirə xanım, Azərbaycan oxucuları sizi Vətəndən uzaqlarda yaşayan bir yazıçı, Finlandiya ədəbiyyatının məşhur tərcüməçisi kimi tanıyırlar. Uzun illərdir fin dilindən Azərbaycan və rus dillərinə təkcə nəsr deyil, həm də nəzm əsərlərini tərcümə edirsiniz. Helsinkidə yaşasanız da, həyatınız boyu Azərbaycan ədəbiyyatına və poeziyasına müraciət edirsiniz. Sizi Vətənə tez-tez çəkib gətirən hansı hisslərdir? İstərdik ki, bu barədə danışasınız...

– Xoşbəxtəm ki, Bakıda tanınmış bir ziyalı ailəsində anadan olmuşam, böyümüşəm, orta və ali təhsil almışam. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra, Moskvada – MDU-nun məqsədli aspiranturasında təhsilimi davam etdirdim. Sonra Moskvada A.M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldım. Ədəbiyyat və incəsənət sahəsinə qayıdandan sonra mən öz düşüncə tərzimi yenidən qurdum, dünyagörüşümü dəyişdim, həyatımı dil və ədəbiyyata həsr etdim. Ədəbi yaradıcılıq yoluna qədəm qoydum. Tale belə gətirdi ki, mən Finlandiyada yaşamalı oldum. Fin dilindən tərcümələrə başladım, doğma Azərbaycanla daim əlaqə saxlayır, vaxtaşırı Bakıda olur, Vətəndə yaşananlarla maraqlanırdım. Azərbaycan ədəbiyyatında baş verən yenilikləri izləyirdim.

İndi də bu hisslərlə Bakıya gəlmişəm. Eyni zamanda, əsas missiyamı yerinə yetirirəm. Məqsədim budur ki, insanlar və ölkələr bir araya gəlsinlər, taleyimə yazılmış iki ölkə – Azərbaycan və Finlandiya daha da yaxınlaşsın, xalqlar bir-birilə maraqlansın, bir-birini başa düşsün.

Tərcümələrimə keçən əsrin 80-ci illərindən başlamışam. İllər keçdikcə təkcə fin dilindən rus dilinə deyil, həm də Azərbaycan dilinə tərcümələr etdim. Artıq dörd antologiyanı tərcümə etmişəm.“Fin poeziyası antologiyası”nı Azərbaycan dilinə tərcümə etmişəm. “Fin yumoru antologiyası”, “Fin novellaları antologiyası”, “Pyeslər” və 2015-ci ildə Finlandiyada mənim təşəbbüsüm və redaktorluğum ilə “Gövhəri – laməkan mənəm” adlı Azərbaycan poeziyası antologiyası çapdan buraxılmışdır. Azərbaycan poeziyası ilk dəfə olaraq Finlandiyada təqdim edilmişdir. Həmin antologiyada 27 Azərbaycan şairinin şeirlərini ana dilimizdən fin dilinə tərcümə eləmişəm. Antologiya Nizamidən, Nəsimidən, Füzulidən başlayaraq bu günədək seçilmiş Azərbaycan poeziyasını əhatə edir. Bu əsərlər finlərin elə xoşuna gəlib ki, onlar xalqımızın poeziyasına radio və televiziya verilişləri həsr ediblər.

– Builki tərcümələ­rinizdən biri də “Azərbaycan qadın poeziyasının antolo­giyası”dır. Xahiş edirəm, bizə bu barədə məlumat verəsiniz.

– Keçən il Bakıda olanda məndə belə bir fikir oyandı: Finlandiyaya Azərbaycanın qadın poeziyası antologiyasını təqdim etmək. Araşdırmalar zamanı gördüm ki, inidiyədək Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanın şeirlərindən başqa, digər azərbaycanlı qadın şairləri hətta rus dilinə də tərcümə olunmayıb. Ona görə də, ilk növbədə, daha az tanınmış şairlərin şeirlərini rus dilinə, sonra isə fin dilinə çevirməyə qərar verdim.

Yeni antologiya böyük Azərbaycan şairi, məşhur rübai ustası Məhsəti Gəncəvinin şeirləri ilə açılır. Bir neçə əsrin şairlərinin şeirləri xronoloji ardıcıllıq üzrə verilir. Sonra sovet dövrünün şairləri – Nigar Rəfibəylinin və Mirvarid Dilbazinin lirikası təqdim edilir. Daha sonra Mədinə Gülgünün şeirlərinin ardınca Cənubi Azərbaycan poeziyası nümunələri təqdim olunur.

Bizim zamanın poeziyasını Sona Vəliyevanın şeirləri layiqincə təmsil edir. O, yalnız bir şair deyil, həm də yazıçı, alim, naşirdir. Əlbəttə ki, bizim daha çox layiqli adlarımız var, lakin gələcəkdə, mümkün olarsa, yenidən işləməklə antologiya genişləndirilə bilər.

Şairlərimizin şeirlərini rus dilinə tərcümə edərkən çətin ərəb sözlərindən istifadə edərkən, BDU-nun ərəb dili müəllimi, ərəb ədəbiyyatının bilicisi və tərcüməçisi, Nigar Rəfibəylinin qızı Fidan xanımdan kömək almışam. Məhsəti Gəncəvi və Leyla Əliyevanın şeirlərini təcrübəli Finlandiya tərcüməçisi və şairi Hannu Makelanın köməyi ilə fin dilinə tərcümə etdim. Digər tərcümələri də özüm etmişəm.

Antologiya Azərbaycanın rusdilli şairlərinin şeirləri ilə bağlanır. Onlar məşhur Alina Talıbova, Elizaveta Qasımova, Dinara Gərəkməzli və kitabın ən gənc şairi Leyla Əliyevadır. Onun sevgi, təbiət haqqında, rəssamlara həsr olunmuş şeirlərini əvvəlcə birlikdə tərcümə etdik. Mən şeirləri tərcümə edən məşhur fin tərcüməçisi, sənətşünas, akademik Hannu Makelaya deməmişdim ki, bunlar Azərbaycan Prezidentinin qızının şeirləridir. Leyla xanımın şeirləri ona çox xoş gəldi və məhz onun təklifi ilə bir sətir şeir kitabının başlığı oldu: “Gedim bir az ağlamağa...”. Bu sətir Hannunun, diqqətini çəkdi və bütün kitabı belə adlandırmağı təklif etdi.

– Yazıçı, tərcüməçi və tədqiqatçı kimi fəaliyyətinizlə tanış olaraq bilmək istərdik ki, indi hansı əsərlər üzərində işləyirsiniz?

–Kitablarım rus və fin dillərində nəşr olunmuşdur. Hekayələrim, esselərim və şeirlərim fin dilinə tərcümə edilib. Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik. Mən də bu sahədə çalışıram. Azərbaycan ədəbiyyatı ilə Finlandiyanı tanış etmək məsələsini qarşıya qoymuşuq.

“Literaturnı Azerbaijan” jurnalında dərc olunan “Köhnə Bakı əfsanələri və Suomiyə yol” avtobioqrafik kitabım bir ay əvvəl Moskvada nəşr olunmuşdur. Janr etibarilə bu əsər tarixi və həyati memuarlardan ibarətdir. Əsərdə ailəmiz, onun kökləri, iki nəslin taleyi, dövrün hadisələri, doğma şəhərim Bakıdan bəhs olunur. Oxucunun gözü qarşısında XIX və XX əsrin əvvəllərində köhnə Bakının mühiti, onun xüsusi atmosferi, inqilabdan sonrakı Sovet dövrü, bizim günlərə qədərki dövr, Cəfərovlar ailəsinin həyatında baş verən tarixi hadisələr canlanır.

İndi istəyirəm ki, bu kitabı fin dilinə tərcümə edim. Yaxşı olar ki, rus dilində nəşr olunan bu povest Azərbaycan dilinə də tərcümə edilsin. Fin dilindən də tərcümələr edirəm. Eyni zamanda, tariximizin parlaq günləri, ziyalılarımızın ən yaxşı nümayəndələrinin xatirələrini yazmağa davam edirəm.

– Arzumuz budur ki, Azərbaycan və Finlandiya arasında dostluq körpüsünün əsasını qoyan, Azərbaycan ədəbiyyatının Finlandiyada tanınmasına bütün həyatını həsr edən məşhur tərcüməçi, yazıçı Tahirə Cəfərovanın adı və şöhrəti kimi əsərləri də dünyaya yayılsın.

– Sağ olun.

 

Afət Sadıqoğlu

 

Xalq qəzeti.- 2019.-2 iyul.- S.10.