Azərbaycan dünyada ən mötəbər tədbirlərin təşəbbüskarı olur

 

Beynəlxalq təşkilatlarla əlaqələr hər bir ölkə, o cümlədən Azərbaycan üçün çox əhəmiyyətlidir. Müasir dövrdə dövlətlərarası əlaqələr o dərəcədə inkişaf edib ki, ölkələrin öz fəaliyyətlərini beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirmələri xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq ayrıca əhəmiyyət daşıyır. Müstəqil dövlətlərin BMT-nin ixtisaslaşmış qurumlarından biri olan UNESKO ilə əlaqələrə xüsusi önəm vermələri də bundan irəli gəlir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan – UNESKO əlaqələri tamamilə yeni dinamika aldı. Tərəflər arasında əməkdaşlıq UNESKO-nun himayə etdiyi bütün istiqamətlər üzrə sürətlə inkişaf etdi. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Həmin nüfuzlu qurumla əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolu var.

Ümumiyyətlə, ölkəmiz BMT-nin Elm, Təhsil və Mədəniyyət üzrə Təşkilatı olan UNESKO ilə əlaqələrə xüsusi önəm verir. Bu təşkilat üzv ölkələrə bir sıra sahələr üzrə yardımlardan bəhrələnmək imkanı verir. Bununla yanaşı, bu təşkilat elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsində, maddi-mədəni irsin qorunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla evsahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına evsahibliyi etmək hüququ ­qazanıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışında ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə uğurlu əlaqələrin qurulduğunu bildirdi, o cümlədən ümumdünyamilli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin prioritetini təşkil etdiyini qeyd etdi. Mehriban xanım diqqətə çatdırdı ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmləri UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin inciləri olan muğam və aşıq sənətimiz də bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Həmçinin Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi mühüm hadisədir. Tədbirin yüksək səviyyədə təşkili bir daha təsdiqlədi ki, artıq Azərbaycan dünyanın istənilən regionunda təşkil edilə biləcək tədbirlərin təşəbbüskarı ola bilir.

 

Jalə ƏLİYEVA,

Milli Məclisin mədəniyyət komitəsi sədrinin müavini

 

Xalq qəzeti.- 2019.-12 iyul.- S.2.