Mədəniyyətimizə beynəlxalq miqyasda verilən dəyərin daha bir nümunəsi  

 

UNESKO-nun Bakıda keçirilən  ­sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının bu beynəlxalq təşkilatın UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin qatıldığı belə mötəbər tədbirdə respublikamızın bu uğuru bir daha dövlətimizin yüksək səviyyədə gerçəkləşdirdiyi siyasətə dəstəyin məntiqi ifadəsidir.

Dövlətimizin başçısı İlham Əliyev bu münasibətlə xalqımıza  təbrikində bildirib ki, Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində son illər ərzində çoxsaylı layihələr həyata keçirilib. Bu, beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb.

Əlbəttə, bütün bunlar xalqımızın  ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsi ilə bərabər, həm də dövlətimizin milli-mənəvi dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması və təbliğində, həmçinin beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqda   göstərdiyi diqqətin bariz təzahürüdür.

Ümummilli lider Heydər Əliyev hakimiyyəti illərində mədəniyyətimizin, milli-mənəvi sərvətimizin qorunması istiqamətində mühüm addımlar atıb, varlığımızın, milli kimliyimizin, milli-mənəvi dəyərlərimizin bütün dünyada tanıdılmasını diqqət mərkəzində saxlayıb. Bu siyasət son dövrdə Prezident İlham Əliyev, eləcə də  Birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilib. Mehriban xanımın uğurlu fəaliyyəti nəticəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz ənənələrimiz, aşıq, misgərlik, kəlağayı və xalça sənəti ­UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Tədbirlərin bir çoxu UNESKO çərçivəsində qeyd edilib.

Bütün bunlar isə milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərinin qorunub saxlanması, dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıldığını göstərir. Böyük İpək yolu üzərində yerləşən Şəki şəhərinin tarixi hissəsinin və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması da həmin siyasətin parlaq ifadəsi, bu diyarın sakinlərinin bacarıqlarına verilmiş ən ali qiymətdir.

 

Zaur MİRZƏZADƏ,

Dünya Azərbaycanlıları” İctimai Mərkəzinin sədri

 

Xalq qəzeti.- 2019.-12 iyul.- S.2.