Planetin mühüm məsələləri Bakıda müzakirə olunur

 

Biz beynəlxalq təhlükəsizliyin təmin edilməsi, terrorizmə qarşı mübarizə məsələlərində çoxtərəfli qaydada fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirmək əzmindəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Təkcə Sovet İttifaqı deyil, bir neçə başqa ölkə də var idi ki, onlara “qapalı ölkə” deyirdilər və həmin qapalılığın, əslində, elə bir sirri, müəmması da yox idi. Sadəcə çalışırdılar ki, ölkə daxilində baş verən proseslər dünya ictimaiyyətindən gizli saxlanılsın. Dünya ictimaiyyəti isə həmin proseslərdən müxtəlif yollarla xəbər tutur və həmin “qapalı ölkələr” daim qınaq altında olurdu.

Şükürlər olsun ki, gənc müstəqil Azərbaycan dövlətinin kimdənsə gizlin saxlanılmalı heç bir problemi yoxdur. Ona görə də ölkəmiz dünya ictimaiyyətinin üzünə tam açıqdır və üstəlik, biz beynəlxalq təşkilatların və dünya turistlərinin ölkəmizə gəlməsini təşviq edirik. Bu, bizim özümüzə, yeritdiyimiz daxili xarici siyasətə olan inamın göstəricisidir. Daha müsbət və fəxr edilməli cəhət isə odur ki, beynəlxalq ictimaiyyət, xüsusən də dünya siyasətində və iqtisadiyyatında söz sahibi olan dairələr də ölkəmizin həmin prinsiplərini bəyənərək, müxtəlif tədbirləri Azərbaycan paytaxtında keçirmək təşəbbüsü ilə çıxış edirlər. Bu da dünya ictimaiyyətinin bizə olan inam və etimadının göstəricisi kimi qiymətləndirilməlidir.

Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və NATO-nun ali vəzifəli zabitlərinin müxtəlif məsələləri müzakirə etmək üçün Azərbaycan paytaxtını seçməsi, sözün həqiqi mənasında, beynəlxalq aləmdə bizə göstərilən etimadın, dövlətimizin balanslı siyasətinin, ölkəmizdəki daxili sabitliyin layiqincə qiymətləndirilməsinin göstəricisidir.

Bu gün Kremldə də çox yaxşı bilirlər ki, bizim evlə dostluq və tərəfdaşlığımız hansısa üçüncü ölkəyə qarşı yönəlməyib. Eləcə də, evdəki tərəfdaşlarımıza da gün kimi aydındır ki, bizim Kremllə münasibətlərimizin gündən-günə yaxşılaşması bilavasitə Moskva və Bakıya aid olan məsələləri əhatə edir. Yəni bizim siyasətimiz o qədər açıqdır ki, heç kəs heç bir addımımızdan nəinki narazı qalmır, hətta şübhələnməyə də əsas görmürlər. Son üç ildə, Rusiya Federasiyasının yüksək rütbəli hərbçilərinin ABŞ və ya NATO generalları ilə görüşmək üçün Bakını seçməsinin əsas səbəbi də məhz bu amillərdir. Burada xüsusilə və dərhal vurğulanmalı daha bir məqam da vardır. Belə ki, həmin müzakirələrin aparılması üçün görüş məkanını təkcə Rusiyaya ayrılıqda ABŞ hərbçiləri seçmirlər. Bu qərar qarşılıqlı razılaşma yolu ilə qəbul edilir və adıçəkilən tərəflərin hər üçü məhz Bakının seçilməsini məqsədəuyğun sayır.

Bu qəbildən olan qərarları eşidəndə ulu öndər Heydər Əliyevin vaxtilə bəyan etdiyiBiz, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunu tuturuq və bəyan edirik ki, respublikamız bütün dünya üçün açıq olacaqdır”-- deyimi yada düşür. İstənilən azərbaycanlı fəxr və qədirbilənliklə xatırlayır ki, Azərbaycana bu inam və etimadı Heydər Əliyev siyasi kursu qazandırmışdır.

Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, iyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib. Bildirilir ki, tərəflər Rusiya ilə NATO məkanının təmas xətti boyu xoşagəlməz hadisələrin qarşısını almaq və ekspertlər səviyyəsində dialoq perspektivlərini müzakirə ediblər. Eləcə də, generalların görüşündə Avropadadünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparıldığı bildirilir.

Bu xəbəri digər ölkələrdəki həmkarlarımız ali hərbçilərin növbəti görüşü kimi, sadə xəbər şəklində paylaşa bilərdilər. Bizim üçün isə bu xəbər adiya sadə informasiya deyil. Rusiyanın Müdafiə NazirliyininNATO-ya üzv olan dövlətlərin müvafiq qurumlarının da yaydığı həmin xəbərdə “Bakıda Avropadadünyada təhlükəsizlik məsələlərinə, terrorçuluq və dəniz quldurluğu ilə mübarizəyə, Əfqanıstanda, Suriyada vəziyyətə dair fikir mübadiləsi aparılıb” məlumatı yer alırsa, bu, bizim üçün fəxr edilməli xəbərdir.

Bundan başqa, xüsusilə qeyd edilməli başqa bir məsələ də vardır. Belə ki, məcburən sürükləndiyi müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycan dövlətinin Prezidenti bir gündə dünyanın ən mötəbər dairələrindən ikisinin generalı ilə görüşmüş, tərəfdaşlıq münasibətlərinin perspektivi müzakirə olunmuşdur. Bu xəbərin Ermənistanda, İrəvan rəhbərliyində hansı hissləri yaratdığının fərqindəyik.

Mətbuat xəbər verdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi -- Rusiya müdafiə nazirinin birinci müavini arasında keçirilən görüşdə iştirak etmək üçün Bakıya gələn NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bildirildi ki, görüşdə Azərbaycan ilə NATO arasında əməkdaşlıq, ölkəmizin Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasına töhfəsi məsələləri müzakirə edilib. Bəs bu xəbər işğalçı ölkədə hansı rezonansı doğurdu? O, başqa söhbətin mövzusudur.

Həmin gün yayılan digər xəbərdə isə oxuduq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Bakıda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Rusiya müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Heç bir mənbəyə, elektron resursa baxmadan da, çəkinmədən deyə bilərik ki, həmin xəbərin yayılmasından sonra onsuz da antirusiya əhval-ruhiyyəsi baş alıb gedən İrəvanda rus hərbçilərinin əleyhinə səsləndirilən çağırışlar ikiqat artıb.

Həmin görüşdə beynəlxalq səviyyədə mühüm danışıqların mütəmadi olaraq Bakıda aparılmasının əhəmiyyəti qeyd edilib və Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. İrəvan rəhbərliyi bu məlumatın xəbər yükünü əsəbiləşmədən, həyəcanlanmadan necə çəkə bilər ki?

Hələ bu, azmış kimi, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov da ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Azərbaycan generalı bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunaraq Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb. Bu arqument də İrəvana bir dərd olmamış deyil.

Bu görüşlər haqqında işlədilən “mütəmadi” ifadəsi də təsadüfi deyil. Çünki hörmətli oxucuların da yadında olduğu kimi, 2017-ci ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun görüşü də Bakıda keçirilmişdi. Həmin ilin sentyabrında isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşmüşdü. Təbii ki, bütün görüşlərdə dünyanın iki böyük gücü arasında, demək olar ki, taleyüklü hərbi problemlər müzakirə edilib. 2018-ci il dekabrın 12-də də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Sonda bir daha xatırladaq ki, NATO-nun da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü olmayan Azərbaycana göstərilən bu etimadın təməlində ölkəmizin ABŞ, AvropaRusiya ilə çox yaxşı münasibətləri dayanır. Fakt ondan ibarətdir ki, dünyanın güc mərkəzləri sülhdialoq məkanı kimi növbəti dəfə Bakını seçdilər.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 12 iyul.- S.1.