Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsi mühüm tarixi hadisədir

 

İyulun 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş “Azərbaycan tarixində Heydər Əliyev epoxası: tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsini mühüm tarixi hadisə kimi dəyərləndirib: ”O vaxtdan yarım əsr keçir. Ancaq zaman keçdikcə dünya şöhrətli siyasətçi Heydər Əliyevin dahiliyi daha qabarıq şəkildə özünü göstərir”, - deyə AMEA-nın prezidenti bildirib. Akif Əlizadə bu tarixi hadisə ilə bağlı respublikamızın müxtəlif qurumlarında, ölkə hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini, eləcə də AMEA-da Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən nəşrlərin işıq üzü gördüyünü söyləyib. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.

Akademik Akif Əlizadə diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə elmin, o cümlədən AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycanın müstəqillik dərsləri: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edib. Alim xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevi dünya miqyaslı böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbəri, müstəqil Azərbaycanın banisi kimi xarakterizə edib. Akademik bildirib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsi böyük tarixi dönüşün möhtəşəm başlanğıcı kimi tarixə yazıldı. 1969-cu ildə keçirilən məşhur avqust plenumuna toxunan akademik İsa Həbibbəyli deyib: “14 iyul Azərbaycanda böyük dönüşün möhtəşəm başlanğıcıdırsa, avqust plenumu Heydər Əliyevin dövlətçilik modeli və dövlətçilik təliminin uzunmüddətli strategiyasıdır. Heydər Əliyevin avqust plenumunda qaldırdığı məsələlər sovet Azərbaycanının proqramına çevrildi. Bu məsələlər müstəqil Azərbaycanda da dövlət müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə işıq salan qərarlardır”.

İsa Həbibbəyli qeyd edib ki, Heydər Əliyev epoxasından İlham Əliyev erası doğmuşdur. Son 16 il ərzində Azərbaycan dünya tərəfindən qəbul edilib. Bu, Heydər Əliyev epoxasının və İlham Əliyev erasının böyük təntənəsidir. Akademik, həmçinin Ulu Öndərin elm, təhsil və mədəniyyət xadimlərinə yüksək diqqət və qayğısından da bəhs edib.

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova “1969-cu ilin 6 avqust plenumu: Böyük dönüşün möhtəşəm başlanğıcı” mövzusunda məruzəsində ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən danışıb, şahidlərin bu dönəmlə bağlı söylədikləri xatirələri bölüşüb. O, Ümummilli Liderin avqust plenumundakı çıxışı zamanı korrupsiya, rüşvətxorluq və s. kimi problemlər barədə səsləndirdiyi fikirlərdən də söz açıb.

Tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Heydər Əliyev – dünya şöhrətli, görkəmli dövlət xadimi” mövzusunda məruzəsi dinlənilib. Akademik Yaqub Mahmudov avqust plenumunda Ulu Öndərin sovetlər sistemində heç kəsin cəsarət etmədiyi fikirləri gündəmə gətirməsi ilə onun siyasi xəttinin müəyyənləşdiyini, ağır sovet rejimindəki fəaliyyəti ilə gələcək Azərbaycan modelinin hazırlandığını bildirib. Vurğulayıb ki, Heydər Əliyevin hər zaman axına qarşı gedərək tarixin gedişini dəyişən şəxsiyyətlər sırasında yer alıb və bütün çətinliklərə rəğmən hazırkı Azərbaycanı yaradıb.

AMEA-nın Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev isə “Azərbaycan elmi Heydər Əliyev epoxasında” mövzusunda məruzə ilə çıxış edib. Akademik çıxışında Heydər Əliyevin 1969-cu ildə siyasi fəaliyyətə başlaması və 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra respublikada elmi sahələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Akademiyanın ikinci - 1970-1980-ci illərdəki çiçəklənmə dövrünün Ulu Öndərin adı ilə bağlı olduğunu deyən Vaqif Fərzəliyev həmin dövrdə alimlərin əməyinin qiymətləndirilməsində də Heydər Əliyevin böyük rolu olduğunu söyləyib.

 

Xalq qəzeti.- 2019.-12 iyul.- S.4.