Azərbaycanın qlobal inkişaf strategiyasının müdrik müəllifi

 

Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizin çox mühüm dönüş nöqtəsidir. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq əsrlər boyu hər bir xalqın ən ümdə arzusu, ali məqsədi olub. Bəşər tarixi bu müqəddəs amal, məqsəd uğrunda saysız-hesabsız mübarizələrin, qanlı savaşların şahidi olub. Bəllidir ki, “müstəqillik” məfhumunun əsl məğzi, mənası buya digər xalqın suverenliyi, eyni zamanda sivilizasiyanın ona məxsus milli faktorları – dili, elmi, hakimiyyət sistemi, iqtisadiyyatı, insani və təbii resursları, mədəniyyəti, dini və hərbi qüdrətinin köməyi ilə müstəqil inkişaf etmək bacarığı kimi anlaşılır.

Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalmış və zaman-zaman təbii sərvətlərinin, insan potensialının zənginliyinə baxmayaraq, iqtisadi böhran, siyasi məngənələr dönəmi yaşamışdır. Ulu öndər özü həmin dönəmi belə dəyərləndirmişdir: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.

Heydər Əliyevin 50 il öncə məhz belə bir dönəmdə siyasi hakimiyyətə gəlişi ilə SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycanı ilk yerlərə yüksəldə bildi. Azərbaycan sürətlə inkişaf etdiSovet İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi. Respubilikanın iqtisadiyyatı, elmi, mədəniyyəti inkişaf etdirildi və müstəqillik üçün lazımı əsaslar yaradıldı.

Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə gəlişi Azərbaycan dövlətçiliyi tarixində yeni eranın başlanğıcı oldu. Bu dövrdə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi sağlam dayaqlar üzərində təşəkkül tapması, yaşaya bilməsi üçün zəruri əsaslar -- iqtisadi, mədəni-mənəvi potensial yaradıldı, müasir sosial-iqtisadi modernləşmənin həlledici amili sayılan milli kadr problemi həllini tapdı, xalqımızın ən yeni tarixinin böyüklü-kiçikli bütün uğurlarının təməli qoyuldu. Heydər Əliyevin təbirincə desək, “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.

Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçiləndən sonra Azərbaycan haqqında nəinki keçmiş İttifaqda, həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı: Bura təkcə ”Neft Bakısı deyil”, öz qədim tarixi, zəngin mədəniyyəti, yüksək intellekti olan bir respublikadır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən edi. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə alt qatda ona müxalif qalaraq Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır. Bu baxımdan, Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul olunur.

Azərbaycan tarixinin “Əliyev dövrü “ adlandırılan həmin illər sovet quruluşunun inzibati-amirlik sisteminin mahiyyətindən doğan bütün məhdudiyyətləri və çatışmazlıqları ilə bərabər respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibah, oyanış proseslərinin dərinləşməsi, milli özünüdərkin kütləvi şəkildə oyanması ilə xarakterizə olunurdu.

Heydər Əliyev respublikaya rəhbər seçiləndən dərhal sonra ciddi işə başladı. 1969-cu il 5 avqust plenmunu xatırladaq. Müdrik şəxsiyyətin plenumdakı məruzəsi keçmiş SSRİ-nin tarixində gözlənilməz bir hadisəyə çevrildi. Dövrün tələbinə uyğun ütülü sözlərin, yalançı təriflərin, şişirdilmiş uğurların əksinə olaraq, Azərbaycan KP MK-nın avqust plenumundakı məruzəsində Heydər Əliyev uğurlardan daha çox respublikanın partiyasovet orqanlarındakı ciddi çatışmazlıqlardan söhbət açır. O, respublikadakı neqativ hallardan danışır, kadr siyasətindəki nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün planlardan söz açır, nöqsanları, iqtisadiyyatdakı çatışmazlıqları qeyd edir, bu halların aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələrdən söz açır.

Bu çıxış hamını vahiməyə salır, hətta respublikanın hüdudlarından kənarda da sensasiyaya çevrilir. Çünki həmin vaxtadək belə açıq tənqid eşidilməmişdi. Bu çıxışdan sonra artıq xalqda gələcəyə bir inam yarandı: respublikanın geriliyi qısa müddətdə aradan qaldırılacaq. Həqiqətən də belə oldu. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı. Söz yox ki, sərt kommunist rejimi hər kəsi qorxuya salmışdı və gələcəyə olan inamı tamamilə itirmişdi. O zamanlar Heydər Əliyev də rəhbər seçiləndə ictimaiyyət bu dəyişikliyi kommunist rejimində növbəti əhəmiyyətsiz dəyişiklik adlandırdı. Amma az sonra həmin rəy dəyişdi: “Kommunist ölkəsində görünməyən bir hadisə. Azərbaycanda Kommunist Partiyasının lideri Heydər Əliyev rüşvətxorluqla mübarizə aparır. Kommunist lideri kommunizm ideologiyasına qarşı çıxır”.

Azərbaycanda bu müddətdə yüngül sənaye (tikinti, cihazneft maşınqayırma sənayesi) inkişaf etdi. O dövrlərdə bütün yaşayış məntəqəsində – şəhələrdə, qəsəbə və kəndlərdə əhalinin mənzil-məişət şəraiti kökündən yaxşılaşdırıldı. Hazırlanan strateji proqrama əsasən, 1970-ci illərdə bütün Azərbaycan əzəmətli tikinti meydanına çevrildi. Bütün yaşayış məntəqələrinə elektrik enerjisi verildi, qaz kəməri, telefon çəkildi. Ümumiyyətlə, ölkənin hər yerində müasir infrastruktur yaradıldı, yeni xidmət sahələri açıldı. Artıq Azərbaycan Sovet imperiyası çərçivəsində öz infrastrukturuna görə digərlərini qabaqlayırdı. Amma bu, hələ son deyildi.

Heydər Əliyev Azərbaycan iqtisadiyyatını İttifaq asılılığından xilas etdi. Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu. O, Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolunu müəyyən edirdi (Bu baxımdan, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, özünəqayıdışın başlanğıcı hesab olunur). Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın hər bir yerində nəhəng layihələr, yenidənqurma işləri həyata keçirilirdi. İstər Gəncə, Əlibayramlı (Şirvan), Mingəçevir, Lənkəran, Salyan, Sumqayıtda, istərsə də ölkənin digər rayonlarında tikilən yeni zavodlar iqtisadiyyatın paytaxt asılılığından çıxmasına şərait yaradırdı.

Zaman göstərdi ki, Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan, millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir. Bir sözlə, ulu öndər Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün zamanında bir yol müəyyənləşdirdi. Heydər Əliyev hələ o zaman bu günləri görür, doğma Azərbaycanı müstəqil yaşamaq üçün hazırlayırdı.

Azərbaycan SSRİ-nin tərkibində olduğuna görə respublika rəhbərliyinə nəinki müstəqilliyə xidmət edən, hətta işarə vuran hər hansı hərəkəti etmək yasaq idi. SSRİ-nin bütün ideoloji maşını milli-mənəvi dəyərlərin unudulmasına xidmət edirdi. Heydər Əliyev bir çox məqamlarda açıq mübarizədən çəkinmirdi. Onun böyük əzmkarlığı nəticəsində 1978-ci ildə Azərbaycan SSRİ Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dili dövlət dili kimi öz hüquqi qüvvəsini tapdı. Bu, böyük qəhrəmanlıq idi.

Ulu öndərin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətini təhlil edərkən öncə, “Əliyev fenomeninin sirri nədədir?” -- sualını cavablandırmaq lazım gəlir. Onun, sözsüz, ən mühüm özəlliyi xalqın ehtiyaclarını anlayan və insanların layiqli həyat yaşaması üçün məsuliyyəti üzərinə götürmüş həqiqi dövlət adamı olmasıdır. Azərbaycan xalqının ən böyük şansı Heydər Əliyevin siyasi üfüqdə tam zamanında parlaması idi. Ölkəmiz həyatının yeni mərhələsinə qədəm qoymaq ərəfəsindəydi. 1993-cü ilin iyununda xalqın tələbi ilə ölkədə hakimiyyət vakuumu aradan götürülüb, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın müasir durumunu təsəvvür etmək doğrudan da çətindi. Baş qaldırmış separatçı qüvvələr, məhz onun sayəsində Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazandı. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Heydər Əliyev ölkədə köklü islahatlara start verdi. O, dəqiq dərk edirdi ki, bəşəriyyət tarixinin yeni mərhələsinə uyğunlaşmaq üçün ölkənin tamamilə dəyişməsi zəruridir.

Öz mənəvi inkişafı və digər insani keyfiyyətləri sayəsində ulu öndər zamanın fövqündə dayanır və baş verəcəkləri öncədən hesablaya bilirdi. Əslində, ulu öndərin siyasi liderlik modeli Azərbaycanın sərhədlərini aşaraq müasir qlobal lider tipinin formalaşmasına yol açıb. Heydər Əliyev hələ illər öncə bu gün XXI əsrin prioriteti kimi müəyyənləşdirilən “Davamlı İnkişaf Məqsədləri”ndə yer alan hədəfləri coğrafi baxımdan kiçik Azərbaycan miqyasında gündəmə gətirmişdi. Belə qlobal düşüncə tərzi ulu öndərin intellektual gücüliderlik potensialının ən bariz təzahürüdür. Və bunun sayəsində Heydər Əliyev böyük beynəlxalq nüfuza və reytinqə malik idi. O, siyasi filosof əqli və intellektual novator cəsarətini özündə birləşdirən müasir qlobal lider idi.

Bəlli olduğu kimi, çağdaş dünyada vasitə qıtlığı yoxdur. Əksinə, maddi resursların həddən artıq olması fonunda biz ara-sıra daha çox xroniki məqsəd və strateji düşüncə qıtlığı ilə üzləşirik. Bu boşluğu zamanında öz yenilikçi ideyaları ilə Heydər Əliyev doldurmuşdu. Ulu öndər XXI əsrin həqiqi lideri kimi, fərqlənməyə müvəffəq oldu. Öncə uzaqgörən strateq kimi siyasi proseslərin axarında hərəkət etməyib, onları yönləndirir və gələcəyi idarə edirdi. Bunun sayəsində Azərbaycan postsovet məkanında strateji planlaşdırma modelini sınayan ilk dövlət oldu və uzunmüddətli prioritetərini düzgün müəyyənləşdirirək bütün dünyanın diqqətini özündə cəmləyə bildi. Heydər Əliyev bacarıqlı idarəçi kimi təkcə gələcəyi görməklə kifayətlənməyib, prioritet məqsədlərə çatmaq üçün əməli tədbirlər gerçəkləşdirirdi. O, fövqəladə bacarıqları sayəsində spontan siyasi prosesləri konstruktiv dəyişikliklər məcrasına yönəldə bilirdi. Təsadüfi deyil ki, onun adı siyasi brendə, qəbul etdiyi strateji qərarların keyfiyyət nişanına çevrilib. Üçüncüsü, o, heç şübhəsiz cəsarətli novator idi. Onun təşəbbüslərinin diapazonu olduqca genişdir və Heydər Əliyev yeni qlobal imkanları aşkarlayıb onlardan faydalanmaqla modernləşmənin öncülü rolunda çıxış edirdi. Onun ideyalarının bir çoxu zamanını qabaqlayıb.

Heydər Əliyev Azərbaycandan kənarda da çoxları üçün etimadın qarantı idi. O, Qərblə də, Şərqlə də eyni məcrada dialoq qururdu və “dürüst siyasi dühaimici qazana bilmişdi. Müdrik dövlət adamı kimi Heydər Əliyev təhsilli nəsli ölkənin gələcəyi hesab edirdi. O, öz komandasına güclü, enerjili idarəçiləri cəlb etməkdən çəkinmirdi. Onun ən böyük uğuru, dövlət başçısı kimi uzaqgörənliyi özünə layiqli davamçı, Azərbaycana yeni təfəkkürə malik həqiqi lider və gələcəyi proqnozlaşdıran, yönləndirən əsl rəhbər yetişdirə bilməsindədir. Xarizmatik şəxsiyyət olan Heydər Əliyev, həmçinin nadir inandırma qabiliyyətnə malik idi. 90-cı illərdə yüksək qeyri-müəyyənlik və siyasi risk şəraitində Azərbaycan lideri gələcəyin aşkar obrazını yaradabu gələcəyin konturlarını cıza bilmişdi. O, qlobal dünya ilə ayaqlaşmaq zərurətini yaxşı dərk edirdi, ancaq Azərbaycanın dünyaya bərabərhüquqlu üzv kimi inteqrasiyasına üstünlük verirdi. Heydər Əliyevin liderlik modeli Azərbaycana uğurlu dövlət statusu qazanmaq və beynəlxalq siyasətin bərabərhüquqlu aktoru olmaq şansı qazandırdı.

Heydər Əliyevin yuxarıda sadalanan üstün keyfiyytləri sayəsində respubilikamızda bu gün insanların rifah halı yaxşılaşıb, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxtda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır. Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Heç şübhəsiz, bu nailiyyətlərin altında müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin imzası durur. Eyni zamanda, hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt – tarixi şans, milli iradə və liderə malik olması vacibdir. Bu baxımdan müstəqil Azərbaycanın ideya müəllifinin, liderinin dünya siyasi fikir tarixində öz dəsti-xətti ilə seçilən ümummilli lider Heydər Əliyev olması və onun zamanında, tələb olunan şəraitdə siyasi arenada parlaması konkret Azərbaycan gerçəkliyindən çıxış edən milli müstəqillik konsepsiyasının həmişəyaşarlığı və həyatiliyinin qarantı oldu.

“Mənim xalqım – Azərbaycan xalqı indi azaddır. İndi müstəqil Azərbaycan var, heç kəsdən asılı olmayan, müstəqil yaşayan dövlət vardır. Xalqımız bu müstəqillik yolunda daha böyük nailiyyətlər əldə edəcəkdir. Çünki azad xalq həmişə öz imkanlarından istifadə edə bilər. Bütün çətinliklərin hamısı keçib gedəcəkdir, Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənəcəkdir, Azərbaycanın böyük iqtisadi gələcəyi göz qabağındadır. Azərbaycanda demokratiya qələbə çalacaqdır, Azərbaycan demokratik, hüquqi dövlət kimi dünya birliyində həmişə yaşayacaqdır” – deyən Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və siyasi uzaqgörənliyi müstəqillik yoluna qədəm qoymuş ölkəmizin mövqelərini möhkəmləndirdi.

Məhz Heydər Əliyevin təşəbbüsü və əzmi sayəsində Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi. Bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi bazanın yaradılması yolunda böyük aparıldı. Torpaqaqrar islahatlar haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, inhisarçılığın aradan qaldırılması və rəqabətin inkişafını, əhalinin sosial müdafiəsini təmin edən mühüm qanunvericilik aktları qəbul edildi. İqtisadi islahatların dərinləşməsində həlledici rol oynayan özəlləşdirmə prosesi sürətləndirildi. Bu sahədə görülmüş ardıcıl sayəsində kiçik özəlləşdirmə başa çatdırıldı, ölkədə ticarət, ictimai iaşə və bütün xidmət obyektləri, demək olar ki, artıq sahibkarların əlində cəmləşdi. Ortairi sənaye müəssisələrinin özəlləşdirilməsi başlandı.

Yuxarıda sadalananlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin yalnız bir qismidirbütün bunlar Azərbaycanın XXI əsrdəki inkişafının əsas istiqamətlərini müəyyən edir. İftixarla qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev XX əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyillərini də uzaqgörənliklə göstərmişdir. Onun “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, ondan sonrakı başqa çıxış və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI yüzilliyin siyasisosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır. Heydər Əliyev həmin müraciətində deyirdi: Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaqbu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.

XXI əsrdə də Azərbaycanın inkişaf kursu Heydər Əliyevin Azərbaycanı dünyada tanıdan, onu daha aydın sabahlara aparan, Vətənə, xalqa xidmət kursunun davamıdır. Azərbaycanı gələcəyə aparan, müasir tarixin liderləri sırasına çıxaran inkişaf konsepsiyasında müasir dövrümüzün əsas çağırışlarından biri məhz insan inkişafı istiqamətindədir: artıq ölkədə “bilik iqtisadiyyatına” keçidin əsası qoyulub, bunun üçün həlledici olan insan potensialının adekvat inkişafı zamanında ön plana çəkilib.

İnnovasiyaların səmərəliliyi ölkələrin tarixi inkişafı gedişində sübuta yetirilib. Son yüzilliklərdə, xüsusilə, Avropa dövlətləri dinamik inkişaf sərgiləyiblər. Sonradan onlara bir neçə başqa ölkə, ilk növbədə ABŞ birləşib. Burada innovasiyalar texnologiya və idarəetmədə dəyişiklik, resursların istifadəsinin yeni istiqaməti kimi nəzərdən keçirilib. İnnovativ siyasətin formlaşdırılması və reallaşdırılması ölkənin intellektualelmi-texniki potensialının qısa zaman kəsiyində və böyük səmərəliliklə istehsalata tətbiqinə imkan verən sistemin qurulmasına əsaslanır.

Bəlli olduğu kimi, innovativ cəmiyyətin qurulması kreativ düşünə bilən, yüksək intellektual səviyyəyə malik, problemlərin həllinə köklənmiş və generasiya etməyə hazır mütəxəssislərin formalaşdırılmasını zəruri edir. Bu gün dünyanı heyran qoyan inkişafın Azərbaycan modelinin baş tutmasının kökündə zamanında müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin bu zərurəti düzgün dəyərləndirməsi durur.

Bunun nəticəsidir ki, hazırda Azərbaycanda dövlət idarəçiliyi cəmiyyət qarşısında duran dövlət vəzifələrini yüksək səviyyədə yerinə yetirir. Lakin dövlət idarəçiliyinin kadr potensialının inkişafı istiqamətində təkmilləşdirilməsinə ehtiyac da getdikcə artır. Çünki bu dövlətin gələcək uğurinkişaf perspektivləri, qazanılmış nailiyyətlərin davamlı olması ilk növbədə onu yönləndirəcək yeni idarəetmə paradiqmasına, müasir sosial reallıqlara cavab verən kadrların yetişdirilməsinə bağlıdır. Həmin kadrlar həyatda və idarəetmədə köklü dəyişikliklərə hazır olmalı, bir çox hallarda dəyişiklikləri qabaqlamalı, bir növ “dəyişikliklərin bələdçisi” rolunda çıxış etməlidirlər. Bu işin həlli istiqamətində ulu öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin 22 sentyabr 2017-ci il tarixli fərmanına əsasən, dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili həyata keçirən aparıcı tədris, metodik, elmanalitik informasiya mərkəzi olan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında da mühüm vəzifələr durur.

 Dövlət qulluqçularının təhsili prosesinin yüksək səviyyədə təşkili üçün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə akademiyanın nəzdində Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi fəaliyyətə başlayıb. Bu məktəb akademiyada ümummilli lider Heydər Əliyevin zəngin irsinin, dövlətçilik təcrübəsinin dərindən öyrənilməsinə, bu təcrübədən idarəetmə kadrlarının hazırlanmasında istifadə edilməsinə, regional kadrların işlərindən ayrılmadan distant hazırlığının həyata keçirilməsinə, onlayn ölkələr və regionlararası tədbirlərin keçirilməsinə imkan yaradır. Başlıca məqsəd ölkənin insan resurslarının, ilk növbədə idarəetmə kadrlarının rəqabətqabiliyyətliliyinin yüksəldilməsidir. Burada söhbət təkcə kadrların kəmiyyəti və dəyərindən getmir, həmçinin onların ölkədə unikal, səmərəli idarəçilik texnologiyaların tətbiqi şəraitində çalışmaq bacarığını əxz etməsinə də xüsusi əhəmiyyət verilir. Yəni, insan resurslarının tərkibində mühüm yer tutan insan kapitalının inkişaf səviyyəsinin dövrün tələblərinə cavab verməsi üçün tədbirlər görülməkdədir.

Bu arada bir fakta nəzər salmaq yerinə düşür: hazırda G 7 ölkələri və Azərbaycanda əhalinin orta yaş göstəricilərinin müqayisəli təhlili ölkəmizdə insan potensialının inkişafı baxımından bizə üstün tarixi imkanlar qazandırır. Məsələ burasındadır ki, Azərbaycanda bu göstərici Almaniya, Böyük Britaniya, YaponiyaFransa kimi dünyanın demoqrafik baxımdan “qocalmaqdaolan aparıcı dövlətlərinin göstəricisindən üstündür. Göründüyü kimi, Azərbaycanın “innovativ sıçrayışı” üçün zəmin hazırlayacaq gənc insan potensialı var. Onların formalaşması, həm də həyatdan dərs almaları üçün ulu öndər Heydər Əliyevin timsalında həqiqi lider və əsl rəhbər örnəyi də var. Azərbaycanın sabahı naminə bu şansın dəyərləndirilməsi ölkənin ən yeni tarixinin, bu şanlı tarixi yazanların daha parlaq qələbələrinə yol açacaq.

 

Ziyafət HƏBİBOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri,

siyasi elmlər doktoru, professor

 

Yusif AĞAYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Xalq qəzeti.- 2019.-13 iyul.- S.2.