Azərbaycanın müstəqil enerji sisteminin formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Ümummilli lider Heydər Əliyev müdrik fəaliyyəti ilə dövlətimizin iqtisadi potensialının artmasına, çoxşaxəli inkişafına uğurlu yol açmışdır. Azərbaycan elektrik enerjisi sisteminin sürətli inkişaf dövrü də məhz ulu öndərin respublikaya rəhbər seçildiyi ildən başlanmış və Azərbaycanda müstəqil enerji sistemi formalaşmış, dövlətimizin enerji təhlükəsizliyi təmin olunmuşdur. Məhz dahi şəxsiyyətin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 3500 meqavata yaxın generasiya gücü işə salınmışdır.

Xatırladım ki, belə bir mühüm göstəricini əldə etmək məqsədilə 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bir sıra irimiqyaslı layihələr reallaşdırılmışdır. Ümummilli liderimiz Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyət göstərmişdir.

Naxçıvan Muxtar Respublikasının ­elektrik enerjisi təchizatının müəyyən qisminin daxili imkanlar hesabına ödənilməsinin təmin edilməsi məqsədilə 1971-ci ildə Araz çayı üzərində gücü 22 MVt olanArazsu elektrik stansiyası inşa edilmişdir.

İnkişafda olan Sumqayıt sənaye rayonunun artan istilikelekrtik tələbatını ödəmək üçün 2 saylı Sumqayıt İstilik Enerji Mərkəzinin gücünün artırılması planlaşdırılmış və 1972-ci ildə sonuncu-dördüncü turbin generatoru işə salınmışdır. Beləliklə, stansiyanın gücü 220 MVt-ya çatdırılmışdır. Bu isə sənaye rayonunun elektrik təchizatının yaxşılaşdırılmasına əlverişli imkan yaratmışdır.

Qarabağ bölgəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldar torpaqların suvarılması üçün su anbarının yaradılması, bölgənin elektrik enerji təchizatınin yaxşılaşdırılması, enerjinin ötürülməsində itkilərin azaldılması məqsədilə Tərtər çayı üzərində 1976-1977-ci illərdə Sərsəng su anbarı və gücü 50 MVt olan eyniadlı su elektrik stansiyası istifadəyə verilmişdir. Yeri gəlmişkən, xatırladım ki, hazırda bu obyekt Ermənistanın işğalı altında olan ərazidədir.

Ötən əsrin 70-ci illərinin sonunda respublikanın ümumi gücü 2882 MVt olan elektrik stansiyaları 15,4 milyard kVt-saat elektrik enerjisi istehsal edirdi. Bununla belə, sürətli inkişafda olan iqtisadiyyatın durmadan artan tələbatı Azərbaycanı qonşu respublikalardan 2,9-3,5 milyard kVt-saat elektrik enerjisi idxal etmək məcburiyyətində qoyurdu. Bu çatışmazlığı aradan qaldırmaq üçün tez bir zamanda Şəmkir SES-inindiki Azərbaycan İES-in inşasına başlamaq qərara alındı.

Lakin bu stansiyaların tikintisinə başlamaq o qədər də asan məsələ deyildi. Buna görə də ulu öndərin rəhbərliyi və göstərişləri ilə keçmiş ittifaqın rəhbərliyi, müvafiq nazirliklərlə dəfələrlə görüşlər keçirildi, danışıqlar aparıldı.

1980-ci illərdə gücü 380 MVt olan Şəmkir SES və elə bu gün də Cənubi Qafqazın ən böyük istilik-elektrik stansiyası sayılan, gücü 2400 MVt olan 8 enerji blokundan ibarət Azərbaycan İES istismara buraxıldı.

“Səmkir” SES-in istismara verilməsi Gəncə-Qazax zonasında 80 min hektara yaxın əkin sahəsinin suvarılmasına, Gəncə şəhərinin içməli, onun sənayesini isə texniki su ilə təchiz etməyə və həmin bölgənin elektrik enerji təchizatının yaxşılaşdırılmasına imkan yaratdı.

“Azərbaycan” İES-in istismara verilməsi isə respublikanın enerji təhlükəsizliyini həmin dövrdə tamamilə həll etdienerji şəbəkəsinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Stansiyanın birinci enerji bloku 1981-ci ilin sonunda işə salındı və bu mühüm hadisə Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin başlanğıcı oldu.

Birinci enerji blokunun işə salınması ərəfəsində - 1981-ci il oktyabrın 20-də ulu öndərin Mingəçevir şəhərinə gəlişi, stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə və inşaatçılara öz dəyərli tövsiyələrini verməsi unudulmaz tarixi hadisə idi. Bu tarixi hadisə ilə əlaqədar olaraq 20 oktyabr hazırda Azərbaycan energetiklərinin peşə bayramı günü kimi qeyd olunur.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə yaradılmış potensial hesabına artıq 1980-ci illərdən etibarən Azərbaycan nəinki özünü elektrik enerjisi ilə tam təmin edə bilirdi, üstəlik, yerli hasilatın bir qismini qonşu respublikalara verirdi. Bu illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, respublikamızdakı hər bir evə elektrik xətti çəkilmişdi. 1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edən respublika idisə, 1982-ci ildə artıq elektrik enerjisi ixracatçısına çevrilmişdi.

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. 1968-71-ci illərdə 330-kV-lik Əli Bayramlı DRES-Ağdam-Gəncə-Ağstafa və Əli Bayramlı DRES-Yaşma-Dərbənd yüksək gərginlikli xətləri, 33011020 kV-likYaşma”, “Gəncə” və “Ağstafaqovşaq yarımstansiyaları istismara verilmişdir. Bu tədbirlər enerji sisteminin dayanıqlığını təmin etmiş və müxtəlif enerji sistemləri arasında əlaqəni gücləndirmişdir.

Ötən əsrin 60-cı illərində 220 kV-lik iki Əli Bayramlı-Xırdalan xətti çəkilmişdir. Bu xəttin istismara verilməsi enerjinin qıt olduğu Abşeron yarımadasına Əli Bayramlı DRES-dən elektrik enerjisi ötürülməsini təmin etmişdir.

Bu dövrdə, həmçinin 500 kV-lik 1-ci Abşeron EVX, 2-ci Abşeron EVX, Muxrani-Vəli EVX, 4-cü və 5-ci Mingəçevir EVX-lər çəkildi. 80-ci illərdə, eyni zamanda, “Abşeron”, “İmişli”, “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları, 330 kV-lik 3-cü Əli Bayramlı EVX-lər istismara verilmişdir.

Ulu öndər SSRİ Nazirlər Sovetində işlədiyi dövrdə də respublika iqtisadiyyatının, o cümlədən elektrik enerji sisteminin inkişafını daima diqqətdə saxlamış və lazımi kömək göstərmişdir.

Sonralar həmin şərəfli günləri xatırlayan müdrik rəhbər demişdir: “Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda, düşünürdük ki, hər respublikanın özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də, o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq”.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Ulu öndər ölkəyə birinci rəhbərliyi dövründə yuxarıda sadaladığım geniş miqyaslı tədbirlər sayəsində respublikamızın enerji təhlükəsizliyi məsələsini reallaşdırmış, bununla da Azərbaycanı müstəqilliyin ilk illərində kənar dövlətlərin enerji təhdidlərindən qorumuşdur.

Fikrimin təsdiqi üçün deyə bilərəm ki, 1990-cı ilin sonlarında elektrik enerjisi istehsalı 23,4 milyard kilovat-saata çatdırılmışdır. İstehlak isə 21,7 milyard kilovat-saata yaxın olmuşdur. Həmin dövrdə 1,7 milyard kilovat-saat elektrik enerjisi ixrac edilmişdir. Adambaşına düşən elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.

Keçmiş SSRİ-nin süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi- iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyük problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra respublikanın enerji sisteminə yenə də xüsusi diqqət və həssaslıq göstərdi. Həmin ərəfədə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ­elektrik energetika sistemində də böyük böhran vəziyyəti yaranmış və sistemin ahəngdar işi pozulmuşdu. Ümummilli lider enerji sistemini böhrandan çıxarmaq, onun maddi-texniki bazasını yeniləşdirmək və möhkəmləndirmək üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi. Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilmiş strateji xətt elektrik energetika sisteminə də xarici investisiyalar yönəldilməsinə imkan yaratdı və bundan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında, habelə yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.

O dövrün statistikasına nəzər salsaq görərik ki, 1995-ci ildə respublikada 17 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da həmin dövrdəki istehlakın 97 faizdən artıq hissəsini təşkil etmişdir. Qalan hissə isə enerji idxalı hesabına ödənilmişdir.

Ümummilli liderin diqqət və qayğısı sayəsində enerji sisteminin gücləndirilməsi, daha da inkişafı, respublikanın ayrı-ayrı regionlarında yeni elektrik stansiyalarının, ötürücü xətlərin istifadəyə verilməsi üzrə layihələrin icrası prosesi başlandı. Dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə qurulan səmərəli əməkdaşlıq, ulu öndərin müəyyənləşdirmiş olduğu strateji inkişaf kursu ölkəmizin elektroenergetika sektoruna xarici sərmayələrin cəlbinə geniş imkanlar yaratmaqla bərabər, əldə edilən bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının daha da gücləndirilməsinə, elektronergetika təsərrüfatının yenidən qurulmasına münbit şərait yaratdı.

Tikintisi hələ 1984-cü ildən yarımçıq qalmış Şəmkir SES-in davamı olan Yenikənd su hövzəsinin və su elektrik stansiyasının 2001-ci il martın 19-da rəsmi açılış mərasimi olmuşdur. Bundan başqa Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin iqtisadi siyasət xəttinə böyük inam bəsləyən Avropa Yenidənqurma və İnkişaf Bankı Mingəçevir SES-də də yenidənqurma işlərinin başa çatdırılması üçün lazımi vəsaiti ayırmağa razılıq vermiş, bankdan alınan 23,4 milyon ABŞ dolları məbləğində kredit stansiyada yenidənqurma işlərinin davam etdirilməsinə imkan yaratmışdır.

Onu da qeyd edim ki, “Əsrin müqaviləsi”, Xəzərin zəngin neftqaz ehtiyatlarından istifadə edilməsi üzrə digər müqavilələrdə nəzərdə tutulan tədbirlərin icrası, həmçinin əsas istehsal obyektlərinin Abşeron yarımadasında yerləşməsi burada yeni generasiya güclərinin işə salınması zərurətini yaratdı. Bu məqsədlə Almaniyanın “Bayerişe Landesbank Girosentrale” Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə “Şimal” ES-də 400 MVt-lıq buxar qaz qurğusu istismara verildi.

Yeni generasiya güclərinin işə salınması ilə yanaşı, sistemtəşkiledici elektrik şəbəkəsinin yenidənqurulması məqsədilə Almaniyanın KFW Bankından kreditin ayrılmasına nail olundu.

Ümumiyyətlə, ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət hesabına yazının əvvəlində xatırlatdığım kimi, 3500 MVt-a yaxın generasiya gücü işə salınmışdır. Elektrik enerjisi istehsalı isə təxminən 12 milyard kilovat-saatdan 22 milyard kilovat-saatadək, yəni 1,8 dəfədən çox artmışdır. İqtisadiyyatın sürətli inkişafı, əhalinin həyat tərzinin yaxşılaşması sayəsində istehlak 11,3 milyard kilovat-saatdan 23 milyard kilovat-saata kimi, yəni 2 dəfədən çox artmışdır. Bununla yanaşı Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunmuşdur. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan amillərdən birinə çevrilmişdir.

Azərbaycanın enerji potensialının möhkəmləndirilməsində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin elektrik energetikası sahəsində həyata keçirdiyi möhtəşəm quruculuq işləri bu gün yeni bir vüsətlə davam etdirilir. Dahi öndərin möhkəm zəmin üzərində qurduğu müasir Azərbaycan dövləti ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin reallaşdırdığı strateji xətt sayəsində beynəlxalq aləmdə öz nüfuzunu getdikcə gücləndirir.

 

Tanrıverdi MUSTAFAYEV,

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri

 

Xalq qəzeti.- 2019.-14 iyul.- S.8