Ümummilli liderin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağdamda konsert

 

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağdam rayonunun Quzanlı qəsəbəsində konsert keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzinin, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan konsertdə məcburi köçkünlər, Ağdam rayonunun sakinləri, N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bugünkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Qeyd edilib ki, məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırıldığı və təqiblərə məruz qaldığı dövrdə Qarabağda erməni separatizmi baş qaldırıb, Ermənistan ərazi iddiaları irəli sürərək hərbi təcavüzə əl atıb. Müstəqil dövlətçiliyimizin xilası və xalqımızın üzləşdiyi bəlalardan qurtulması onun yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtması sayəsində mümkün olub.

Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını tərk etmiş qaçqınlar və məcburi köçkünlərlə sahəsində sistemli dövlət siyasətinin əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulubbu siyasət müasir dövrdə daha da zənginləşdirilərək Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və məşğulluğunun artırılması üçün ardıcıl olaraq kompleks tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan insanlar üçün indiyədək bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 104 qəsəbə tikilib istifadəyə verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı işlərin sürətləndirilməsinə dair verdiyi tapşırığın icrasını şəxsən nəzarətdə saxlayır və bu sahədə işlər ardıcıllıqla davam etdirilir.

Sonra respublikamızın tanınmış incəsənət ustaları ağdamlılar qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə əsasən, xalq mahnıları, muğam və təsniflər ifa olunub.

 

AZƏRTAC

 

Xalq qəzeti.- 2019.-14 iyul.- S.11.