Həsən bəy Zərdabi və milli mətbuatımızın vətəndaşlıq mücadiləsi

 

Azərbaycan milli mətbuatı – 144

 

Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ­ikinci ­yarısından etibarən sürətli canlanmasında ictimai fikrin maarifçi-demokratik istiqamətdə zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır.

Heydər Əliyev

Ümummilli lider

 

Son illərdə xalqımızın mütəfəkkir oğlu, milli mətbuatımızın banisi, Azərbaycanda maarifçilik ideologiyasının yaradıcılarından biri olan Həsən bəy Zərdabinin zəngin elmi irsinin öyrənilməsi məsələlərinə diqqətin artması, onun böyük adının daim xatırladılması tamamilə təbiidir. Ümummilli lider Heydər Əliyev, onun siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev mənəvi mədəniyyətimiz tarixində böyük Həsən bəyin tutduğu çox möhtəşəm yeri layiqincə qiymətləndirmişlər.

Ulu öndər Heydər Əliyev böyük qədirbilənliklə bildirmişdi: “Azərbaycanda sosial-mədəni həyatın XIX əsrin ikinci yarısından etibarən sürətli canlanmasında və ictimai fikrin maarifçi-demokratik istiqamətdə zənginləşməsində Həsən bəy Zərdabinin müstəsna xidmətləri vardır”. Dövlət başçısı İlham Əliyev isə öz sələfinin verdiyi tarixi qiymətin məntiqi davamı olaraq qeyd etmişdir ki, Həsən bəyin zəngin irsinin bugünkü və gələcək nəsillərin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda formalaşmaları baxımından müstəsna əhəmiyyəti var.

Əlbəttə, mənəvi-intellektual mədəniyyətimizin xüsusi diqqət çəkən bir sahəsini də XIX əsrdə və XX əsrin əvvəllərində məhz maarifçilik təşkil edir. Maarifçilik mədəniyyəti, yaxud müəyyən konkret mənada maarifçilik fəlsəfəsi XIX əsrdə və XX əsrin əvvəllərində, bütövlükdə, Azərbaycan xalqının mənəvi-siyasi baxımdan inkişafında mühüm mərhələdir. XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, özül qoyanları məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi.

Bu baxımdan Zərdabinin böyük cəfakeşliklə nəşrinə nail olduğu ilk anadilli qəzetimiz “Əkinçi”nin ərsəyə gəlməsi yeni tipli mənəvi mədəniyyətin yradılması, milli oyanış, istiqlal məfkurəsinin formalaşması prosesində ciddi bir başlanğıc olmuşdur. Bu tarixi hadisədən ötən 144 il “Əkinçi” qəzetinin maarifçilik mədəniyyətimizin nadir incisi olduğunu dönə-dönə təsdiqləmişdir. Həsən bəy Zərdabinin amal və əməl məşəli olmuş “Əkinçi” Azərbaycan məmləkətində sivil düşüncəyə əsaslanan tərəqqi və inkişaf ideyalarının yayılması, milli mənlik şüurunun geniş kütləyə sirayətləndirilməsi yollarına gur işıq salmışdır.

Həsən bəy Zərdabinin nəzərində milli məktəb, teatr və mətbuat sacayağı üzərində bərqərar edilən geniş elm və təhsil şəbəkəsi cəmiyyətin tərəqqiyə doğru inkişafının, xalqı tarixi bəlalardan xilas etməyin yeganə vasitəsi idi. Hər halda XIX əsr çərçivəsində Həsən bəy bu ideya platformasında durmuşdu. Sonralar, konkret olaraq XX əsrin əvvəllərində Zərdabinin maarifçilik baxışlarında müəyyən dəyişiklik, daha dürüstü, irəliləyiş baş vermişdi. “Əkinçi”də özünün ilk tərənnümünü tapmış maarifçilik ideyaları XX əsrin əvvəllərində daha çox sosial həyatın yaxşılaşdırılması uğrunda qaynar fəaliyyətin və mübarizənin ideya təminatı kimi özünü nümayiş etdirmişdi.

Sözün əsl mənasında, Həsən bəy Zərdabi təkcə “sırf maarifçi” platformasında qalmayaraq başlıca bu ideyaların həyata keçirilməsi uğrunda mərd mübariz kimi də çıxış etmiş, ümummilli əhəmiyyət kəsb edən məsələləri xalqın, ilk növbədə, ziyalıların inam və təkidlə diqqətinə çatdırmışdı.

Bəs “Əkinçi” qəzetinin özündə maarifçiliyin, elm-təhsil uğrunda mübarizənin hansı konkret məsələləri önə çəkilirdi? Burada söhbət həm “Əkinçi”nin banisi, hamisi, qayğıkeşi kimi Həsən bəy Zərdabinin özündən, qəzetin dostlarından, həm də bu nəşrin əleyhdarlarından, bəlkə, bir qədər sərt deyilsə, bədxahlarından gedir.

Zərdabinin aldığı universitet təhsili, Azərbaycan əhalisi arasında onun apardığı şəxsi müşahidələr, şahidi olduğu avamlıq, nadanlıq mənzərələri, elm təhsilinə qarşı istiqamətlənmiş ətalətli, mühafizəkar, qaragüruhçu qüvvələrin mövcudluğu maarifçiliyi Həsən bəy Zərdabinin nəzərində, necə deyərlər, “döyüş silahına” çevirmişdi. Bəs bu silahı necə işə salmalı? Əslində, söhbət bundan gedirdi ki, bu işdə nədən başlanılmalıdır? Həsən bəy qəti qərara gəlmişdi ki, avam kütlələr içərisində maarifi, elmi ideyaları yaymaq üçün xalqla söhbət edib, danışmaq üçün ona tribuna, xitabət kürsüsü lazımdır. Bu kürsü isə onun nəzərində milli dildə, doğma Azərbaycan dilində qəzet nəşri idi. Haqqında bəhs edilən maarifçilik ideyalarının sonradan “Əkinçi” qəzetində reallaşdığına, yəni necə gerçək şəkildə təcəssümləşdiyinə sübutlar gətirməyə ehtiyac yaranmır, necə deyərlər, görünən dağa bələdçi lazım olmur.

Xatırlatdıq ki, Həsən bəy hər şeyin çarəsini maarifçilikdə, elmdə görürdü. Məsələn, o, belə hesab edirdi ki, biz yaşamaq uğrunda başqa millətlərlə mübarizə aparırıq və bu mübarizədə qalib gəlməyin çarəsi elmdədir. Bu barədə “Əkinçi”də oxuyuruq: “Zikr olan zindəganlıq cəngində tüfəng və xəncər işləməz, güc və rəşidlik görməz. Onun əsbabı ancaq ağıldır və ağıl bir şeydir ki, işləndikcən tərəqqi edər, yəni elm təhsil etdikcən ağıl da artar... Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizimlə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək bizelm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə keçəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub, tələf olacağız. Pəs bayatı çağırıb zəmanədən şikayət edən, sənin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil et ki, dövlət qazanıb xoşgüzəran olasan”.

“Əkinçi”də yer almış “Elmi-əbdan” və “Elmi-ədyan” mübahisəsi XIX əsrin 70-ci illərində Azərbaycanda maarifçilik mədəniyyətinin formalaşması yolunda ciddi bir addım idibu, geniş əks-sədaya səbəb olmuşdu. Söhbət, birinci növbədə o vaxt mövcud olmuş məktəblərdə tədrisin vəziyyətindən, “elmi-əbdan”a, yəni dünyəvi elmlərin tədrisinə yer verilməməsindən gedirdi. Sözsüz ki, “elmi-əbdan” və “elmi-ədyan” mübahisəsi müəyyən xurafat, nadanlıq əsiri olan qüvvələri də hərəkətə gətirmişdi, onlar “Əkinçi”yə və onun redaktoruna, həmçinin fəal müxbirlərinə qarşı təhdid və təqiblərini gücləndirmişdilər. Yeri gəlmişkən qeyd edək ki, bu mübahisə başqa müsəlman ölkələrinə də yayılmış və XX əsrin birinci onilliyində Azərbaycanda “Həyat” qəzeti səhifələrində “Bizə hansı elmlər lazımdır?” rubrikasında davam etdirilmiş, o dövrün görkəmli ziyalıları müzakirələrdə yaxından iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, o vaxtkı Azərbaycanın gənc demokratik qüvvələri, həmçinin Zaqafqaziyanın Şeyxülislamı axund Əhməd Hüseynzadə “Əkinçi”nin müdafiəsinə qalxırlar. Məsələn, axund Əhməd Hüseynzadənin qəzetə göndərdiyi xüsusi məktubdan bir parçanı diqqətinizə çatdırırıq: “Ali-şanlı Həsən bəy! Cənab Heydərinin cavabında icmalən yazarsan ki, bizim peyğəmbərimizin buyurduqları əlelmül-elman, elmül-əbdan, elmül-ədyan qövlündə vaqe olan elmi-əbdan külliülumi-dünyəvidən ibarətdir... Əvvəlinci ehtiyac cismanikinci ehtiyac ruhanidir”.

Zərdabinin dünyəvi elmlərin öyrənilməsi və o vaxt mövcud olan məktəblərdə bu elmlərə biganə münasibət bəslənilməsi barədə təkidli və israrlı fikirləri Azərbaycanın demokratik əhval-ruhiyyəli ziyalıları, “Əkinçi”nin fəal müxbirləri, o cümlədən vaxtilə Bakı Real gimnaziyasında Zərdabinin şagirdi olmuş, daha doğrusu, onun maarifçilik ideyalarının sağlam ruhlu carçıları olmuş Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani səmimiyyətlə müdafiə etmiş, qəzetin səhifələrində bu elmi mübahisəyə qoşulmuşdular

Zərdabi elmin, maarifin yayılması zərurətini əsaslandırmaq üçün “Əkinçi”də də müxtəlif üsullardan, yazı janrlarından istifadə edirdi. İstəyi də bu idi ki, onun səsi müsəlman dünyasının hər bir guşəsinə çatsın.

Cəmiyyətin mürtəce və hakim dairələrinin nəinki qəzetin çapına, yaşamasına kömək etməməsi, hətta onun nəşrinin dayandırılmasına çalışması səbəbindən “Əkinçi” ikillik bir dövrdə 56 nömrəlik fəaliyyətdən sonra qapandı. Lakin Həsən bəy Zərdabi Tiflisdə, Bakıda çıxan rusdilli qəzetlərdə öz maarifçilik fəaliyyətini daha inadla davam etdirdi. Təəssüf ki, həcmcə “Əkinçi” qəzetindəkindən xeyli çox olan bu materiallar bir əsrdən də artıq müddətdə zərdabisevərlərə ana dilimizdə çatdırılmamışdı. Bu baxımdan Həsən bəy Zərdabinin ötən əsrin 60-cı illərində Bakıda rus dilində çap olunmuşSeçilmiş məqalələri və məktubları” kitabında toplanmış həmin yazıların, nəhayət, son dövrdə Azərbaycan dilinə tərcümə edilib, fundamental bir kitab şəklində oxuculara təqdim edilməsi zərdabişünaslığa və eləcə də geniş mənada azərbaycançılığa dəyərli töhfə oldu.

Yeri gəlmişkən xatırladım ki, əksər hissəsi XIX əsrin sonu-- XX əsrin əvvəllərində Bakıda nəşr olunmuşKaspi” qəzetində işıq üzü görmüş həmin materialları Azərbaycan dilinə tərcümə edən Ali Media mükafatçısı İsaməddin Əhmədovdur. Tərcümənin məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, ideya müəllifi Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayev, redaktoru və rəyçisi Əməkdar jurnalist, Həsən bəy Zərdabi və Ali Media mükafatçısı Tahir Aydınoğludur. Redaktorun “Zərdablıların Zərdabi irsinə sevgi və sayğısı” başlıqlı ön sözündə bu qiymətli nəşrin necə ərsəyə gəlməsi açıqlanır, onun önəmi və dəyəri ifadə olunur. Kitabın Azərbaycan dilində nəfis şəkildə oxuculara təqdim edilməsində əməyi olan hər bir kəsə qocaman bir zərdabişünas olaraq öz təşəkkürümü bildirirəm.

Doğrudan da, min səhifəyə yaxın bu toplunun doğma Azərbaycan dilində oxuculara təqdim edilməsi Həsən bəy Zərdabinin elmi irsinin tədqiqinə bir daha, bəlkə də yenidən qayıtmaq zərurətini ortaya qoydu. Etiraf edək ki, Zərdabinin vaxtilə rus dilində çap edilmişSeçilmiş məqalələri və məktubları” nisbətən az sayda oxucuların və elmi araşdırıcıların maraq dairəsində idi. H.Zərdabi irsinin, onun ictimai-siyasi, fəlsəfi, təbii-elmi baxışlarının tədqiqi ilə məşğul olarkən mütəfəkkirin haqqında bəhs etdiyimiz yeni topluya daxil edilmiş bir çox məqalələri, müxbir yazılarını uzun illər əvvəl “Kaspi” qəzetinin səhifələrindən oxuyub, istifadə etmişəm. Bir sıra yazıları isə Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına Dövlət kitabxanasından foto-surət şəklində sifarişlə Bakıya gətirdib, elmi tədqiqatımda istifadə etmişəm.

Həsən bəy Zərdabi 16 il müddətində doğma Zərdab kəndində yaşamaq məcburiyyətində qaldığı vaxtlardaKaspi” qəzetinə və rus dilində çıxan “Novoye obozreniye” və s. qəzetlərə ardıcıl olaraq müxbir yazıları və elmi məqalələr göndərirdi. 1896-cı ildə Bakıya qayıtdıqdan bir az sonra Həsən bəy “Kaspi” qəzetində müvəqqəti redaktor olaraq çalışmağa başladı. Demək olar ki, ömrünün sonuna qədər o, “Kaspinin redaksiyasını tərk etməmişdi. Diqqətçəkən həmçinin bu idi ki, Həsən bəyin kürəkəni Əlimərdan bəy Topçubaşov həmin qəzetin redaktoru idi. Yeni topluda yer almış elmi məqalələrin bir xeyli hissəsi həmin dövrdə yazılmışdır.

Zərdabinin “Seçilmiş məqalələr və məktublar”ının ana dilinə çevrilib nəşr edilməsi təkcə mətbuat-jurnalistika mütəxəssisləri, filosoflar, təbiətşünas alimlər, iqtisadçılar üçün deyil, eyni zamanda bir çox digər ixtisas sahibləri üçün də diqqətçəkəndir. Əlimərdan bəy Topçubaşovun bu sözləri yerinə düşər ki, Həsən bəy təkcə bir fəaliyyət sahəsinə bağlanıb qalan şəxsiyyətlərdən deyildi. “Seçilmiş məqalələr və məktublar” hər şeydən əvvəl, tarixçilərimiz, xüsusilə də Vətən tarixçilərimiz üçün çox dəyərli mənbədir. Toplunu oxuyan hər bir şəxsə aydın olar ki, hüdudlarını artıq bildiyimiz tarix çərçivəsində bütövlükdə Azərbaycan, xüsusilə Bakı şəhəri, Göyçay qəzası, ona daxil olan bölgələr, kəndlər haqqında burada çox qiymətli məlumatlar, materiallar verilmişdir.

Kitabdakı məlumatlar, elmi məqalələr xüsusi dəqiqliyə və obyektivliyə malikdir, çünki bunların hamısı böyük mütəfəkkir Həsən bəy Məlikov Zərdabinin qələminə məxsusdur, o zamankı çar hakimiyyəti mühitində baş verən hadisələrin Zərdabinin idrakı süzgəcindən keçmiş əks-sədasıdır. Kitabda verilmiş məlumatlar olduqca inandırıcı, idraki və təsir bağışlayıcıdır, çünki bunlar Həsən bəyin şəxsən görüb, müşahidə etmiş olduğu həyat həqiqətlərinin, istər acı, istərsə də şirin olsun, böyük mütəfəkkirin zəkasından süzülüb gələn və xalqına çatdırmaq istədiyi tarixi həqiqətlər idi.

Təsvir olunan zaman daxilində Zərdab kəndində, ona qonşu olan bölgələrdə hansı hadisələr baş verib, həyat necə cərəyan edib, insanlar, onların həyat tarixçələri, düçar olunduqları sosial fəlakətlər, nəsibi olduqları xoş günlər, xalqın adət və ənənələri və s. haqqında konkret məlumatlar “Seçilmiş məqalələr və məktublar”da öz əksini tapmışdır. Kapitalist münasibətlərinin Azərbaycana nüfuz etməsi, müxtəlif xarici ölkə nümayəndələrinin Azərbaycanın, o cümlədən Zərdab kəndinin texniki və müalicəvi əhəmiyyətli bitkilərini talan edib Azərbaycandan xaricə daşıması Həsən bəyi çox narahat edirdi. Xüsusilə biyan kökünün xaricilər tərəfindən talan edilməsi buna misal ola bilər. Həsən bəy Azərbaycanda pambıqçılıq, baramaçılıq-ipəkçilik məsələlərini ciddi surətdə irəli sürürdü.

Maldarlıq, əkinçilik mədəniyyətinin yüksəldilməsi, kənd təsərrüfatı ziyanvericilərinə, o cümlədən o vaxtların bəlası hesab olunan çəyirtkəyə qarşı mübarizə, Azərbaycanın su sərvətlərinin qorunub saxlanılması, meşə salınması, suvarma məsələləri və s. aid müxbir yazıları topluda əhəmiyyətli yer tutur. Həsən bəy doğma kəndində yaşayıb, fəaliyyət göstərərkən də öz maarifçilik missiyasını davam etdirməkdə idi. Dini dəyərlərimizə yüksək qiymət verən, dini millətin dirəklərindən biri hesab edən Həsən bəy eyni zamanda mövhumat və cəhalətə qarşı kəskin mövqe tutmuşdu.

Şeyx AbdiŞeyx Əli-Baba timsalında xalqı mədəniyyətdən, elm ziyalarından uzaq salmağa çalışan, xalqı mənəvi əsarətdə saxlayan saxta din xadimlərinə qarşı kəskin mübarizə aparmışdır. Bu barədə Həsən bəyin müxbir yazıları da kitabda geniş yer tutur. Həsən bəyin “Zərdabda məktəb açılacaqmı?” – deyə etdiyi bəyanatlar, carçəkmələr böyük təsir gücünə malik idi. O, Şeyxliyi məktəb açılması yolunda ən böyük maneə hesab edirdi. Məsələn, Şeyx Əli-Baba camaatı məktəb açılması ideyasından uzaq salmaq üçün Zərdab əhalisinə deyirdi ki, məktəb üçün yığılan pullara kilsə tikdirəcəklər və camaatı xaçpərəstliyə döndərəcəklər.

Zərdabda yaşayarkən öz camaatı içərisində olması, onların dərdinə şərik çıxması, onlara qarşı törədilən haqsızlıqların ifşa olunmasında və aradan qaldırılması zamanı öz kəndlilərinin tərəfini saxlaması Həsən bəy üçün çox xoş idi. Lakin Həsən bəyi təhqir edənlər, ondan tez-tez çar hakim dairələrinə şikayət məktubları yazanlar və ­yazdıranlar, onun evinə dəfələrlə hücum edib, həyatına qəsd edənlər də az olmamışdır. Bunların sırasında o vaxtların qaçaq-quldurları, Həsən bəyin zərif tənqid atəşinə tuş gəlmiş qaragüruhçu qüvvələr də yer tuturdu.

Zərdabinin “Seçilmiş əsərləri və məktubları” ilə yaxından tanış olduqda təsvir olunan zaman çərçivəsində Azərbaycan, o cümlədən Zərdab və ətraf bölgələr haqqında nəinki çox məzmunlu məlumatlar əldə edirik, eyni zamanda kənd mühitinə düşmüş, oranın abu-havası ilə nəfəs almış çox zəhmətkeş, əməksevər bir insan, təsərrüfatla məşğul olan, yer şumlayan, yeri gəldikcə ticarətlə məşğul olan, əkinçilikdə yeniliklər edən, bir sahibkar keyfiyyətini özündə təcəssüm etdirən, bağ salan, yeni meyvə sortları yetişdirməyə çalışan, bir çox hallarda da uğursuzluğa uğrayan böyük bir insan, şəxsiyyət olan Həsən bəy Zərdabi obrazı ilə, onun şəxsiyyət çalarları ilə də tanış oluruq.

Xatırladırıq ki, “Seçilmiş məqalələr və məktublar”da Həsən bəy Zərdabinin bütövlükdə təbiətşünaslığa, xüsusilə də astronomiyaya, biologiya və təbabətə dair bir çox qiymətli elmi məqalələri dərc olunmuşdur. Bu məqalələrin elmi dəyəri, orada izahını tapmış elmi konsepsiyalar haqqında H.Zərdabiyə həsr olunmuş elmi tədqiqatlarda, o cümlədən bizim monoqrafiya və kitablarımızda geniş bəhs olunmuşdur.

Haqqında bəhs etdiyimiz bu dəyərli kitabda geniş əksini tapdığı kimi, Həsən bəy Zərdabi, 16 il doğma kəndi Zərdabda yaşadıqdan sonra – 1896-cı ildə Bakı şəhərinə qayıdır və yenidən çox qaynar fəaliyyətə başlayır, “Kaspi” qəzetində müvəqqəti redaktor olaraq çalışır, Azərbaycan dilində çap olunan qəzet və jurnallarda çoxsaylı məqalələr dərc etdirir, uzun müddət Bakı Şəhər Dumasının üzvü kimi müntəzəm fəaliyyət göstərir, müxtəlif məktəb komissiyalarının sədri və ya üzvü olur, xalqının maariflənməsi naminə son nəfəsinə qədər çalışır, fədakarlıqlar göstərir.

Bütün bunlar haqqında daha aydın təsəvvür əldə etmək üçün həmin qiymətli topluya müraciət etmək lazımdır. Burada Həsən bəyin istər xırda müxbir yazıları, istərsə də elmi məqalələr şəklində zəngin məlumatlar cəmlənmişdir. XIX əsrin ikinci yarısında və XX əsrin lap ibtidasında doğma Bakı şəhərimizdə nə hadisələr baş verib, şəhər öz inkişafında hansı pillələrdən keçib? Bu barədə yenə qiymətli topluya müraciət edin.

Həsən bəyin “Əkinçi” qəzetində çap olunmuş yazıları ilə birlikdə, rusdilli dövri nəşrlərdə işıq üzü görmüş çoxsaylı yazılarının ana dilimizə tərcümə olunmuş toplusu Zərdabinin misilsiz birXalq xadimi” (Abdulla Şaiq) olaraq həyat və fəaliyyətinin əhatəli və dərindən öyrənilməsində ən zəruri və zəngin mənbələrdir.

 

 

 

İzzət RÜSTƏMOV,

Bakı Dövlət Universitetinin professoru, zərdabişünas

 

Xalq qəzeti.- 2019.- 31 iyul.- S.6.