ZİRƏDƏ MİRZƏ BALA

MƏHƏMMƏDZADƏ GÜNÜ

    

Bugünlərdə Azərbaycan Xalq Cümhuriyyətinin, milli məfkurə irsinin qoruyucusu və davamçısı, böyük ictimai-siyasi xadim, ədəbiyyatşünas, publisist, tarixçi, düşüncə adamı Mirzə Bala Məhəmmədzadəni xalqımıza bəxş etmiş Bakının Zirə qəsəbəsində cəfakeş istiqlal mücahidinin  adını daşıyan küçənin və barelyef-abidənin açılışı oldu.

 

Respublikanın tanınmış ziyalılarının, alimlərinin, ictimaiyyətin tanınmış nümayəndələrinin, kənd ağsaqqallarının, məktəblilərin iştirakı ilə keçirilən mərasimi AYB-in katibi, yazıçı-dramaturq, şair, əslən zirəli olan İlqar Fəhmi açdı. Çıxış edənlər Mirzəbala Məhəmmədzadənin öz vətənində ən böyük ehtirama layiq olduğunu vurğuladılar, xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlərdən razılıqlarını bildirdilər.

M.B.Məhəmmədzadə günü Zirə Mədəniyyət Mərkəzində  elmi konfransla davam etdirildi. AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məclisi əhatəli giriş sözü ilə açdı.

 AYB katibi İlqar Fəhmi “Mirzə Bala Məhəmmədzadə və Azərbaycan Cümhuriyyəti”, professor , Mirzə Balanın ömür yolunun tədqiqatçısı Asif Rüstəmli isə “Mirzə Bala Məhəmmədzadənin həyat və yaradıcılığının Bakı dövrü” mövzusunda məruzə etdilər.

 Konfransda Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Nəsir Əhmədli, Türkiyə Səfirliyinin mətbuat müşaviri Hamid Qaradəniz, M.B.Məhəmmədzadənin tədqiqatçısı, sosial elmlər doktoru Əfqan Vəliyev, professor Bədirxan Əhmədli, Xəzər Rayon İcra başçısının müavini Arif Balayev  unudulmaz istiqlal mücahidinin bəlalı və dönməz mübarizəsinin ayrı-ayrı məqamlarından söz açdılar.

Sonda Mirzə Bala Məhəmmədzadənin yeni çapdan çıxmış "İstiqlal mücadiləsi" (Tərtibçi və ön sözün müəllifi A.Rüstəmli) toplusu və professor  Asif Rüstəmlinin "Zirədən başlanan yol. M.B.Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti"  monoqrafiyası iştirakçılara təqdim olundu

Konfrans iştirakçıları Zirə Eko-Parkında görülən genişmimiqyaslı yaradıcılıq və abadlıq işləri ilə tanış edildi.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 8 iyun.- S.6.