Mirzə Şəfi Vazehin bütün

əsərləri ilk dəfə “Xalq əmanəti”ndə  

 

 “Xalq Bank”ın ölkəmizdə və Azərbaycanı öyrənən xarici mərkəzlərdə qısa müddətdə nüfuzlu nəşr silsiləsi kimi populyarlaşan “Xalq əmanəti” layihəsinin növbəti 18-ci kitabı böyük Azərbaycan mütəfəkkiri və maarifçi şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə həsr olunmuşdur. Şərqdə və Qərbdə “Gəncəli müdrik” kimi şöhrətlənmiş ustad sənətkarın anadan olmasının 225-ci ildönümündə işıq üzü görən bu nadir toplu Vazehin poetik irsini əhatə edən ən mükəmməl nəşrdir.

Bugünlərdə “Xalq Bank”ın mərkəzi ofisinin rəsm qalereyasında layihə müəllifləri “Xalq əmanəti” seriyasından “Mirzə Şəfi Vazeh – bütün əsərləri” toplusunu Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin, poeziyasevərlərin və media təmsilçilərinin iştirakı ilə ictimaiyyətə təqdim etdilər.

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə Mərkəzinin rəhbəri, layihənin redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi Səlim Babullaoğlu təntənəli mərasimi geniş giriş sözü ilə açaraq

“Xalq Bank” ASC-nin 2010-cu ildən həyata keçirdiyi layihənin məramı və yeni nəşrin özəllikləri barədə məlumat verdi. Şair-tərcüməçi bildirdi ki, “Xalq əmanəti” layihəsi xalqımızın qədim və zəngin mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsinə, mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına xidmət edir. Layihə çərçivəsində nəşr olunan kitablar və albomlar ana dilimizlə yanaşı, dünyada geniş yayılmış ingilis və rus dillərində də çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.

“Mirzə Şəfi Vazeh-- bütün əsərləri” toplusu həyatı kimi yaradıcılıq taleyi də uğursuz olmuş Mirzə Şəfinin bir çox dillərə çevrilərək dünyanı dolaşmış, şöhrət zirvəsinə çatmış əsərlərinin öz ana dilində işıq üzü görən ən mükəmməl nəşri sayılmağa layiqdir. Kitab Vazehin ana dilində bizə gəlib çatmış poetik nümunələrini, fars dilində yazdığı, alman və rus dillərində çap olunmuş, əsli məlum olmayan əsərlərinin tərcüməsini əhatə etməklə, şairin əldə olan irsini bütövlükdə çağdaş oxucuya çatdırır.

XIX əsr mütəfəkkirinin həyat və yaradıcılığına toxunan kitab redaktoru xatırlatdı ki, “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulmuş, 1852-ci ildə vəfat etmişdir. Erkən yaşlarında mədrəsədə İslam dininin əsaslarını öyrənmiş Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır. Gənc şair poetik əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf etmişdir.

Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olmuşdur.

Lakin şairin sərbəst yaradıcılığı, fərqli dünyabaxışı və maarifçilik sahəsində səyləri yerli başbilənlərin ürəyincə olmamışdır. Onların basqısı altında Mirzə Şəfi 1840-cı ildə doğma Gəncədən o vaxt Qafqazın inzibati və elmi-mədəni mərkəzi sayılan Tiflisə köçmüşdür. Mirzə Şəfi Tiflis məktəbində xəttatlıqdan, Şərq dillərindən və ədəbiyyatdan dərs demiş, öz evində “Divani-hikmət” ədəbi məclisi yaratmışdır. Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşmışlar. Bu dövrdə Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını və İ.Qriqoryevlə birgə Tiflis gimnaziyası üçün “Tatar – rus lüğətini" tərtib etmişdir .

Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan Şərq dilləri və xəttatlıq dərsi alan Fridrix Martin fon Bodenştedt vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını hədiyyə edir. Bodenştedt isə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini də müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə Qafqaza səfəri ilə bağlı “Şərqdə min bir gün” adlı irihəcmli kitabını çap etdirir və həmin topluda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır.

Kitabdakı şeirlər böyük uğur qazanır və 1 il sonra oradakı şeirlər artırılaraq “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca nəşr edilir.

23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir və burada şeirlərin əvvəlki kitablarda söylədiyi kimi Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı. O dövrün reallığı nəzərə alınarsa Mirzə Şəfinin Avropadakı şöhrətinin miqyası misilsiz idi.

Tərtibçi daha sonra bildirdi ki, “Mirzə Şəfi Vazeh – bütün əsərləri” “Xalq əmanəti” yaradıcılıq qrupunun təcrübəsində ən mürəkkəb işlərdən biri olmuşdur. Beş ildən çox müddətdə ərsəyə gətirilmiş külliyyat gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytarır. Azərbaycan, rus və alman dillərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatları, akademiklər – Nizami adına Ədəbiyyat Muzeyinin direktoru Rəfael Hüseynov və Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Vazehin tədqiqatçıları professor Fəxrəddin Veysəlli, Almaniyada yaşayan türk tərcüməçi-ədib Orxan Aras və digər çıxış edənlər görkəmli klassikimizin irsinin ilk dəfə öz ana dilində bütöv halda xalqımıza çatdırılmasını önəmli ədəbi-mədəni və elmi hadisə kimi dəyərləndirdilər. Onlar onillər boyu gecikmiş bu çətin missiyanı uğurla gerçəkləşdirdiyinə görə bank rəhbərliyinə və layihə iştirakçılarına dərin razılıqlarını bildirdilər. Çıxışlarda yeni toplununu vazehşünaslığın bugünədək gizli qalmış sirlərinin açılmasına da ciddi təkan verəcəyi vurğulandı.

Əlavə olaraq bildirək ki, Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınmaqla 351 şeirdən ibarətdir. N.Qrebnev və L.Maltsevin rus dilinə tərcümə etdiyi əsərlərin sayı isə 400-ə yaxındır. Bu şeirlərin yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 90-ı ötməyib. Yaradıcı qrup, ilk növbədə, Mirzə Şəfinin müxtəlif dillərdəki şeirlərini tutuşdurub. Bundan sonra Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri də hazırlanıb.

Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları A.Bayram və F.Veysəlli, V.Hacıyev, Y.Savalan yaxından iştirak ediblər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçiriblər və alman dilində bədii tərcümələr hazırlanıb. Görkəmli rus şairi Mixail Sinelnikov, şair-tərcüməçilər Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çeviriblər. Adları çəkilən rusdili tərcüməçilərin işləri ilə yanaşı, kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb.

Mirzə Şəfi Vazehin topludakı şeirlərini dilimizə müxtəlif illərdə Xəlil Rza, Balaş Azəroğlu, Aslan Aslanov, Azad Yaşar, Pünhan Əzimli və Yusif Savalan çeviriblər. 4 şərti kitabda toplanan şeirlərin I kitabında Vazehin ana dilində, sonra isə fars dilində olan şeirləri yer alıb. II kitabda Mirzə Şəfinin “Şərqdə min bir gün” kitabına daxil edilmiş şeirləri toplanıb. III kitaba “Nəğmələr”dəki şeirlər, IV kitabda isə “Mirzə Şəfinin irsindən” kitabındakı şeirlər daxil edilib.

Sonda xatırladaq ki, “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi əsasında bu vaxtadək xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova və Mikayıl Abdullayevin, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Ələkbər Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” da bu layihənin oxuculara qiymətli töhfəsidir.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 25 iyun.- S.7.