Milli-mədəni dəyərlərin qorunması

dövlətin diqqət mərkəzindədir 

 

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik dövrü ərzində respublikamızın sürətli inkişafı mədəniyyət sahəsində də özünü qabarıq şəkildə göstərib. Azərbaycan, sözün həqiqi mənasında, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Cənab Prezidentin təşəbbüsü ilə Bakıda Beynəlxalq Humanitar forumlarının keçirilməsi bu məsələdə mühüm rol oynayıb. Xatırladım ki, bu forumlar 70-dən çox ölkə, 10-dan çox mötəbər beynəlxaq təşkilatın nümayəndələrini, həmçinin dövlət başçılarını, Nobel mükafatı laureatlarını, dünyanın nüfuzlu fəxri professorlarını, görkəmli ictimai və siyasi xadimlərini Azərbaycanın paytaxtında bir araya gətirib.

Dövlətimizin başçısının mədəniyyət sahəsində yürütdüyü siyasət Azərbaycanın digər şəhərlərinin də mədəniyyət mərkəzlərinə çevrilməsinə səbəb olub. Bu siyasətin göstəricilərindən biri də 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində beynəlxalq musiqi festivalının keçirilməsidir. Qəbələ beynəlxalq musiqi festivalları çərçivəsində muğam, caz, vokal musiqisi konsertlərinin təşkili, dünyanın bir çox ölkəsindən tanınmış musiqiçilərin, dünya şöhrətli simfonik və filarmonik orkestlərin Qəbələ şəhərində toplanması Azərbaycanın mədəniyyət sahəsində nail olduğu uğurlardan biri hesab edilir.

Bu məqamda ­xalqımızın sənəti, milli sərvəti olan muğamın yaşadılması, inkişafı ilə bağlı da qısaca danışmaq istərdim. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın muğama göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə Azərbaycan muğamı özünün yeni tərəqqi mərhələsinə daxil olub. Ənənəvi muğam müsabiqələrinin reallaşdırılması və televiziya ilə canlı yayımlanması məhz bunun bariz ifadəsidir.

Azərbaycan Prezidenti tərəfindən ötən 15 ildə mənəvi dəyərlərimizin inkişafı və qorunması istiqamətində reallaşdırılan tədbirlər, görülən işlər barədə çox danışmaq olar. Təkcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşməsi və bu görüşdə dövlət başçımızın nitq söyləyərək, sözügedən sahədə görülən işlər barədə danışması, eyni zamanda, mədəniyyət xadimlərini narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparması bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük qayğı var. Bu, eyni zamanda, mədəniyyətimizin bütün sahələrinin inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini bir daha təsdiqləyir.

 

Sərdar FƏRƏCOV,

Azərbaycan Bəstəkarlar İttifaqının

katibi, Əməkdar incəsənət xadimi

 

Xalq qəzeti.- 2019.- 3 mart.- S.2.