V Ümumdünya Dialoq

Forumuna hazırlıq davam edir 

 

Dünyada baş verən hadisələri proqnozlaşdırmaq çətindir. Çünki hadisələr o qədər sürətlə cərəyan edir, məzmun və xarakterini o qədər tez dəyişir ki, onları qiymətləndirmək elə də asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji, dini ziddiyyətlər gündən-günə artır və bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır.

Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgəyaşayış, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Yəni hər bir ölkə bu məsuliyyətli missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Bu vacib missiyanı Azərbaycan öz üzərinə götürmüşdür. Beləliklə, “Bakı prosesi” mədəniyyətlərarası dialoqun qurulmasında vacib platformaya çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın nüfuzlu beynəlxalq qurumları -- UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nu tərəfdaş kimi cəlb edən yeganə platformadır. Formatına görə dünyada bu forum yeganə çoxtərəfli platforma kimi beynəlxalq sülhün və əməkdaşlığın qurulmasına öz töhfələrini verib və verməkdə davam edir.

Artıq Bakı növbəti, V Mədəniyyətlərarası Dialoq Forumuna hazırlaşır. Forumun keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiq edilib. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Hazırda Mədəniyyət Nazirliyi bu istiqamətdə səmərəli fəaliyyət göstərməkdədir. Mədəniyyət naziri Əbülfəs Qarayev bir sıra xarici ölkələrin beynəlxalq təşkilatların nümayəndıləri ilə keçirdiyi görüşlərdə bu il mayın 2-3-də baş tutacaq forumla bağlı müzakirələr aparmışdır.

Hələ ötən ilin noyabr ayında nazir Ə.Qarayevin Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir ilə görüşü zamanı bu təşkilatın dünya miqyasında həyata keçirdiyi proqramlar, xüsusilə alyansın Azərbaycan ­Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsünün və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olması barədə fikir mübadiləsi aparılmışdır. Həmin görüşdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlığın başladığını və forumun işində BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın davam etdiriləcəyi diqqətə çatdırilmışdır.

Ə.Qarayev, həmçinin ­BMT-nin Azərbaycandakı rezident – əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb. Görüşdə Azərbaycan-BMT əlaqələri, mədəniyyət sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri müzakirə edilib.

Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi” çərçivəsində təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarına toxunaraq bu nüfuzlu tədbirin BMT vasitəsilə canlı yayımının təşkilində dəstəyə görə minnətdarlığını bildirib. Nazir, həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin məruzəsində 2008-ci ildə əsası qoyulmuş “Bakı prosesinin mədəniyyətlərarası dialoqun dəstəklənməsinə yönəlmiş səylər çərçivəsində mühüm yer tutmasının xüsusi qeyd edildiyini diqqətə çatdırıb. Bu il mayın 2-3-də Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini bildirən nazir forumun təşkilində BMT ilə fəal əməkdaşlıq təcrübəsi olduğunu bildirib.

Qulam İshaqzai, öz növbəsində, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq prosesinə yaxından cəlb olunmağa hazır olduğunu qeyd edərək bu istiqamətdə görüşlərin keçirilməsini təklif edib.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri, sözügedən tədbirlərin əməliyyat qrupunun rəhbəri Vasif Eyvazzadənin ­UNESCO Katibliyinin rəsmiləri ilə görüşü də hazırlıq işlərinin tərkib hissəsidir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilmiş görüşdə UNESCO-nun SosialHumanitar Elmlər Departamentinin rəhbəri Magnus Maqnusson UNESCO-nun Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq səviyyədə fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini bildirib.

V. Eyvazzadə forumun Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyevin 10 il bundan öncə irəli sürdüyü “Bakı prosesi” təşəbbüsünün tərkib hissəsi kimi BMT tərəfindən çox vacib qlobal platforma elan edildiyini vurğulayıb. Bu baxımdan V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu xüsusiyyətləri özündə saxlamaqla mədəni müxtəliflik, dialoq və əməkdaşlıq, insan təhlükəsizliyi, gənclərin liderliyi, miqrasiya, münaqişələrin qarşısının alınması və s. mövzuları əhatə edəcəkdir. Artıq UNESCO-nun da iştirakı ilə beynəlxalq ekspertlərlə birgə forumun konseptual müzakirə sənədi və proqram layihəsi hazırlanmışdır. Görüş zamanı, həmçinin forumun təşkilati məsələləri ilə bağlı müzakirələr aparılıb.

Görüş zamanı həmçinin ­UNESCO Katibliyinin missiyasının cari ilin mart ayında Bakıya səfəri ilə bağlı razılıq əldə olunub.

Forum çərçivəsində önəmli tədbirlərdən biri 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə baş tutan beynəlxalq təşkilatların rəhbərlərinin toplantısıdır. Sözügedən toplantının bu il də keçiriləcəyi nəzərdə tutulur.

V Mədəniyyətlərarası Dialoq Forumunun da dünyanı narahat edən problemlərin müzakirəsinə geniş meydan açacağı şübhəsizdir.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 7 mart.- S.9.