O gün uzaqda deyil 

 

Səhərin gözü açılmamış keçmiş tələbə yoldaşlarımızdan biri zəng ­vurub sevinclə dedi ki, məni təbrik edin. Kəndimizə yaxın ərazidə məcburi köçkünlər üçün tikilmiş qəsəbədən bizə də ev veriblər. Dedi ki, elə bu gün ailəsini də götürüb gedəcək təzə evinə. Sevinci yerə-göyə sığmırdı. Dayanmadan danışırdı. Sözarası bizi qonaq dəvət etməyi də unutmadı. Dedi ki, gələrsiniz, görərsiniz ki, Cənnətməkana gedirik. Kəndimizin lap yaxınlığındadır. Ölkəmiz müstəqilliyini yenicə bərpa etdiyi illərdə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumları zamanı tələbə dostumuzun doğulub böyüdüyü Füzuli rayonu da işğal olunmuşdu. Həmin vaxtdan dostların evinə sığınan Elxan sonradan ailəsi ilə birlikdə Bakıdakı yataqxanalardan birinə köçdü. Kəndlərini tərifləməkdən doymurdu. Deyirdi ki, təmiz havası, buz kimi suyu əsl şəfa mənbəyidir. Yanıb-yaxılırdı ki, elə bir cənnətməkan ermənilərin əlində qalıb.

 

1994-cü ilin Horadiz əməliyyatından sonra Füzuli rayonunun xeyli kəndi düşməndən azad edildi. Elxanın sevinci yerə -göyə sığmırdı. Bu günsabah onların da kəndlərinin azad olunacağı xəbərini səbirsizliklə gözləyirdi. Hətta bir ara köçünü də hazırlamışdı. Deyirdi ki, kənd azad olunan kimi doğma yurdlarına qayıdacaq. Ancaq bu gündünyada baş alıb gedən ikili standartlar o vaxt onun arzusunu ürəyində qoydu. Düz 15 il sonra... səhər tezdən sevinclə zəng vurub dedi ki, artıq köçür. Kəndlərinin yaxınlığında Zobucuq deyilən ərazidə yeni salınmış qəsəbədə ona üçotaqlı mənzil veriblər.

...Bizi Zobucuğa aparan sürücü, həm də bələdçimiz yolboyu həmin qəsəbədə tikilmiş evlərdən danışırdı. Deyirdi ki, buna qədər 4 qəsəbədən ibarət Qayıdış, 6 qəsəbədən ibarət Örənqala yaşayış massivlərində də hər cür şəraiti olan evlər tikilərək məcburi köçkünlərin ixtiyarına verilib. Zobucuq qəsəbələri isə dağın ətəyində, səfalı bir yerdədir. Maşın gah dağa qalxır, gah da yamaca enirdi. Rahat yollar, yolkənarı səliqə ilə əkilmiş ağaclar, göz oxşadıqca uzanan yam-yaşıl taxıl sahələri, buranın torpağının barlı-bərəkətli olmasından xəbər verirdi. Necə deyərlər, suyu da başının üstüdə idi. Bir-birindən aralıda qazılmış atrezian quyuları hərdən fontan vururdu. Bələdiçimiz deyirdi ki, gördüyünüz taxıl sahələri bu qəsəbələrdə yaşayanların pay torpaqlarıdır. Hərəyə 1 hektar veriblər.

Bəxtimizdən biz getdiyimiz qəsəbədə toya təsadüf etdik. Şənlik şənliyə qarışmışdı. Elxan üçün ikiqat bayram idi. Axı Bakıdan dostları da gəlmişdi. Kəndarası küçələrdə elektrik dirəklərində quraşdırılmış lampalar hər tərəfi işıqlandırırdı. Asfalt yol, hər həyətdə iki su kranı-- biri içmək, digəri isə həyətyanı sahədə əkilmiş ağacları, bostanı sulamaq üçün nəzərdə tutulmuşdu.

 Dostumuz bizi qəsəbənin sakinləri ilə tanış etdi. Ağsaqqal Alışan kişiyə yarızarafat, yarıgerçək müraciət etdi:

-- Elə hey deyirdin ki, müəllim, aylıq müavinətimiz nə vaxt artacaq? Görürsənmi, dostlarımın ayağı yüngül oldu. Özləri ilə artımı da gətirdilər. Özübiz gözlədiyimizdən də qat-qat artıq oldu. Yeri gəlmişkən, xatırladım ki, Prezident İlham Əliyevin fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” imzaladığı sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb: 40 manat aylıq müavinət 60 manat oldu.

Dostumuzun bizə təqdim etdiyi Alışan Allahverdiyev həm də şəhid atasıdır. Maraqlı həmsöhbətdir. Hələ sövet dövründə ermənilərə necə qan uddurduğundan danışdı:

 -- Mən 40 il onlarla bir yerdə işləmişəm. Bizdən həmişə qorxublar. Elə indi də qorxurlar. Dığaların dalında duran oldu. Yoxsa, onlar bizim torpaqlarımızı işğal edə bilməzdilər. Oğlum şəhid olanda məni tanıyan ermənilər sifariş göndərmişdilər ki, onların bu işdən xəbəri yoxdur. Qorxularından yalvarırdılar. Demişdilər ki, biz azərbaycanlılardan həmişə yaxşılıq görmüşük. Burada vuruşan ermənilərin çoxunu tanımırıq. Ermənilər özlərinə pislik etdilər. Bizim hesabımıza qarınlarını doyururdular. Hazırkı şəraitimizdən çox yaxşı məlumatlıdırlar. Onlar da etiraf edirlər ki, dünyanın heç bir ölkəsində məcburi köçkünlərə Azərbaycandakı kimi şərait yaradılmayıb. Qorxmasalar, bu dəqiqə gəlib bizim yanımızda yaşayarlar. Acından ölürlər axı. Nə iş tapırlar, nə də yeməyə çörək.

-- Bacıoğlu, mən hər gün “Xəbərlər”ə baxıram. Birini də ötürmərəm. Görürəm ki, başqa ölkələrin məcburi köçkünləri ortalıqda qalıb. Onlara sahib çıxan yoxdu. Çoxu dənizlərdə batır, acından ölür. Hətta bizim dövlətimiz onlara dəfələrlə yardım edib. Bizim qəsəbələri görürsünüz? Bu ərazidə 5 qəsəbə var. Hamısını qarış-qarış gəzirəm. Baxın, hamısı bir-birindən səliqəlidir. Qazımız, suyumuz, işığımız daim var. Bizə həm həyətyanı, həm də əkin üçün torpaq sahəsi verilib. Həyətimdə 225 nar ağacım var. Başqa meyvə ağaclarım da var. Hərənin həyətində 50-60 meyvə ağacı var. Bilirsiniz hər il nə qədər meyvəmiz olur? Bir vaxtlar bu ərazilərdə yaşayış olmayıb. Buralara ova gələrdik. İndi görürsünüzmü, cənnətdir. Dədə-baba torpaqlarımızın bir addımlığındayıq. Qohumlarım yayda bura istirahətə gəlirlər. Bakıda köhnə yataqxanalarda, yarımçıq binalarda, zirzəmilərdə yaşayanlara üzümü tutub deyirəm ki, daha bəsdir, yığışın gəlin. Bu cür şəraiti əldən verməyin.

Alışan kişi dedi ki, dolanışıqları da pis deyil. Ali məktəblərdə təhsil alan övladları təhsil haqqından azaddırlar. Təqaüdlərin artırılması da onlara böyük kömək oldu. Bir tərəfdən də aylıq müavinət 60 manat oldu. Elə ailə var ki, 6-7 üzvü var. Adambaşına 60 manatdan -- görün nə qədər edir. Şəhid ailələrinin hər birinə 11 min manat müavinət verildi. Burada olan şəhid ailələrinin hamısı həmin yardımı alıb. Hərənin həyətində 4-5 malı, sürü ilə qoyunu, çoxlu toyuq-cücəsi var. Qəsəbələrdə yaşayanlar qışda da bostan məhsulları satırlar. Hər kəs dolanışığın yolunu lap yaxşı tapıb. Buna şərait də yaradılıb. Evlərimizə də söz ola bilməz. Cəbhə bölgəsində yaşamağımız bizi narahat etmir. Bizim güclü ordumuz var. Biz ordumuza güvənirik. Ermənilər də bunu çox yaxşı bilir:

 -- Bacıoğlu, belə bir el məsəli var. “İt qulağını kəsəndən qorxar” -- deyiblər. 2016-cı ilin aprelində bizim uşaqlar (hərbçiləri nəzərdə tutur-- Ə.B.) o dığalara necə qulaqburması verdilərsə, hələ də özlərinə gələ bilməyiblər. Bizim əsgərləri görəndə qorxularından qaçıb gizlənirlər. Hər gün qəsəbədə toy olur. Hətta böyük bir şadlıq evimiz də var. Bu toylarda, şənliklərdə heç bir hadisə baş vermir, verə də bilməz. Bircə dərdimiz ata-baba torpağımıza qayıtmaqdır. İnşallah, onu da görəcəyik. 2016- cı ilin Aprel döyüşlərindən sonra hamımızda bir ümid yaranıb: O gün uzaqda deyil!

Dostumuz dedi ki, hər qəsəbədə məktəb, uşaq bağçası, mədəniyyət evi, 1 xəsətəxana, 4 tibb məntəqəsi, kitabxana, müxtəlif xidmət sahələri var. Ticarət obyektlərinin də sayı–hesabı yoxdur. Təkcə bizim qəsəbələrdə yox, məcburi köçkünlər üçün tikilmiş bütün qəsəbələrdə belə şərait yaradılıb. Rahat yaşamaq üçün hər şərait var.

Ətrafımıza toplaşan sakinlərin əhval-ruhiyyəsi çox yaxşı idi. Söhbətimizə daha bir nəfər də qoşuldu. Dostumuz fərəhlə onu bizimlə tanış etdi:

-- Hazırda bütün dünyanın tanıdığı Cocuq Mərcanlının qəhrəmanı Oqtay Həziyevdi. Bizim qəsəbəyə toya gəlib. Xeyirdə-şərdə həmişə bir yerdə oluruq. Bilirsiniz də 1-ci dərəcəli “Əmək” ordeninin birincisi Oqtay Həziyevə verilib.

Oqtay dedi ki,1994-cü ildə kəndimiz ermənilərdən azad edildi. Mən dərhal kəndə qayıtdım. Kəndimizə nəfəs verdim, təsərrüfat yaratdım. Doğma torpağımızda həyatımı riskə qoyaraq təhlükə altında yaşadım. O vaxt ordumuz işğaldan azad etdiyi ərazlərimizi nəzarətdə saxlayırdı. Bütün çətinliklərə, risklərə baxmayaraq, burada ailə üzvlərimlə bərabər güllə, mərmi altında yaşadıq. Çünki mən öz torpağıma canımla, qanımla bağlıyam. Hər bir Azərbaycan vətəndaşı istənilən şəraitdə öz torpağında yaşayır, qurur, yaradır, hətta təhlükə altında olsa belə. 23 il bu şəraitdə yaşadım. Hər gün də sabaha ümidlə baxırdım. 2016-cı ildə ümidlərim çiçək açdı. Ordumuz erməniləri darmadağın etdi. Lələtəpə yüksəkliyini ələ keçirtdi. Həmin gündən Cocuq Mərcanlının başı üzərində Günəş doğdu. Ölkə başçısının sərəncamı ilə Cocuq Mərcanlının bərpasına başlanıldı. Qısa müddətdə asfalt yol çəkildi, hər cür şəraiti olan evlər, yaraşıqlı məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası, xəstəxana, Şuşa məscidinin bənzəri olan məscid tikildi. Küçələrə işıq çəkildi, su, qaz, elektrik enejisi daimi oldu. Kənd sakinləri təcili doğma yurdlarına qayıtdılar. Kəndimizdə daha 100 ev tikildi. Dərhal hamısı da öz sakinini tapdı. Daha 50 evə də ehtiyac var. Çünki hamı belə gözəl şəraitdə yaşamaq istəyir. Kəndimiz şəhərdən qat-qat yaxşıdır. Əhalinin işlə təmin olunması da artıq öz həllini tapıb.

Oqtay Həziyev dedi ki, İqtisadi İnkişaf Nazirliyi və Türk İş Adamları Birliyi 60 nəfərin işlə təmin olunduğu suvenir qablar fabriki tikərək istifadəyə verib. Özünüməşğulluq proqramı əsasında kənddə 15 arıçılıq təsərrüfatı yaradılıb. Bundan başqa, həmin proqram əsasında sakinlərə mal-qara paylanılıb. Kəndimizdə 10 istixana quraşdırılıb. Burada da xeyli kənd sakini çalışacaq və kənd təsərrüfatı məhsulları yetişdiriləcək. Məktəbdə, uşaq bağçasında, mədəniyyət evində, kitabxanada da yerli sakinlər işlə təmin olunublar. Kənardan bizim kəndə gəlib işləmək və burada yaşamaq arzusunda olanlar da var. Hazırda Azərbaycan Dillər Universitetinin bir neçə tələbəsi könüllü olaraq bizim kənd məktəbində təcrübə keçir və sonra da burada qalıb işləyəcək.

 Pensiyaların, sosial müavinətlərin, minimum əməkhaqqının artırılması aztəminatlı ailələrin problemlərini aradan qaldırıb. Hazırda əlavə iş yerlərinin açılması üçün tikinti işləri davam etdirilir. İnanın ki, kəndimizin sakinləri boş vaxt tapa bilmirlər. Biləsuvar rayonunda məskunlaşmış cəbrayıllı məcburi köçkünlərin də işlə təmin olunması yüksək səviyyədə həll olunub. Özü də lap çoxdan. Qohumlarım orada yaşayırlar. Bilirsiniz ki, həmin ərazidə “Azərsun” konserv zavodu tikib və 5 min hektar əlavə torpaq sahəsi ayrılıb. Həmin ərazidə işləyənlərin hamısı məcburi köçkünlərdir. Ərazidə əkib-yetişdirdikləri kənd təsərrüfatı məhsullarını konserv zavoduna satırlar. Son 16 ildə 103 qəsəbə salınıb. 300 mindən artıq məcburi köçkün rahat mənzillərlə təmin olunub. Bu iş hələ də davam etdirilir.

Zobucuqda qaldığımız bir neçə gün ərzində məcburi köçkünlər üçün yaradılmış şəraitin, işlə təmin olunmalarının, sosial müdafiələrinin getdikcə gücləndirilməsinin onların yaralarını qismən də olsa sağaltdığının şahidi olduq. Ancaq onlar gözlərini doğma yurdlarına dikib, ata-baba ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Hamısı da inamla deyir ki, o gün uzaqda deyil!

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2019.- 6 mart.- S.10.