“Alim ədiblərimiz və ədəbiyyatda elm” 

 

Müstəqil Azərbaycan Respublikasının uğurla həyata keçirdiyi dövlət siyasəti proqramına elm sahələrinin tərəqqi və təbliği, dünya elminə inteqrasiyası yolunda görülən genişmiqyaslı işlər də daxildir.

2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ilə ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına tam hüquqi təminat verildi. Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamına uyğun olaraq 27 mart tarixinin “Elm günü” kimi qeyd olunması isə Azərbaycanın elmi ictimaiyyətinə, onun nailiyətlərinə göstərilən yüksək diqqət və etimadın göstəricisidir.

Azərbaycan ədəbiyyatının qədim olduğu qədər də zəngin xəzinəsini, artıq 80 ildir ki, dünyaya sevdirən, ardıcıl tədqiq edən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də “Elm günü” elmi sessiya və ədəbi-bədii tədbirlə qeyd olundu. Muzeyin direktoru akademik Rafael Hüseynov tədbiri “Elmi şeir, şeirdə elm və alim şairlərimiz” adlı məruzə ilə açaraq Azərbaycan ədəbiyyatının tarixi təşəkkül dövründə onu yaradan fikir, irfan sahiblərinin şeir sənəti ilə yanaşı, elmin müxtəlif sahələrinin də mahir bilicisi və Azərbaycan bədii fikrinin həm də nücum, riyaziyyat, tibb, fəlsəfə kimi dünya elmlərinin də açarı olduğunu qeyd etdi. Alim vurğuladı ki, bayramların içində insana ruhən yaxın olan ən gözəl günlərdən biri də “Elm günü”dür. Nizami Gəncəvi hələ on ikinci əsrdə yazırdı:

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

O qeyd etdi ki, Hüseyn Cavid də “Peyğəmbər” əsərində Məhəmməd Peyğəmbərin (s.ə.s.) elmlə bağlı fikirlərini nəzmə çəkmişdi. Həmin parçada bütün insanların bərabər olduğu, onların malı, mülkü, sərvəti ilə deyil, yalnız ağlı, savadı ilə birinin digərindən üstünlüyü diqqətə çatdırılır:

Əgər xilqətdə bəşər birsə, yenə,

Dost deyil, bilməyən əsla bilənə.

Kişi irfan işığında parlar,

Şübhəsiz, bilgidə Allah gücü var.

Akademik xüsusi olaraq diqqətə çatdırdı ki, hər bir insan ömrü boyu çalışmalı, öyrənməlidir. Əgər hər kəs öz peşəsini yaxşı öyrənərsə, həmin sahənin bilicisi sayılır.

R.Hüseynov bildirdi ki, Nizami Gəncəvi, Fələki Şirvani, Nəsrəddin Tusi, İmadəddin Nəsimi,  Məhəmməd Füzuli, Zülfüqar Şirvani, Mirzə Fətəli Axundov və bir çox şair və yazıçılarımızın əsərləri elmi biliklərlə zəngindir. Bunların bəziləri bədii əsərlər içərisində elmi fikirləri, bəziləri isə nəzmlə müxtəlif sahələrə aid olan bilgiləri öz əsərlərində bizə çatdırıblar.

Muzeyin direktoru Prezident İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunduğunu xatırladıb. Bildirilib ki, xalqımız dahi şair, filosof Nəsiminin 650 illik yubileyini geniş şəkildə qeyd edir. Bununla bağlı Azərbaycanın müxtəlif guşələrində Nəsimiyə həsr olunan tədbirlər keçirilir.

Tədbirdə klassik şairlərimizin həyat və fəaliyyətini əks etdirən sərgi, həmçinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdlərinin ifasında Seyid İmadəddin Nəsiminin qəzəllərinə həsr olunmuş ədəbi-bədii kompozisiya da nümayiş olundu.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2019.- 28 mart.- S.4.