Misli görünməmiş soyqırımı aktı 

 

Ermənilər tərəfindən xalqımıza qarşı törədilən soyqırımları sırasında 1918-1920-ci illərin qırğınları öz miqyasına və nəticələrinə görə daha dəhşətlidir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra həmin faciələrə siyasi qiymət verilmiş, dahi şəxsiyyət tərəfindən 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalanmışdır. Bununla da xalqımızın öz tarixinə müraciət edərək, keçmişi obyektiv, hərtərəfli öyrənməyə, araşdırmağa əlverişli imkan yaranmışdır.

 

Ümummilli liderimizin siyasi, sosial-iqtisadi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam da mühüm tarixi əhəmiyyətə malikdir. Həmin sərəncamda həm ölkəmizdə, həm də beynəlxalq miqyasda ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli soyqırımına nəzər salınır, dünya ictimaiyyəti əsl tarixi həqiqətləri öyrənmək imkanı əldə edir.

Sərəncamda vurğulandığı kimi, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin vaxt Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnikdini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Bakıda, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da kütləvi qətllər, talanlaretnik təmizləmələr həyata keçirmişlər. Məsələn, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Göyçədə 22, Dərələyəzdə 74, Vedibasarda 118 kənd yerlə yeksan edilmiş, əhaliyə qanlı divan tutulmuşdur. Tarixi sənədlərə əsasən, həmin vaxt Qərbi Azərbaycanda 132 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti Naxçıvandan başlayaraq Zəngəzurda da davam etdirilmiş, dəhşətli qanlı faciələr törədilmişdir. Qətliamlar Azərbaycan xalqının qəddar düşməni, Türkiyədə hərbi andına xəyanətə görə cəzalandırılan Andronik Ozanyanın başçılığı ilə həyata keçirilmişdir.

Yeri gəlmişkən, 1918-ci il iyul ayının 24-də Xoy şəhəri yaxınlığında türk qoşunları tərəfindən məğlub edilən A.Ozanyan öz qoşunları ilə Culfa bölgəsinin Yaycı kəndi yaxınlığında Arazı keçərək Naxçıvan ərazisinə daxil olmuşdur. Həmin vaxt təkcə Yaycıda 2500 nəfər öldürülmüşdür.

Qısa müddət ərzində o, Ordubad dairəsinin əksər hissəsini, Culfa şəhərini və bir sıra kəndləri işğal etmişdir.

A.Ozanyan Culfanı işğal etdikdən sonra Bakıya, Stepan Şaumyana göndərdiyi xüsusi teleqramda bildirirdi: “Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu sizin sərəncamınıza verə bilərəm”.

Şaumyan isə cavab teleqramında Androniki xalq qəhrəmanı adlandıraraq, qeyd etmişdi ki, əgər Kaçaznuni və başqaları sizin kimi olsaydılar, erməni xalqı indi belə çətinliklə yaşamazdı. Türk bəyliyinə və xanlığına, gürcü hakimiyyətinə, erməni burjuaziyasına qalib gəlsək, o zaman bütün Cənubi Qafqazın birliyinə nail olarıq.

Buradan görünür ki, Andronik S.Şaumyanla sıx əlaqədə olmuş, onun tapşırıqlarını yerinə yetirmişdir. Teleqramdan, həmçinin o da bilinir ki, onlar bütün Cənubi Qafqazı erməniləşdirmək fikrində olmuşlar.

Yeri gəlmişkən, A.Ozanyan Naxçıvandan keçib Salvartı dağını aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə üz-üzə gəlir və xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Onun oğlu Quşdan həmin silahlarla 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşurömrünün sonuna kimi Şahbuz dağlarında qaçaqlıq edir.

Andronik Zəngəzura aşandan sonra azərbaycanlılar yaşayan kəndlərin əhalisinə divan tutur. Yaşlı sakinlər danışırdılar ki, ermənilər Bazarçay boyunca yerləşən Ərikli, Sükar, Pulkənd, Şükarlı, Məliklər, Saybalı, Əlili, Zabazadır, Hortuyüz, Dulus, Ağdü, Şam, Pürüllü, İrmis, Bəhluli, Dərəkənd, Qalaçıq, Urud, Dərəbəs, Anabat, Şükürbəyli, Çınqıllı yaşayış məntəqələrini xaraba qoyub əhalini qırırdılar.

Andronikin quldur dəstəsi Sisyanın 31 kəndini xaraba qoyaraq, insanlığa sığmayan faciələr törətmişlər. Bizim Ağdü kəndində adamları 400 nəfər tutan məscidə yığıb bütün çıxışları bağlamış, sonra isə üstlərinə neft töküb alovlandırdıqları qızmış buğaları içəri buraxmışlar. Belə bir vəhşiliklə sakinlərə əzab vermişlər. Bununla ürəkləri soyumayan cəlladlar məscidin damını sökərək içəri küləş doldurub od vurmuş, insanları tüstü ilə boğub öldürmüşlər.

Yaxşı xatırlayıram, Andronikin quldur dəstəsinin törətdiyi qətliamlar nəticəsində xaraba qalan kəndlərin kalafalarında qazıntı aparılarkən vəhşicəsinə öldürülmüş insanların qol, bud, bazu, kəllə sümükləri çıxırdı. Əjdaha dərəsi deyilən ərazi, Mırığ, Ayılığ adlandırılan mağaralar insan sümüyü ilə dolu idi.

Şükar kənd sakini Abbas kişinin 1967-ci ildə mənə danışdıqları isə heç vaxt yadımdan çıxmır: “Andronikin quldur dəstəsi kəndi mühasirəyə almışdı. Bacılarım Gövhər və Nigar kənddə qalmışdılar. Gövhər qonşumuz Tağının oğlu Eldənizə adaxlanmışdı. Atam Şamil görür ki, çıxış yolu yoxdur, ona görə də qızların erməni əlinə keçməməsi üçün onları öldürmək qərarına gəlir. Eldəniz də nişanlısını aparmağa gələndə canilər onu tutub qarşısına belə bir şərt qoyurlar: “Get nişanlın Gövhəri gətir bura, səni buraxaq... Eldəniz ağır sözlərlə onların cavabını verir. Bundan sonra onu aparıb Toxluqaya deyilən yerdə doğrayırlar. Atam Şamil isə ermənilərə əsir düşür. Onu Qarakilsənin həbsxanasında saxlayır, işgəncə verirlər. Ətlə dırnağın arasına iynə yeridir, barmağını qapının arasında sıxır, ayaqlarını nallayır, qaçaqların yerini öyrənmək istəyirlər. Atam bütün bu zülmə tab gətitib onlara sirr vermir. Axırda sağ baldırının dərisini soyur, yerinə duz səpib keçilərə yalatdırırlar. Sonra aparıb Göyuçqun qayasından atırlar”.

Andronikin quldur dəstəsi 1918-ci ildə bizim Ağdü kəndinin 1122 nəfər əhalisindən 824 nəfərini vəhşicəsinə öldürüb. Ümumiyyətlə, o zaman Zəngəzur qəzasında erməni hərbi birləşmələri tərəfindən azərbaycanlılar yaşayan 115 kənd dağıdılmış, 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın, 2196 uşaq qətlə yetirilmişdir.

A.Ozanyan Zəngəzurun qərb hissəsini viran qoyduqdan sonra 1918-ci ilin payızında Laçın rayonu ərazisindəki Tat kəndinə hücum edir. Yaşayış məntəqəsi mühasirəyə alınır. Andronik üzünü özü kimi qaniçən, qəddar, başkəsən cəlladlara tutaraq deyir: “Qaytaqanlar (qaçqınlar)! Mən bilirəm ki, yeməyə çörəyiniz, əkməyə torpağınız, yaşamağa ev-eşiyiniz yoxdur. Siz var-yoxunuzu Ərdahanda, Vanda, Ərzurumda, Qarsda, Sarıqamışda qoyub gəlmisiniz. Mən o yerlərdə qisasınızı türklərdən ala bilmədim, ona görə də burada, Zəngəzurda yaşayan türklərə aman verməyəcəm. Daş daşın üstə qalmayacaq. Bir erməri sıradan çıxsa, əvəzində 10 türk öldürüləcək. Tat kəndi bizim əlimizdədir. Buradan bir nəfər də olsa belə sağ çıxmamalıdır.

Andronikin quldur dəstəsi tərəfindən adı çəkilən kəndin 2859 nəfər sakini işgəncə ilə qətlə yetirilmişdir. Azyaşlı uşaqların başı kəsilərək, qanı xüsusi qablara yığılmış, sonra isə ürəklərini soyutmaq üçün qədəhlərə süzüb içmişlər. Yaşlı adamları samanlığa doldurub diri-diri yandırmışlar. Hamilə qadınların qarnını yırtaraq körpələri yanan təndirə atmışlar. Adamlarln kürəklərinə qaynar samovar bağlamışlar...

A.Ozanyan Zəngəzur mahalının qərb hissəsini işğal edəndən sonra vəhşiliklərini Qarabağda davam etdirmək fikrinə düşür. Yerli erməni nankorlarının köməyi ilə Minkənd-Şəlvə-Murovdağ istiqamətində Qarabağa keçmək qərarına gəlir. Lakin xalq qəhrəmanı Soltan bəy Soltanovun iradəsini qıra bilməyəcəyini də yaxşı başa düşür...

O zaman Soltan bəyin başçılıq etdiyi könüllü dəstələr bölgədəki kəndlərin mühafizəsində mütəsna xidmətlər göstərmişlər. Onlar Zabux dərəsində mühasirəyə alınan Andronikin dəstəsinin əsas hissəsinı məhv etmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlılarını məğlubiyyətə uğradaraq 600 nəfəri əsir götürmüşlər. Bundan başqa, Zəngəzurda onlarla kəndin də erməni silahlılarından təmizlənməsində yaxından iştirak etmişlər.

Beləliklə, Zabux dərəsində Soltan bəy tərəfindən ağır məğlubliyyətə uğradılan Andronik 1300 nəfər piyada, 500 nəfər süvariartilleriyadan ibarət quldur dəstəsini 1919-cu ilin mart ayında Eçmiədzindəki erməni katolikosuna təhvil verərək xaricə qaçır...

Əvəz MAHMUD LƏLƏDAĞ,

şair-publisist

 

Xalq qəzeti.- 2019.- 31 mart.- S.11.