Söz və əməlin vəhdəti  

 

Möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 16 il ərzində vətəndaşların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayıb, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb. Bununla bərabər dövlət başçısı vaxtaşırı rayonlara səfər edib, əhalinin problemləri ilə şəxsən maraqlanıb və onların aradan qaldırılması ilə bağlı konkret göstərişlər verib.

 

Hazırda da vətəndaşların qayğıları ilə, onların üzləşdikləri çətinliklərlə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər, dövlət başçısının göstərişilə, həm də nazirlər, deputatlar, habelə Prezident Administrasiyasının nümayəndələri dərindən maraqlanırlar. Onlar mütəmadi olaraq bölgələrə gedir, insanlarla görüşür, müvafiq hesabatlar, arayışlar hazırlayaraq, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində konkret addımlar atırlar.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da məmur-vətəndaş təmasının əhəmiyyətinə toxunub. Cənab Prezident bildirib ki, dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, problemlərlə ciddi məşğul olmalıdırlar. İcra hakimiyyəti başçıları qəsəbələrə, kəndlərə gedib insanların çətinliklərini öyrənməli, narahatlıqları aradan qaldırmalı, onlara dəstək, kömək göstərməlidirlər...

Möhtərəm Prezident bu sözləri diqqətə çatdırmaqla sözügedən sahədə hələ də müəyyən çatışmazlıqların mövcud olduğunu və problemin aradan qaldırılması zəruriliyini xatırladıb: “İdarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var. Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar”.

Buradan aydın görünür ki, dövlət başçısı xalq-iqtidar birliyinin getdikcə möhkəmlənməsinə xüsusi önəm verir və reallaşdırdığı dərin sosial islahatlarla buna nail olur. Fransanın “Opinion Way” şirkətinin ötən ay Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri də bu fikrin bariz ifadəsidir. Belə ki, cənab İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Belə bir yüksək nəticə isə şübhəsiz ki, Azərbaycan Prezidentinin daim öz xalqı ilə birbaşa təmasda olması və dövlət başçısının sözü ilə əməlinin hər zaman vəhdət təşkil etməsi ilə bağlıdır.

Bəli, ölkə rəhbəri tərəfindən verilən bütün vədlərin ardıcıl və yüksək səviyyədə yerinə yetirilməsi sayəsində Azərbaycan son 16 ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini gerçəkləşdirib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrində əsaslı nəticələr qazanılıb. Bütün bunlarla yanaşı, əhalinin rifahı durmadan yüksəlib, respublikada 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Bir sözlə, cənab Prezident cəmiyyəti düşündürən istənilən məsələdə xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər reallaşdırıb.

Fikrimin təsdiqi kimi diqqəti bir fakta yönəltmək istərdim. Cənab Prezident Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında maraqlı bir məqama toxundu. Bildirdi ki, cari ilin ilk üç ayında əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir. Əlavə gəlirlər imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək: “Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək”.

Buradan göründüyü kimi, cari ilin əvvəlindən başlanan sosial islahatların yeni mərhələsinin əsası əslində sonuncu prezident seçkilərindən sonra qoyulub. Yəni o vaxt cənab İlham Əliyev çıxışında da vurğuladığı kimi, reallaşdırılacaq sosial təşəbbüslərlə bağlı anons vermişdi və biz bunun artıq üç aydır ki, şahidiyik.

Yuxarıdakı qeydləri yekunlaşdırıb deyə bilərəm ki, əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin apardığı siyasətin hər zaman mühüm prioritetlərindən biri olub. Dövlət başçısının birbaşa rəhbərliyi altında pensiyanın, əlilliyə görə müavinətlərin artırılması və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin təmin olunması, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində qətiyyətli addımların atılması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı önəmli addımlar atılıb. Həmin vəzifələrin gerçəkləşdirilməsi isə vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.

Sonda xatırladım ki, Azərbaycanda son 16 ildə sosial siyasətin davamlı şəkildə reallaşdırılması cənab Prezidentlə cəmiyyətimiz arasında inam mühitini formalaşdıran ən önəmli amildir. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın, hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin əhatəliliyi hesabına əldə olunan uğurlu nəticədir.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq

 

Xalq qəzeti.- 2019.- 4 may.- S.8.