Azərbaycan nüfuzlu qlobal dialoq məkanıdır 

 

Bugünlərdə Azərbaycan paytaxtı yenidən dünya informasiya şəbəkəsinin diqqət mərkəzində oldu. Xatırlasaq ki, çağdaş dünya diplomatiyasının daha kəsərli silahı geniş yayılan, qabaqlayıcı informasiyadır, onda son illərdə Bakıda keçirilən davamlı beynəlxalq tədbirlərin Azərbaycana nə qədər böyük mənəvi-siyasi dividend qazandırdığını aydın təsəvvür etmək olar. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca da iştirakçısı olduğu beynəlxalq dialoq məclisinin ölkəmiz üçün önəmini məhz bu baxımdan dəyərləndirdi:

– Bugünlərdə ölkəmizin paytaxtında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanı yenidən beynəlxalq aləmin, dünya xalqlarının diqqət mərkəzinə çıxartdı. “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən bu nüfuzlu beynəlxalq məclisin önəmi barədə tanınmış dünya siyasətçiləri, ekspertlər dəyərli mülahizələr söylədilər. Onlar birmənalı olaraq, Azərbaycan dövlətinin və onun rəhbərinin dünyanın dinc, nizamlı sabahı ilə bağlı xoş məramını alqışladılar, bəşəri həmrəyliyi pozan qüvvələri kəskin ittiham etdilər.

Mən isə Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən, 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi bu məclisdə ölkə Prezidenti İlham Əliyevin forumun ümumi gedişinə təkan və yön verən çıxışı barədə danışmaq istəyirəm.

Əvvəla, onu deyim ki, forum iştirakçısı olan tanınmış, dünya siyasətində söz sahibi olan xarici qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevi önəmli humanitar ideyaların təşəbbüsçüsü, bir sıra bəşəri dialoq təşəbbüslərinin müəllifi kimi tanıdıqlarından toplantı başlamamışdan onun budəfəki çıxışından da yeni gözləntiləri olduğunu bildirirdilər. Tanış olduğumuz ayrı-ayrı qonaqlar salam-kəlamdan sonra Bakı forumunun təşkilində Azərbaycan rəhbərinin yüksək himayədarlığını xüsusi qeyd edir, onun dünya humanitar siyasətinə verdiyi mesajların aktuallığını vurğulayırdılar.

Buna görə də forum iştirakçıları İlham Əliyevin budəfəki çıxışını da səbirsizliklə gözlədilər və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə salona daxil olmasını böyük səmimiyyət və coşğu ilə qarşıladılar. Bütün bunlar onu göstərir ki, Bakı məclisinin yüksək səviyyəli qonağı olan, ümumi sabah üçün narahatlıq keçirən və məsuliyyət hissi daşıyan ağıllı insanlar artıq Azərbaycan rəhbərini beynəlxalq səviyyəli siyasətçi və dövlət xadimi hesab edirlər.

İkincisi, forumda da deyildiyi kimi, bu gün başabəla siyasətçilər, üzdəniraq diplomatlar dünyada bir sıra qarşıdurma regionları yaradır, insanlığı dini, irqi, mədəni, siyasi ayrıntılarla təhdid edirlər. Belə bir dövrdə Azərbaycanın dövlət başçısının hərtərəfli dialoqu genişləndirməyə, bəşəri ideyaları ucaltmağa xidmət edən çağırışları və öz ölkəsində bu yöndə yeritdiyi siyasət xarici aləmdə çox böyük populyarlıq və nüfuz qazandırmışdır.

İlham Əliyevin 500-dən çox xarici qonağın qarşısında onların hamısının başa düşdüyü ingilis dilində, sinədən və səlis nitq söyləməsi forumda hədsiz maraq və böyük məmnunluqla qarşılandı. Azərbaycan rəhbərinin çağdaş dünyanın tanınmış dövlət adamları və humanitar mütəxəssisləri ilə tərcüməçisiz, canlı ünsiyyət qurması mükəmməl bir dialoq nümunəsi kimi Bakı müzakirələrinin də açıq, səmimi olmasına müstəsna təsir göstərdi.

Üçüncüsü, Azərbaycan Prezidenti çıxışında dünyada qlobal mədəni dialoqun önəmini bir daha açıqladı. Ölkəmizin başçısı Azərbaycanın bu proseslə bağlı çağırışlara böyük haqqı çatdığını xatırladaraq bildirdi ki, onun 2011-ci ildə mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsü ölkəmizin tarixi, coğrafiyası və xalqımızın düşüncəsindən qaynaqlanırdı. Məhz buna görə xalqımız və dövlətimiz dünyanı təhlükəsiz etmək üçün sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqinə müstəsna önəm verir.

Dördüncüsü, tarixən milli varlığımıza qənim kəsilmiş ermənilərin fasiləsiz olaraq ölkəmizə böhtanlar atması, dövlətimizi dini, etnik, dözümsüzlükdə, xalqımızı siyasi, mədəni ayrı-seçkilikdə suçlamasının müqabilində Prezident İlham Əliyev Bakıda qurulmuş nüfuzlu beynəlxalq tribunadan bir daha bəyan etdi ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük ölkəsi və müxtəlif etnosların birgə yaşadığı ərazi olmuşdur.

Azərbaycan lideri qətiyyətlə bildirdi: tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik. O qeyd etdi ki, Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu qədim, zəngin mədəni irsə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Odur ki, biz tariximizlə, bəşəri dəyər daşıyan abidələrimizlə fəxr edirik. Bu irs əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda mehriban, bir yerdə yaşayıb-yaratdıqlarını göstərir.

Nəhayət, Azərbaycan ­Prezidenti bu həqiqətin ən qədim sübutlarını xatırladaraq söylədi ki, dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə də bizim qədim Şəki şəhərindədir. O vurğuladı ki, Azərbaycanın tarixi mədəni müxtəlifliklə yoğrulmuşdur. Bu tarix mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmaqda, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülər qurmaqda yeganə yol olduğunu bütün dünyaya əyani göstərir.

Xalq şairi açıqlamasının ­sonunda dedi:

– Prezident İlham Əliyevin tarixi həqiqətlər və Azərbaycanın bugünkü gerçəkliyi timsalında səmərəli dialoqun, qarşılıqlı-faydalı əməkdaşlığın dünyada ümumi inkişafa və yüksək rifaha xidmət etdiyini inandırıcı surətdə ortaya qoyan çıxışı böyük razılıqla qarşılandığı kimi, həm də forumun gedişində ciddi istinadlara mövzu oldu, ortaq qənaətlərin formalaşmasına ciddi təsir etdi. Forum çağdaş dünyada dialoqun dərinləşməsində, hər cür ayrı-seçkiliklərin və qarşıdurmaların aradan qaldırılmasında Azərbaycan dövlətinin məramını və onun humanitar çağırışlarının önəmini dünyanın siyasi-diplomatik dairələrinə bir daha ünvanladı.

Əvvəldə dediyim kimi, Azərbaycanın səsi qlobal informasiya məkanında ucadan və geniş yayıldı. Dünya bir daha gördü ki, Azərbaycan tarixən olduğu kimi, bu gün də dünyaya, ali bəşəri dəyərlərə açıqdır. Beynəlxalq aləmə bir daha bəyan edildi ki, dünyanın önəmli nəqliyyat və enerji dəhlizləri Azərbaycandan keçdiyi kimi, xalqları birləşdirən, onları ortaq hədəflərə yönəldən ideya və çağırışlar da burada qovuşur və yayılır.

 

Söhbəti qələmə aldı:

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2019.- 5 may.- S.4.