Babaların yolu ilə  

 

İkinci dünya müharibəsi XX əsrdə bəşəriyyət üçün dəhşətli dövr olub. Müharibənin başa çatmasından 74 il keçsə də, bütün dünya üçün faciəli fəlakətlər dövrü kimi yadda qalan həmin qanlı-qadalı illər hələ də undulmur. Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin ildönümü münasibətilə hər il təntənəli mərasim keçirilir. Xalqımızın fəxri olan Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlığı böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Bu ağır döyüşdə misilsiz şücaət göstərmiş soydaşlarımızın xidmətləri heç vaxt unudulmur.Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva İkinci dünya müharibəsinin veteranları ilə görüşür, onları Qələbənin ildönümü münasibətilə təbrik edirlər.

İkinci dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə Azərbaycanın böyük payı var. Həmin illərdə xalq özünün 650 mindən çox oğul və qızını cəbhəyə yola salıb. Onların təqribən yarısı döyüşlərdə həlak olub. Bu müharibədə göstərdikləri igidliyə görə Azərbaycan vətəndaşlarından 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Azərbaycanın əsgər və zabitləri Brest, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belarus, Pribaltika cəbhələrində cəsarətlə vuruşublar. İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksəkkeyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.

 Fəxr edir və qürur hissi keçirirəm ki, atam Hacalı Şalı oğlu Şıxəliyev də bu müharibədə mərdliklə vuruşub və Berlinə qədər gedib. 1939-cu ildə atam Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Ukraynanın İvano-Frankovsk vilayətinə hərbi xidmətə göndərilirb. Müharibəyə də həmin ərazidən yollanıb. Müxtəlif cəbhələrdə vuruşan atam 1942-ci ildə təcrübəli döyüşçü kimi Stalinin ehtiyat komandasının tərkibinə daxil edilir. Bu komandanın tərkibində bütün döyüş tapşırıqlarında iştirak edib. Stalinqrad uğrunda ağır döyüşlərin iştirakçısı olub.

1943-cü ildə hərbi hissələrdə zabit çatışmazlığını nəzərə alaraq atamı Qorkiyə zabitlər hazırlayan kursa göndərirlər. Bir ildən sonra yenidən cəbhənin qaynar nöqtəsinə zabit kimi qayıdır. Sonradan marşal G.K.Jukovun komandan olduğu I Belorusiya cəbhəsinə göndərilib. Atam müharibədən sonra deyirdi ki, bizim hissəmizə yalnız təcrübəli döyüşçülər göndərilirdi. Döyüşə-döyüşə Berlinə qədər gedən atam Qələbəni orada qarşılayıb.

Hacalı Şıxəliyev müharibədən qayıdanda sinəsini orden və medallar bəzəyirdi. Müharibədən sonra da – 1946-cı ildə atamı təcrübəli zabit kimi SSRİ Silahlı Qüvvələrində xidmətini davam etdirməyə çağırırlar. Lakin ailə vəziyyətinin ağırlığını nəzərə alıb onu Bakıdakı Salyan kazarmasına göndərirlər.

1950-ci ilə qədər hərbi qulluqda olan atam öz ərizəsi ilə xidmətdən tərxis olunub və Sabirabad Rayon Partiya Komitəsində hərbi şöbədə fəaliyyətini davam etdirib.

On uşaq – yeddi oğlan, üç qız böyüdən atam övladlarının hamısına təhsillərini davam etdirməyə şərait yaradıb. O, tez-tez övladlarını, nəvələrini ətrafına toplayıb müharibənin ağrılarından, dağıntılarından, ana-bacıların sinəsinə çəkdiyi dağdan danışardı. Deyərdi ki, Vətən yolunda, torpaq uğrunda mübarizə aparmaq, döyüşmək, şəhid olmaq şərəfdir. Vətən anadır, namusdur, qeyrətdir.

Onun nəvələrindən biri – Teymur Şıxəliyev babasının yolunu davam etdirmək qərarına gəldi. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsinə baxmayaraq, gələcək taleyini hərbi xidmətə bağladı. Təlim – tədris mərkəzində 3 aylıq kurs keçdikdən sonra hərbi qulluqçu oldu və 14 ildir ki, bu sahədə çalışır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində baş zabitdir, mayor rütbəsinə qədər yüksəlib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun nizam-intizama ciddi nəzarəti, əsl hərbçi qətiyyəti və hadisələrə obyektiv münasibəti bu sahədə çalışanların, o cümlədən oğlumun öz peşəsinə məsuliyyətini daha da artırıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu dövlət siyasətinin prioritetinə çevirməsi, hərbi xidmətçilərə, müharibə veteranlarına xüsusi qayğısı yetişən gənc nəsildə böyük ruh yüksəkliyi yaradıb. Biz 2016- cı ilin Aprel döyüşlərində də bunun şahidi olduq. Dörd gün davam edən döyüşdə ordumuz Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Xalqımız 1945-ci il alman faşist işğalçıları üzərindəki Qələbədən sonra ən böyük Qələbə sevincini 2016-cı ilin aprelində bir daha yaşadı.

Hər il 9 May – Qələbə bayramı ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Ulu öndər Heydər Əliyevin “Xalqımızın qızıl fondu” adlandırdığı müharibə veteranlarına birdəfəlik maddi yardımlar göstərilir. Prezident İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində ardıcıl olaraq mühüm addımlar atır, hər il onlara maddi yardım verilməsi ilə bağlı sərəncamlar imzalayır.

 Babaların yolunu şərəflə davam etdirən gənc nəslin Qələbə bayramını torpaqlarımızı azad etməklə, Şuşada, Xankəndidə və işğal altında olan digər şəhərlərimizdə Azərbaycan bayrağını dalğalandırmaqla qeyd edəcəyimizə böyük inam və ümidimiz var. Bu inamı xalqımızda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş siyasi kursu yaradıb.

 

Əlabbas ŞIXƏLİYEV,

Sabirabad rayonu

 

Xalq qəeti.- 2019.- 9 may.- S.12.