Qayğıkeşliyin, mərhəmətin və

xeyirxahlıq missiyasının 15 ili 

 

Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 15 il keçir. Ötən dövr ərzində fond böyük uğurlara imza atmış, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müvəffəqiyyətlərin əldə olunmasına öz dəyərli töhfəsini vermişdir. Azərbaycanda yeni xeyriyyəçilik ənənəsinin əsasını qoymaqla yanaşı, Heydər Əliyev Fondu ötən 15 il ərzində ölkəmizin zəngin maddi-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliğində, habelə mədəniyyətlərarası və dinlərarası fəal dialoqun aparılmasında və əlaqələrin gücləndirilməsində misilsiz rol oynayır.

 

Böyük irsin işığında

 

Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi azərbaycançılığın qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu mənada çoxaspektli fəaliyyətinin qayəsi məhz azərbaycançılıq və dövlətçilik olan ulu öndərin irsinin öyrənilməsi və təbliği tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də müasir tariximizin yaşadılması baxımından vacibdir. Məhz ümummilli liderin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi hər bir azərbaycanlının taleyində oynadığı müstəsna rolunu nəzərə alan Heydər Əliyev Fondu bu şərəfli, eyni zamanda, məsuliyyətli missiyanı yeririnə yetirmək məqsədilə 10 may 2004-cü il tarixdən fəaliyyətə başladı. Cəmiyyətin sosial sifarişi nəzərə alınaraq Heydər Əliyev Fondu yaradıldı. Əsas missiyası Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadihumanitar inkişafı dəstəkləməkdən ibarət olan fond ötən müddət ərzində öz üzərinə düşən missiyanı uğurla yerinə yetirir.

2004-cü ildə qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlamış Heydər Əliyev Fondu bir sıra yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirməklə ölkənin sosial-iqtisadi və mədəni inkişafına, eləcə də xarici ölkələrdə Azərbaycanın tanıdılmasına öz töhfəsini verməkdədir. Fond UNESCO və ­ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar, xarici ölkələrdəki qeyri-hökumət qurumları, elm, səhiyyə, təhsil və mədəniyyət müəssisələri ilə səmərəli əlaqələr qurur, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, milli mədəniyyətin xarici ölkələrdə geniş təbliğində, qarşılıqlı mədəniyyət mübadiləsində, dövlətlərin və xalqların mədəni inteqrasiya prosesində fəal iştirak edir. Fondun dünyanın bir sıra guşələrində, o cümlədən Rusiya, Rumıniya, Türkiyə və ABŞ-da nümayəndəlikləri də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun məqsədlərinə ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək daxildir.

Bundan başqa, fond elmi tədqiqatların aparılmasına yardım göstərir, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirir, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət göstərir. Ən əsası, fond yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək, uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək kimi mühüm məsələləri də diqqət mərkəzində saxlayır. Qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verilməsi, respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirilməsi, onlarla birgə layihələr həyata keçirilməsi, Azərbaycan ərazisində və xaricdə aktual mövzulara dair konfransseminarlar təşkil edilməsi də Heydər Əliyev Fondunun fəaliyyət məqsədlərinə daxildir.

 

Ümid yeri, mərhəmət ünvanı

 

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyətə başladığı andan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və humanitar-mədəni həyatında müstəsna rol oynamaqdadır. Ötən 15 il ərzində Heydər Əliyev Fondu öz dəyərli faəliyyəti ilə bu həqiqəti təsdiq etmişdir. Sosial rifah məsələsi, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu cəmiyyətin sosial qayğıya ehtiyacı olan qruplarına yardım etməklə ümumi işə öz misilsiz töhfəsini verməyə çalışır. Sosial layihələri, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün mütəmadi olaraq tədbirlər keçirir. Qayğıya ehtiyacı olan uşaqların sevincini bölüşmək, daim onların yanında olmaq kimi missiyanı üzərinə götürən Heydər Əliyev Fondunun təşkil etdiyi çoxsaylı aksiyalar cəmiyyətin fonda olan hörmətini daha da artırır. Belə tədbirlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, həmçinin fondun vitse-prezidenti Leyla Əliyevanın valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla mütəmadi şəkildə görüşmələri, onların təlim-tərbiyəsi ilə maraqlanmaları, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün təşkil edilən müxtəlif tədbirlər və proqramlarda onlarla birgə olmaları Azərbaycan cəmiyyətində yüksək rəğbətlə qarşılanır.

Heç kimə sirr deyil ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli hər zaman dövlətimizin diqqət mərkəzindədir. Bu təbəqədən olan insanların yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində ölkəmizdə xeyli işlər görülməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbrlik etdiyi Heydər Əliyev Fondu tərəfindən hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəbli ləvazimatından ibarət hədiyyələrin təqdim olunması, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlərin keçirilməsi, eləc də Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə çoxsaylı məktəb binalarının tikilib istifadəyə verilməsi də qayğı və diqqətin bariz numunəsidir. Prezident İlham Əliyevin diqqətində olan ən vacib məsələ məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılmasıdır və bu günə qədər çox böyük işlər görülmüş, 300 mindən artıq insan evlə təmin olunmuş və bundan sonra da təmin olunacaq. Təkcə bu il ərzində 6 min mənzil təhvil veriləcək. Göründüyü kimi, Heydər Əliyev Fondu dövlətin diqqət ayırdığı vacib sosial layihələrə ciddi dəstəyini göstərir və bu dəstəyin bundan sonra da davam etdirilməsi üçün güclü iradə və istək var.

 

Gələcəyə töhfə

 

Məqsədlərinin əhəmiyyətinə və miqyasına görə fərqlənən fond ötən illərdə ümummilli lider Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək vermişdir. Xüsusilə də fondun gələcəyimiz olan təhsilin inkişafına göstərdiyi böyük təsir danılmazdır. Təsadüfi deyil ki, ilk dövrdən təhsilə yardımı vacib hesab edən fond ictimaiyyətin diqqətini müasir dünyada hər bir ölkənin inkişafının əsasında dayanan təhsilə yönəltmişdi. Bu fəaliyyətin özünün əksini “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsində tapmışdır. Ötən dövr ərzində fondun xətti ilə inşa olunan orta məktəblərin sayı 500-ü keçmişdir. Bununla yanaşı, “Təhsilə dəstək” layihəsini də uğurla həyata keçirən Heydər Əliyev Fondu Pakistanda zəlzələ zamanı dağılmış qızlar məktəbini yenidən inşa etdirmiş, Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb, həmçinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur. Bakıda yəhudi uşaqlar üçün 450 şagird yerlikXabad-Or-Avner” təhsil mərkəzi və fransız liseyi yaradılmışdır. Fond məktəbəqədər təhsil müəssisələri ilə bağlı mühüm addımlar atmış, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” Proqramını irəli sürmüşdür. Bu proqram çərçivəsində respublikanın 60 şəhər və rayonunda, ümumilikdə, 13 min 625 uşaq yerlik 123 körpələr evi-uşaq bağçasının inşası nəzərdə tutulmuşduronlardan 80-i artıq istifadəyə verilmişdir. Bundan başqa, ictimaiyyət arasında daha çox rəğbətlə qarşılanmış “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində ölkə üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı təmir edilmiş və avadanlıqla təchiz olunmuşdur.

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Bir sıra xarici təşkilat və şirkətlərin (“World Vision”, “JP Morgan”, “Exxon Mobil”, Rusiyanın “Puşkin kitabxanası” Fondu) fonda hədiyyə etdikləri müxtəlif adda çoxsaylı nəşrlər ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına paylanmışdır. Bundan əlavə, fond hər il yeni faydalı nəşrlər hazırlayaraq aidiyyəti üzrə təhsil müəssisələrinə paylayır. Qeyd etmək vacibdir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi irimiqyaslı layihələr təhsil sahəsində əsaslı dönüş yaratmışdır.

 

Nəciblik və humanizm simvolu

 

Xeyirxahlıq, mərhəmət Azərbaycan xalqına xas insani keyfiyyətlərdir və bu müsbət xüsusiyyətlərimiz əsrlər boyu mədəniyyətimizin inkişafında öz əksini tapmış və gələcək nəsillərə ötürülmüşdür. Bu gün Heydər Əliyev Fondu məhz bu ənənələri uğurla davam etdirir. Qədim Yunanıstanın “yeddi müdriklər”indən biri hesab edilən Solon yazırdı ki, həyatın ən yüksək qayəsi xeyirxahlıq və bilik əldə etməkdir. Fondun prezidenti Mehriban xanım Əliyeva müsahibələrinin birində xeyirxahlıq bunları demişdi: “Mən əsas diqqəti sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirmək istəyirəm. Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır-istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”. Köməyə ehtiyacı olanlara yardıma etməyə tələsməklə və onların çoxsaylı problemlərini həll etməklə Mehriban xanım Əliyeva xeyirxahlığının səmimilikdən ayrılmaz olduğunu dünyaya nümayiş etdirir. İnsanları xoşbəxt görmək Birinci xanımın ali arzusudurböyük bəstəkar Lüdviq van Bethovenin dediyi kimi, xoşbəxtliyə şəfqət və mərhəmətlə çatmaq mümkündür, Mehriban xanım Əliyeva da məhz bu prinsipə sadiq olaraq həmvətənlilərinin xoşbəxt olmaları üçün çalışır, köməyini əsirgəmir.

Nəcib və humanist, xeyirxahlıq simvolu olan Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafında atdığı addımları, ölkənin quruculuq proseslərindəki iştirakı və hərtərəfli fəaliyyəti xalq tərəfindən yüksək qiymətləndirir. Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətində olduğunu bəyan edən Mehriban xanım Əliyeva mərhəmətsizlik və laqeydliyin qorxulu anlayış olduğunu diqqətə çatdıraraq, istər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumağın vacib olduğunu vurğulayır. Bu gün Birinci vitse-prezident yüksək əməllərilə bu həqiqəti nümayiş etdirir və özünəməxsus xüsusiyyətləri ilə seçilən Mehriban xanımın çoxşaxəli fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.

 

Mədəniyyətə qayğı, bəşəri dəyərlərə dəstək

 

Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində çox əhəmiyyətli rol oynamaqdadır. 15 ildir ki, fond müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfransfestivallar keçirməyə müvəffəq olmuşdur. Fondun xüsusilə də mədəniyyətimizin təbliğində və mühafizəsində nümayiş etdirdiyi fəaliyyətin səviyyəsi hər bir kəsi heyran qoyur. Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, yaradıcı gənclərin dünyanın aparıcı ali məktəblərində təhsil almasının dəstəklənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Klassikmüasir Azərbaycan ədəbiyyatı nümunələrinin xarici dillərə, dünya ədəbiyyatı incilərinin Azərbaycan dilinə tərcümə edilərək nəşr olunmasına, ölkəmizin tarixi həqiqətlərini, milli mədəniyyət və incəsənətimizi əks etdirən çoxsaylı çap məhsullarının hazırlanmasına fond tərəfindən xüsusi dəstək verilmişdir.

Qeyd edək ki, 1995-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Bu illər ərzində fondun himayəsi altında müxtəlif müsabiqələrdən, bədii sərgilərdən tutmuş, xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər çoxsaylı layihələr həyata keçirilmişdir. Müxtəlif dövrlərdə icra olunmuş bütün bu layihələri birləşdirən əsas məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək səviyyəsini qoruyub saxlamaqdır. Bundan başqa, Heydər Əliyev Fondu Azərbaycanı mədəniyyətlərarası dialoq-barış məkanına çevirmişdir. Mədəniyyətin inkişafı, dünyaya inteqarsiya etməsi, mədəniyyətə qayğı Heydər Əliyev Fondunun milli-mənəvi irsə necə böyük həssaslıqla yanaşdığını göstərir. Xüsusilə Azərbaycan muğamının dünyada tandılmasında fondun fəaliyyəti yüksək dəyərlərə layiqdir. 2005-ci ildən başlayaraq, xalqımızın musiqi incilərindən olan muğamın inkişafı və təbliği ilə bağlı mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir. Milli sərvətimiz, mənəvi dəyərlərimizin daşıyıcısı olan muğamın təbliğində Heydər Əliyev Fondunun başladığı işlərin bəhrəsi olaraq mədəniyyətlərarası dialoq bu günuğurla davam edir. Bütün bunlar Azərbaycan xalqının mədəni irsinin qorunmasında və beynəlxalq aləmin diqqətinə çatdırılmasında, həmçinin təbliğində böyük əhəmiyyət kəsb edir.

Beləliklə, Heydər Əliyev Fondu 15 ildir Azərbaycanın mədəniyyət tarixində silinməz iz buraxacaq layihələrin həyata keçirilməsində fəaliyyətini davam etdirir. Belə layihələr Azərbaycan mədəniyyətinə öz töhfəsini verən sənətkarlara, mədəniyyət nümayəndələrinə səmərəli fəaliyyət göstərmək üçün geniş imkanlar, əlverişli şərait yaradır. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması ilə yanaşı, xalqımızın dünya musiqi mədəniyyətinə yaxından bələd olması istiqamətində davamlı gedir. Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Mehriban xanım Əliyeva təkcə Azərbaycanda deyil, eləcə də beynəlxalq mədəni proseslərdə yaxından iştirak edir, xüsusilə mədəniyyətlərarası dialoqla bağlı təşəbbüsləri dəstəkləyir. Ölkəmizin ictimai-siyasi, eləcə də humanitar-mədəniyyət həyatında fəal iştirak edən Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın müsbət imicinin formalaşdırılması və təşviqinə böyük töhfələr verir.

 

Səbuhi Məmmədov

 

Xalq qəzeti.- 2019.- 11 may.- S.11.