“Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

¹ 219   

Bakı şəhəri, 13 may 2019-cu il

 

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 1, maddə 60; 2012, ¹ 5, maddə 484, ¹ 6, maddə 625, ¹ 10, maddə 1008; 2013, ¹ 10, maddə 1230; 2015, ¹ 12, maddə 1561; 2016, ¹ 10, maddə 1701, ¹ 12, maddə 2239; 2017, ¹ 4, maddə 640, ¹ 12 (II kitab), maddə 2536; 2018, ¹ 5, maddə 1143, ¹ 11, maddə 2429)  1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:

3.1. tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

3.2. bu Qərarın 3.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə  qərar qəbul edildiyi tarixdən iki ay müddətində bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini təsdiq etsinlər;

3.3. bu Qərarın 3.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər;

3.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər.  

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə  təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrini bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən iki ay müddətində və nizamnamələrində dəyişiklikləri bu Qərarın 5.4-cü bəndində nəzərdə tutulmuş təklif təqdim edildiyi gündən bir ay müddətində təsdiq etsin.

5. Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər:

5.1. tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər;

5.2. bu Qərarın 5.1-ci bəndində nəzərdə tutulmuş yenidən təşkiletmə barədə  qərar qəbul edildiyi tarixdən bir ay müddətində bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər;

5.3. bu Qərarın 5.2-ci bəndində nəzərdə tutulmuş nizamnamələr təsdiq edildikdən sonra tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər;

5.4. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrində dəyişikliklərin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etsinlər və bundan irəli gələrək tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətləri beş gün müddətində etmələrini təmin etsinlər. 

6. Bu Qərarın 3.1-ci və 5.1-ci bəndlərinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə həvalə edilsin.

7. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Novruz MƏMMƏDOV

Azərbaycan Respublikasının Baş Naziri

 

Xalq qəzeti.- 2019.- 16 may.- S.3.