“Muzeylər və Nəsimi irsi 

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Muzeylər və Nəsimi irsi” proqramı üzrə təşkil edilən muzey həftəsinin açılış mərasimi olub.

 

Artıq beşinci ildir həyata keçirilən layihə çərçivəsində mayın 18-dək “Nəsimi ili” ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olunacaq.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib: “Muzey həftəsinin keçirilməsi Azərbaycanda ənənə halı alıb. Bildiyimiz kimi, 18 may tarixi dünyada Muzey Günü kimi qeyd olunur. Azərbaycan isə öz daxilində bu günü bir az geniş şəkildə qeyd edir. Azərbaycan beynəlxalq tədbirlərdə iştirak edir, öz məhsulunu nümayiş etdirir. Bizim də məqsədimiz ondan ibarətdir ki, gənclərimiz muzeylərə maraq göstərsinlər. Sevindirici haldır ki, gənclər bu layihəyə qoşulurlar. Onların muzeylərə səfərlərini təşkil etmək, muzeyin fəaliyyəti ilə bilavasitə tanış etmək Azərbaycan mədəniyyətinin inkişafına yaxşı təsir göstərən bir amildir”.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov gənclərin muzeylərə ekskursiyasının təşkilini çox müsbət hal kimi qiymətləndirib. Bildirib ki, artıq 270 məktəb bu layihəyə qoşulub. Bu, hər bir şagirdin hərtərəfli formalaşması üçün çox vacibdir. Çünki muzeyin ekspozisiyalarını görmək, orada ədəbiyyat, tarix dərslərini aparmaq olduqca səmərəlidir.

Nazir onu da qeyd edib ki, Mədəniyyət və Təhsil nazirliklərinin birgə əməkdaşlığı nəticəsində uşaqların hərtərəfli inkişafı üçün teatrlara da gedişlər təşkil olunacaq. Yeni layihədən söhbət açan C.Bayramov məktəblərdə dram, təsviri və dekorativ tətbiqi sənət üzrə festivalların həyata keçiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova layihənin önəmini qeyd edib.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 17 may.- S.10.