Turizm Azərbaycanda sürətlə inkişaf edir 

 

Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik  ki, burada istənilən təbii şərait, istənilən iqlim var.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Zəngin mədəniyyətə, qədim tarixə, yüksək qonaqpərvərliyə malik olan Azərbaycanda turizm sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Son illərdə ölkəmizdə turizmin inkişafı istiqamətində böyük layihələr icra olunub, müasir infrastruktur yaradılıb. Həmçinin turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr gerçəkləşdirilib.

 

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN viza” sisteminin yaradılması haqqında” (1 sentyabr 2016-cı il), “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” (2017-ci il 20 fevral) sərəncamları ölkədə qeyri-neft sektorunun perspektivli sahələrindən olan turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Prezidentin də qeyd etdiyi kimi, “ASAN viza” sistemi ölkəmizə səfər edən əcnəbi vətəndaşların sayının qısa müddətdə sürətli artımını təmin etmişdir.

Xüsusilə ötən bir il müddətində turizmin inkişafına diqqət daha da artırıldı. Bu sahədə aparılan struktur islahatları gələcək fəaliyyəti stimullaşdırmaq üçün imkanlar yaratdı. Belə ki, 2018-ci il aprelin 20-də Prezidentin imzaladığı fərmanla Mədəniyyət və Turizm Nazirliyi ləğv olundu, onun əsasında Mədəniyyət Nazirliyi və ayrıca Dövlət Turizm Agentliyi yaradıldı. 2018-ci il sentyabrın 20-də isə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” yeni sərəncam imzalandı və agentliyin nizamnaməsi və strukturu təsdiq olundu.

Strateji Yol Xəritəsində paytaxt Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradıldı. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi və fərqli səviyyələrdə təkrar brendin seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması istiqamətində fəaliyyəti həyata keçirir.

Milli Turizm Təbliğat Bürosunun qarşısında qoyulan vəzifələrdən biri Bakı şəhərinə daha çox turistin cəlb olunması üçün onlayn məlumat platformasının yaradılması idi. Büronun “azerbaijan.travel” və “salambaku.travel” saytlarının istifadəyə verilməsi də bu məqsədə xidmət edir.

Azərbaycan dünyanın turizm xəritəsində özünə layiqli yer tutmaqdadır. Turistlər ilin bütün fəsillərində ölkəmizdə gözəl istirahət edə bilərlər. Şahdağ Turizm Mərkəzi, Tufandağ Qış-Yay Turizm Kompleksinin fəaliyyətə başlaması ilə ölkəmizdə turizmin mövsümiliyi aradan qalxıb. İndi paytaxtda və digər şəhərlərdə dünyanın məşhur brend hotelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.

Xarici turistlərin Azərbaycana rahat səfər etmələri üçün bir sıra MDB ölkələrinin vətəndaşları vizasız, bəzi ölkələrin vətəndaşları isə sadələşdirilmiş viza əldə edə bilirlər.

“Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən yerli və regional turistlər üçün sağlamlıq turizmi üzrə tələbatın yenidən formalaşdırılması, qış turizminin inkişafının dəstəklənməsi, mədəni turizm marşrutlarının yaradılması və davamlı turizm potensialının gücləndirilməsi (kənd turizmi, ekoturizm və s.), habelə işgüzar turizmin (MİCE) inkişafı istiqamətində müvafiq işlərin görülməsi davam etməkdədir.

Bundan başqa, keçmişdə Qafqaz regionundan keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan “Böyük İpək Yolu” mədəni turizm marşrutu turistlər üçün cəlbedicidir. Eləcə də, müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri”, “Azərbaycanda polyak izləri”, “Babaların tarixi zəfər və şəhadət yolu” kimi mədəni turizm marşrutları yaradılmış, bəzi marşrutlar pasportlaşdırılmışdır.

Statistik göstəricilərə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan birinə çevrilmişdir. Belə ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında sabit artım müşahidə edilmişdir. Bakı beynəlxalq miqyasda tanınan turizm məkanları ilə biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının əsas təkanverici qüvvəsi olmuşdur.

Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi ilə, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə bu günlərdə Bakıda III Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci forumu keçirilib.

“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdirilən bu tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 150 nəfər xarici və yerli qonaq iştirak etmişdir.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın idarə heyətinin üzvüdür.

Demək olar ki, Azərbaycan dünyanın bir sıra ölkələrində beynəlxalq turizm sərgilərində təmsil olunur. Bu isə özlüyündə ölkəmizin turizm potensialının təbliğində əhəmiyyətli rol oynayır.

Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə Azərbaycanın 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevrilməsi başlıca hədəflərdən biridir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir.

Ölkəmizdə turizm siyasəti kompleks xarakter daşıyır. Bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi, həyata keçirilən davamlı tədbirlər turizmin bütün sahələrində mühüm nailiyyətlər qazanılmasına imkan yaradacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 17 may.- S.8.