“Məkanın harmoniyası.

Azərbaycanın ənənəvi incəsənəti” 

 

Azərbaycan Xalça Muzeyi tərəfindən “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Moskva şəhərində fəaliyyət göstərən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin əsas ekspozisiyasında Azərbaycana aid eksponatların etiketikasında düzəlişlər edilmişdir. Belə ki, eksponatlara aid məlumatlarda xalçaların istehsal olunduğu məkan kimi Azərbaycan göstərilir.

 

Qeyd edək ki, bu düzəlişə qədər Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində ölkəmizə aid eksponatların istehsal yeri qeyd olunmamışdı. Bununla əlaqədar Azərbaycan Xalça Muzeyi tərəfindən Şərq Xalqları Muzeyinin rəhbərliyinə dəfələrlə müraciət ­edilmişdir.

Daha sonra konstruktiv danışıqlar nəticəsində muzeylər arasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələri qurulmuşdur. Bu əməkdaşlıq nəticəsində ilk olaraq cari ilin aprel-may aylarında adıçəkilən muzeylərin birgə təşkilatçılığı ilə “Məkanın harmoniyası. Azərbaycan ənənəvi incəsənəti” adlı sərgi keçirilmişdir. Sərgidə hər iki muzeyin kolleksiyalarından Azərbaycan inciləri, o cümlədən Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ilk eksponatı olan Azərbaycan XIX əsrə aid ölkəmizin dilbər guşəsi Qarabağda toxunan “Bəhmənli” xalçası da təqdim olunmuşdur.

Həmçinin Azərbaycan Xalça Muzeyi tərəfindən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasında qorunan Azərbaycana aid otuza yaxın eksponatın, o cümlədən, xalçaxalça məmulatı, mis qab və bədii tikmə nümunələrinin elmi atribusiyası aparılmışdır. Yenilənmiş informasiya bu muzeyin məlumat bazasına əlavə olunmuşdur.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2019.- 18 may.- S.10.