Jurnalist tələbələr üçün

“Əşrəf Hacıyev dərsi”  

 

Əslində, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bəzi mühazirələrin hansısa görkəmli jurnalistin yaradıcılığına həsr edilməsi ənənəsi çoxdan mövcuddur. Ona görə də fakültənin təcrübəli müəllimlərindən olan professor Cahangir Məmmədlinin öz növbəti mühazirəsini “Əşrəf Hacıyev dərsi” adlandırması o qədər də qeyri-adi deyildi. Amma bu dərsdə beşi professor, təxminən bir o qədəri də fəxri adlara layiq görülmüş qələm sahiblərinin mühazirə oxuması, sözün həqiqi mənasında, qeyri-adi idi. Üstəlik, bu mühazirənin dinləyicilərinə dörd dildə – Azərbaycan, ingilis, türkrus dillərində nəfis şəkildə nəşr edilmiş 294 səhifəlik “Biblioqrafik göstərici” kitabı da paylanılmışdı.

 

BDU jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlunun, fakültənin televiziyaradio jurnalistikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədlinin, fakültənin professoru Mahmud Mahmudovun, Əşrəf Hacıyevin qızı, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Arzu Hacıyevanın, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın, “Xalq qəzeti” baş redaktorunun birinci müavini Qüdrət Piriyevin, qəzetin əməkdaşları İlqar Həsənov, Tahir Aydınoğlu və İttifaq Mirzəbəylinin də iştirak etdikləri mühazirədə Əşrəf Hacıyev yaradıcılığının bütün sahələri barədə ətraflı söz açıldı.

Qeyd edildi ki, Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə tədqiqatçı – mütəxəssis, 1958-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının üzvü, 1989-cu ildən isə Əməkdar jurnalist olan Əşrəf Əhmədpaşa oğlu Hacıyev ciddi jurnalist araşdırması, irəli sürdüyü mülahizələrində faktlara və məntiqə söykənməyin, yaradıcılığında sosial əhəmiyyətli məsələlər qaldırıb onların həlli yollarını tapmağın ustası idi. Milli ruh, xalq müdrikliyinə müraciət, kəsər, sərrast, səlis, ifadəli gözəl dil Əşrəf Hacıyevin publisistikasının səciyyəvi xüsusiyyətlərindəndir. Onun məqalələri geniş oxucu kütləsinə təsir edərək ictimai reaksiya doğurur, rəy formalaşdırırdı.

Xatırladıldı ki, mərhum publisist-yazıçı öz mülahizələrində sərbəst, müstəqil, prinsipial və cəsarətli idi. Bir çox hallarda hadisələrin qiymətləndirilməsində rəsmən qəbul edilmiş, vərdişə çevrilmiş şablon, standart rəyləri alt-üst edərək, özünün əks mövqeyini bildirir, fikrini əsaslandıraraq, məsələyə yeni baxış formalaşdırırdı.

 Qüdrət Piriyev dedi: “Əşrəf Hacıyev jurnalistikanın bütün sirlərindən xəbərdar, onun problemlərini, zəhmət yükünün ağırlığını işin içində olan insan kimi dərindən anlayan, sözün ən geniş mənasında, peşəkar, ustad qəzetçi idi. Əşrəf müəllim yazırdı ki, yazıçı üçün istedad, müşahidə qabiliyyəti, həyatı və insanların psixologiyasını bilmək, iti qələm əsər yazmağa imkan verir. Bunlar jurnalist üçün kifayət deyildir. Jurnalistin vaxtı yoxdur. O, bir məsələni operativ öyrənməli və araşdırmalı, tez müəyyən qənaətə gələrək obyektiv işıqlandırmalıdır”.

Tahir Aydınoğlu: “ Əşrəf Hacıyevi onun kamil jurnalistliyindən, yazıçılığından əlavə, haqsevərliyi, düz insan olması, vətənpərvərliyi də sevdirirdi. Əşrəf müəllim sadə həyat tərzi keçirməyin nümunəsini yaratmışdı. Heç kəsdən təmənna ummazdı. Sabitqədəm, zəhmətkeş və hamının üzünə çəkinmədən baxa bilən insan idi”.

İlqar Həsənov: “Bugünkü gənclərə “Əşrəf Hacıyev” mühazirələrinin oxunması təqdir olunmalı layihədir və fakültəmizin müəllimlərinin bu layihəsini dəstəkləyirəm. Elə Əşrəf müəllimin özü də əmək fəaliyyətinə “Azərbaycan gəncləri” qəzetində başlamışdı. OnunKommunist” – indikiXalq qəzeti”ndə çalışdığı 20 ilgözümün qabağındadır... Azərbaycanda belə jurnalistləri əldə çıraq axtarsan, ən yaxşı halda, 5-6 nəfər tapa bilərsən”.

Fakültənin müəllim və tələbələrinin də çıxışından sonra Arzu Hacıyeva mühazirənin təşkilatçılarına, qonaqlara və tələbələrə təşəkkürünü çatdırdı. Sonda professor Cahangir Məmmədli qeyd etdi ki, bu qəbildən olan mühazirələr davam etdiriləcək.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 25 may.- S.7.