Məqsəd üzümçülükdə

keçmiş şöhrəti qaytarmaqdır 

 

Ölkəmizdə həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı işgüzar fəallığın yüksəlməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun tərəqqisinə yönələn siyasəti, reallaşdırılan dövlət dəstəyi tədbirləri uğurlu nəticələrini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.

 

Rayonumuzda üzümçülük vaxtilə böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan ­Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” sözügedən sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Adıçəkilən dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir.

Bütün bunlar biz sahibkarlarda ruh yüksəkliyi yaradır, fəaliyyətimizdə yüksək göstəricilərin əldə olunmasını şərtləndirir. Fikrimin təsdiqi kimi diqqəti bəzi göstəricilərə yönəltmək istərdim. Xatırladım ki, 1999-cu ildə əkilən 1,5 hektar süfrə sortlu üzüm bağımız hazırda 10 hektara, hər hektarın məhsuldarlığı isə 10 tondan 30-35 tona çatdırılıb. Ailə-fermer təsərrüfatında 15 nəfər daimi işlə təmin olunub.

Biz, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şəhadətnaməsinə əsasən, hər il 0,50 hektar sahədə xəstəlik və ziyanvericilərə qarşı davamlı, ən məhsuldar müxtəlif texniki və süfrə sortlu üzüm tingiyetişdiririk. Bunun bir hissəsini təsərrüfatın genişləndirilməsində istifadə edir, qalan hissəsini isə ölkə daxilində satışa çıxarırıq.

Yeri gəlmişkən, biz üzümçülük və tingçiliklə yanaşı, arıçılıq, taxılçılıq, bostan-tərəvəzçiliyi də inkişaf etdiririk. Fəaliyyətimizdə yüksək nəticələr əldə olunması üçün aqrotexniki tədbirləri diqqət mərkəzində saxlamaqla bərabər, bu sahə ilə bağlı dünya təcrübəsindən də səmərəli bəhrələnməyə çalışırıq. Elə bu məqsədlə bir müddət bundan əvvəl on nəfərlik qrupla Avropa İttifaqı xətti ilə kənd yerləri və regional inkişafa dəstək proqramının icrasına yardım layihəsi çərçivəsində İtaliyada olduq. Səfər zamanı Venesiya, Toronto, Bolzano, VeronaPadova şəhərləri ətrafındakı üzümçülük-şərabçılıq fəaliyyəti göstərən bir neçə kooperasiyanın işi ilə ətraflı maraqlandıq.

Bolzano şəhəri yaxınlığında yerləşən şərab zavodu 5450 hektar sahənin üzüm məhsulunu qəbul edir. Həmin sahə yüzlərlə kiçik sahibkarın birləşdiyi kooperasiyalardan ibarətdir. Müəssisənin əldə etdiyi vəsaitin 70 faizi məhsul istehsalına görə kooperasiyalara ödənilir. Hazır məhsulun 1 kiloqramı isə keyfiyyətdən asılı olaraq 1,5-6 avro dəyərində qəbul edilir.

Fermerlərin təxminən 1-1,5 hektar təşkil edən üzüm sahəsində orta məhsuldarlıq 5-7 ton, şəkərlilik 15 faiz qeydə alınır. Bioloji təmiz (orqanik) məhsulların istehsalı daim diqqət mərkəzində saxlanılır. Sahələrdə xəstəlik və ziyanvericilərə qarşı isə əsasən kükürdgöy daşdan (bordo məhlulu) istifadə olunur.

Onu da qeyd edim ki, torpağa hansı bitkinin əkilməsi dövlətin müvafiq qurumlarının göstərişi əsasında həyata keçirilir.

Respublikamızda, o cümlədən Şamaxıdakı üzümlüklərlə İtaliyada becərilən üzüm bağlarını müqayisə etsəm, İtaliyada bitkilərin qidalanması, Günəşə olan tələbatının nəzərə alınması məsələsinə əhəmiyyət verilmədiyini deyə bilərəm. Bu ölkənin üzümlüklərində bitkiarası məsafə 50-60 santimetr, cərgəarası isə 1,60-2 metr təşkil edir. Torpaqları da münbitlik baxımından elə güclü deyil. Şübhəsiz ki, bu, hər hektarın məhsuldarlığının və şəkərliliyinin aşağı olmasına təsir göstərir. Lakin respublikamızda sortdan asılı olaraq cərgəarası məsafə 2-3, bitkiarası məsafə 1,50-2 metr, hər hektarın məhsuldarlığı 15-35 ton, şəkərlilik isə 18-22 faiz olur. Torpaqlarımızın da münbit olması heç kəsə sirr deyil. Ümumiyyətlə, ölkəmizdə yetişdirilən üzüm məhsulunun keyfiyyət və kəmiyyət göstəriciləri İtaliya ilə müqayisədə çox yüksəkdir.

İtaliya dünyada ən çox calaqaltı üzüm tingi yetişdirən ölkə kimi tanınsa da, olduğumuz bölgələrdə bunu görmədik. Səbəbi barədə isə heç bir məlumat verilmədi. Buradan belə bir qənaət hasil olur ki, italiyalı fermerlər artıq calaqaltı sortla əkilən üzüm bağlarının qısa ömürlü olduğunu bilirlər.

İtaliyada sahibkarların dövlət dəstəyi ilə istehsal etdikləri məhsulun satışında hansısa bir çətinlik nəzərə çarpmır. Bu isə orada kooperasiyanın uğurlu fəaliyyətindən xəbər verir.

Biz üzüm emalı (şərab) müəssisələrində də olduq. Ən böyük şərab zavodu ilə əlaqədar kooperasiyaların 5450 hektar, ən kiçik zavodun (sahibkarın) 4 hektar üzüm bağı vardır.

Müşahidələrimə əsasən deyə bilərəm ki, italiyalı fermerlər uzun dövr bu sahə ilə məşğul olduqlarından zəngin təcrübə əldə ediblər və bu, təsərrüfatlarda yüksək göstəricilərin qeydə alınmasına müsbət təsir göstərir. Burada üzümün satışında kooperasiyaların fəaliyyətinə xüsusi əhəmiyyət verilir. Eyni zamanda, şərabın ixracı coğrafiyasının genişləndirilməsinə də diqqət yetirilməklə bərabər, dünya bazarında mövcud sahə ilə bağlı fəaliyyətləri yüksək qiymətləndirilən şirkətlərlə çoxillik müqavilələr bağlanılır və üzümün şəkərlilik faizinə uyğun (15 faiz) şəkildə çox tünd olmayan şərab istehsal edilərək (şampans.) Avropa dəyərlərinə uyğun qiymətlərlə satılır. Onu da bildirim ki, şərab emalı, saxlanılması və qablaşdırılması zamanı bütün texnoloji proseslər müasir dünya standartlarına uyğun həyata keçirilir.

İtaliyada gördüklərimdən belə bir qərara gəlmişəm ki, yaxın gələcəkdə Şamaxıda kiçik həcmli mini şərab zavodu yaradıb məhsulumuzun bir hissəsini öz təsərrüfatımızda emal edək. Bunun üçün isə hər cür şərait – xammal (üzüm), bina, mütəxəssis və işçi qüvvəmiz vardır.

İtaliyanın aqrar sektorunda turizmin inkişafına da mühüm önəm verilir. Belə ki, səfər zamanı bir çox üzümçülük və şərabçılıq sahələrində çalışan sahibkarların turistləri qarşılamaq, onların istirahətlərini təşkil etmək kimi xidmətlər göstərmək üçün yüksək şərait yaratdıqlarının şahidi olduq. Bu isə sahibkarlara əlavə gəlir gətirməklə yanaşı, məhsulun reklam və satışına müsbət təsir göstərir.

Ölkəmizdə üzümçülüyün dinamik inkişaf etdirilməsi üçün fikrimcə, kooperasiyaların yaradılması vacib şərtlərdən biridir. Bunun üçün, ilk növbədə, maddi maraqsosial ədalət prinsipi əsas götürülməlidir. Belə ki, taxılçılıqda işin 98 faizi texnika ilə görülməklə, 4-5 dəfə texnikadan istifadə olunur. Üzümçülükdə isə bu proses qeyd edilən rəqəm 18-25-ə çatmaqla 80 faiz əl əməyi ilə icra olunur. Lakin yanacaqyağlama materiallarına görə, subsidiya hər iki məhsula (arpaüzüm) 50 manat həcmində ödənilir. Üzümçülükdə həmin rəqəm 150-200 manat olarsa, daha yüksək nəticələr əldə etmək mümkündür.

Ölkəmizdə, eləcə də Şamaxıda bu sahənin inkişafında əsas şərtlərdən biriistehsal edilən məhsulun ölkədə, eləcə də xaricdə satılmasına əlverişli şərait yaradılması, həmçinin şərab və şirə zavodlarının sayının artırılmasıdır.

Qeyd edilənlərlə yanaşı, sovet dönəmində işlədilən doludağıdan qurğuların bərpası əsas məsələlərdən biridir. Bu problemin aradan qaldırılması sığortaya olan ehtiyacımızın 90 faiz həlli deməkdir. Hazırda doludağıdan qurğulardan İtaliyada, eyni zamanda, iqtisadiyyatı Azərbaycandan xeyli dərəcədə aşağı səviyyədə olan Gürcüstanda da istifadə edilir. Xatırladım ki, həmin ölkələrdə kənd təsərrüfatı 98 faiz doludağıdan qurğularla mühafizə olunur.

Yuxarıda xatırlatdığım kimi, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə son illərdə kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən üzümçülüyün inkişafında xeyli görülüb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bununla bağlı vurğulayıb: “Dövlət kənd təsərrüfatına çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir”.

Bir fermer olaraq bildirmək istərdim ki, respublikamızda məşğul olduğum sahənin-üzümçülüyün daha da sürətli inkişafı üçün hər cür imkan var. Bu barədə yuxarıda bəzi məqamları xatırlatdım. Lakin mövcud potensialdan tam istifadə olunmadığını da etiraf etməliyik. Məsələn, kooperasiyaların mövcudluğunun əsas şərtlərindən biri olan marketinqin inkişafı, fikrimcə, bu gün arzu edilən səviyyədə deyil. Bu məsələ bütövlükdə həll olunarsa, sahibkar yetişdirdiyi məhsulun zay olub yararsız hala düşməməsi üçün möhtəkirlər qarşısında aciz qalmaz. Başqa sözlə, mövcud çətinliyin aradan qaldırılması üçün şərab zavodları tərəfindən məhsulumuzun hər kiloqramı 0,20-0,30 manata deyil, 0,40-0,50 manata qəbul edilməlidir. Yaranan fərq isə sahibkar, vergi, yaxud büdcə hesabına kompensasiya olunmalıdır.

Rayonumuzda üzümçülüyün inkişafını sürətləndirməyə müsbət təsir göstərən digər amillər barədə isə onu deyə bilərəm ki, təsərrüfatlarda müasir tələblərə cavab verən aqronommexanizatorlara ciddi ehtiyac duyulur. Soyuducu anbarların olmaması məhsulun müəyyən müddət saxlanılmasını çətinləşdirir. Rayonda su tutumları, artezian quyuları şəbəkəsinin genişləndirilməsi, iri emal zavodlarının, gücü daha çox olan mini şərab zavodlarının yaradılması, sahələrdə istifadə edilən dəmir profillərin istehsalının qaydaya salınması da vaxtı çatmış məsələdir.

Xəstəlik və ziyanvericilərə qarşı istifadə edilən dərmanlar etiraf edim ki, çox baha və bəzən isə keyfiyyətsiz olur. Bu sahədə vəziyyətin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması, eyni zamanda, yeni üzüm bağları yaradan fermerlərə verilən güzəştli kreditlərin ödənilmə müddətinin 7 ilə kimi uzadılması da üzümçülüyün inkişafına böyük təkan verə bilər.

 

Qurbanəli BABAŞOV,

Şamaxı rayonu,

Məlcək kəndi

 

Xalq qəzeti.- 2019.- 26 may.- S.5.