Görkəmli bəstəkar

“Xalq qəzeti”nin qonağıdır 

 

Onun redaksiyamıza hər gəlişi əməkdaşlarımız üçün hadisəyə çevrilir. Çünki hər gəlişində bir uğuru barədə söz açır, musiqi ictimaiyyətimizin müxtəlif nümayəndələrinin söz-söhbətini, zarafatlarını yada salır və ya xarici səfərləri zamanı Azərbaycan haqqında eşitdiyi təqdiredici fikirlərdən sitat gətirir.

 

Söhbət Xalq artisti, professor Tofiq Bakıxanovdan gedir. Tofiq müəllimin redaksiyamıza budəfəki gəlişi zamanı da deməyə sözü var idi. Əvvəla, Naxçıvan Muxtar Respublikasında görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində böyüyən, qısa ömür yaşamasına baxmayaraq, bənzərsiz əsərləri ilə zəngin irs yaradan, bəstəkar, musiqişünas, rəssam, tərcüməçi və dramaturq Ərtoğrol Cavidin anadan olmasının 100 illiyi keçirilmiş və yubiley tədbirinin ən hörmətli qonaqlarından biri məhz Tofiq Bakıxanov olmuşdur. Bu da təsadüfi deyildi. Çünki hələ xeyli əvvəl Tofiq müəllim bu yubileylə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məktubla müraciət edərək bir kitab ərsəyə gətirmək istədiyini bildirmişdi. Məlum olmuşdu ki, bəstəkarın təşəbbüsü Muxtar Respublika Mədəniyyət Nazirliyinin Tədbirlər Planı ilə üst-üstə düşürmüş.

Yeri gəlmişkən, Tofiq müəllim yada saldı ki, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq sərəncamı əsasında təşkil edilən yubiley tədbirləri böyük uğurlarla yadda qalmışdır.

Tədbirlər planına uyğun olaraq , Muxtar Respublika Ali Məclisi sədrinin Ərtoğrol irsinə böyük qayğısının ifadəsi kimi Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar Tofiq Bakıxanovun Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyətinə həsr olunmuş “Natamam ömrün 100 illik təntənəsi” kitabının nəşri həyata keçirilib, kitab yüksək tirajla çap edilib. Kitabda Ərtoğrolun indiyədək işıq üzü görməmiş bəstələri, şeirləri, tərcümələri, məktubları, rəsm əsərləri və ailə fotoları yer alıb. Akademik, Milli Məclisin deputatı Rafael Hüseynovun yaxından köməyi və elmi məsləhətləri əsasında ərsəyə gəlmiş bu toplu Tofiq Bakıxanovun Cavidşünaslığa əsaslı töhfəsidir. Kitabdakı əsas məqalələrdən birinin müəllifi “Xalq qəzeti”nin əməkdaşı, Əməkdar jurnalist İttifaq Mirzəbəylidir.

Yeri gəlmişkən, Tofiq Bakıxanovun bu günlərdə Naxçıvanda işıq üzü görmüş ”Yüz təbəssüm” adlı kitabı da musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 100 illiyinə həsr edilib. Musiqi dünyamızın görkəmli simalarının deyim və zarafatlarının toplandığı bu kitabın ön sözünün müəllifi də İttifaq müəllimdir.

Naxçıvanda keçirilən yubiley tədbirindən iki gün sonra isə Bakıda – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub. Mərasimdə Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Firəngiz Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından iştirak edir.

Gecədə Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə həsr etdiyi 6 saylı “Türk Simfoniyası”, Azər Dadaşovun 13 saylı Simfoniyası – “Ad Victoriam”, Cahangir Zülfüqarovun “Ümid adası” qravüraları, Cəlal Abbasovun simli orkestr üçün “İn memoriam”u və digər əsərlər səslənib.

Tədbirin daha maraqlı məqamı isə Tofiq Bakıxanovun Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalına layiq görülməsi olub. Firəngiz Əlizadə qeyd edib ki, Tofiq müəllimin bu medala layiq görülməsi təsadüfi deyil. Çünki Tofiq Bakıxanov bilavasitə Üzeyir Hacıbəylinin qarşısında imtahan vermiş, dahi bəstəkardan xeyir-dua almışdır.

Tofiq müəllim redaksiyamızda olarkən Üzeyir Hacıbəyli ilə bağlı xatirələrini də əsirgəmədi: -- Üzeyir bəyi yaxşı xatırlayıram. O bizim qonşuluqda yaşayırdı. Elə mən, qardaşım və bacımın musiqiçi olmağımız da onun istəyi ilə baş tutub. Üzeyir bəyin təşəbbüsü ilə atam bizi musiqi məktəbinə qoydu. Bacımı fortepiano, qardaşımı simli alətlər, məni isə skripka sinfinə. Daha sonra isə Üzeyir bəyin təşəbbüsü ilə indiki Bülbül adına məktəbdə oxuduq. Mən Üzeyir bəyin təklifi ilə skripka sinfini bitirdim. Atama dedi ki, milli alətlərimizin ifaçıları var, amma Avropa musiqisini ifa etmək üçün bizə instrumental musiqiçilər lazımdır. Mən və qardaşım Avropa alətlərini öyrəndik. İndiki Bülbül adına Musiqi Məktəbi o vaxt konservatoriyanın nəzdində onillik musiqi məktəbi idi. Üzeyir bəy bütün konsertlərimizə gəlib baxırdı. Öz fikirlərini deyirdi. İlk dəfə skripkada onun əsərlərini ifa etmişəm. İfa etdiyim əsərlər arasında “Leyli və Məcnun” operasındakı “Axşam oldu” musiqi nömrəsi də var . Üzeyir bəy özü gözəl skripka çalırdı.

... 1948-ci ildə onillik musiqi məktəbini bitirən kimi imtahansız konservatoriyaya qəbul olundum, əvvəlcə skripka ifaçılığına. Rektor da Üzeyir bəy idi. Bu ixtisası oxuyub başa vurandan sonra bəstəkarlığa qəbul oldum. Üzeyir Hacıbəylidən sonra rektor Qara Qarayev idi. Mən yeganə tələbə idim ki, Üzeyir bəy Hacıbəyli adına təqaüdə layiq görülmüşdüm. Həmin mükafat müəllimin aldığı maaşın yarısı qədər idi -- 400 rubl. Üzeyir bəyin “Fantaziya” əsəri əsasında tədqiqat aparmışam. Böyük müəllimimə həsr etdiyim səkkiz saylı “Azərbaycan” simfoniyası tar ilə simfonik orkestr üçündür. Həmin əsər də filarmoniyada mənim 75 illik yubileyim keçiriləndə də səsləndirilmişdi.

... Fəxr edirəm ki, həm Azərbaycan Milli Elmlər Akademiyası məni “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüb, həm də Bəstəkarlar İttifaqı bu medalla təltif etdi.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2019.- 2 noyabr.-S.6.