İlisu tarixinin ən

abad günlərini yaşayır 

 

Bu tərəflərin – Şəki – Zaqatala zonasının tarixini, mədəniyyətini, insanlarını və hətta təbiətini də ən yaxşı tanıyan ziyalılarımızdan biri də rəhmətlik müəllimimiz Şirməmməd Hüseynov idi. Doğrudur, o, universitetdə bizə tamamilə başqa istiqamətdə olan fəndən dərs deyirdi. Amma əsl jurnalistin necə yetişəcəyi barədə söhbət edərkən demişdi ki, həqiqi qələm sahibi üçün mövzu qəhətliyi heç zaman olmayıb və heç zaman olmayacaq. Yolun Şəkiyə düşübsə, heç bir mövzu tapmasan da, “Gələrsən-görərsən” qalasını yada sal, Qəbələdəsənsə “Səlbir qalası”ndan söz aç, Qaxdasansa İlisuya baş çək. Mövzu axtarma. Mövzu özü səni tapacaq.

 

Doğrudan da, elə oldu. Əslində mən yazı hazırlamaq üçün mövzu axtarmırdım. Sadəcə köhnə dostum Soltan Camalovla görüşmək, söhbətləşmək, ötən-keçənləri yada salmaq üçün İlisuya getmişdim. Etiraf edim ki, Qaxda olarkən ən çox baş çəkdiyim ünvanlar bir “İçəri bazar”dır, birbütün dünyada məşhur olan İlisu kəndi. Çünki onların birini görəndə bu diyarın tarixini öyrənirsən, digərini ziyarət edəndə isə təbiətin gözəlliklərinə valeh olursan.

...Yazının qələmə alınmasının səbəbi isə Soltan Camalovun ata evinin yanından keçərkən əlini divarlara sürtə-sürtə getməsi və bu “ibadət”dən sonra gözlərinin yaşarması oldu. Əsl kənd adamı, yurda bağlı insan olan həmsöhbətimin “divarla danışmasının” səbəbini öyrənmək istədim. Bir anlıq duruxdu. “Atamdan öyrənmişəm, – dedi, – atam həmişə evimizə yaxınlaşanda daşa, divara, həyətə salam verərdi. İndi həmin ənənəni mən yaşadıram. İlisunun üç yüz ildən çox tarixi olduğunu yazırlar. Bəlkə də çoxdur. Bu qədimilik görürsünüz ki, necə qorunub saxlanıb. Baxdıqca baxmaq istəyirsən. Kəndimiz heç zaman indiki qədər abad, firavan, qonaq-qaralı olmayıb”.

Soltan müəllimlə söhbət edə-edə yenicə tikilib istifadəyə verilmiş 20 yerlik uşaq bağçasının yanına gəlirik. Mahmud adlı bağça uşağı ilə salamlaşırıq. Körpə ilə söhbət xatirinə verdiyim sualların heç birinin cavabını ala bilməsəm də, Soltan Camalov yaxşı bir söz deyir: İlisudan çoxsaylı tanınmış adamlar, görkəmli ziyalılar çıxıb. Onların hamısı bu Mahmud yaşda olanda heç bir suala cavab verə bilməsələr də, sonralar çox böyük sualların cavabını tapıblar. Mahmudun böyüyəndə kim olacağını hələ heç kəs bilmir...

Yeni tilkilmiş kənd məktəbinin direktoru Aybəniz Məmmədova da maraqlı həmsöhbətdir. Deyir, siz jurnalistlər həmişə İlisunu Azərbaycanın ən gözəl təbiətə malik kəndlərindən biri kimi qələmə verirsiniz. Halbuki, bizim kəndimizin tarixi təbiətindən zəngindir. Təkcə bir faktı deyim ki, bu il bu dağ kəndindəki orta məktəbin 130 yaşının tamam olması da çox mətləblərdən xəbər verir: “Sağ olsunlar, bizə hər qayğı göstərilir. Məktəbimizdə şagirdlərin elmin sirlərinə yiyələnməsi üçün hər cür şərait var. Bu il dörd məzunumuz müxtəlif ali məktəblərə qəbul olub”.

Öyrənirəm ki, “Səngər qala”, “Sumuq qala”, “Ulu dağkimi tarixi abidələrimiz əcnəbi turistlərin ən çox ziyarət etdikləri ünvanlardır.

Qarşımıza çıxan ilk turistlə salamlaşıb, onun hansı ölkədən gəldiyini öyrənirik: – Litvadan gəlmişəm deyir. Buraya birinci dəfə gələndə xanımlardan biri məni yerli mətbəxin nümunəsinə qonaq etmişdi. Ona demişdim ki, buraya yenə də gələcəm. Görürsünüzmü, yenə qayıtmışam. Artıq beşinci dəfədir ki, bu gözəl yerin qonağı oluram”.

Elə Barbara Znaydzilauskayte də Aybəniz Məmmədova kimi İlisunun tarixi abidələrinin daha maraqlı olduğunu söylədi və əlavə etdi ki, təbiətə və abidələrə baxmayaraq, bu diyarda ən çox sevdiyim İlisu mətbəxi və son beş-altı ildə burada aparılan abadlıq, quruculuq işlərinin böyük vüsət almasıdır. “Sözün həqiqi mənasında, gözəllik yaradıblar, – deyir, Barbara xanım. – Qaxda hayana baxırsan, abad yolları görürsən. Elə İlisuda da asfalt çəkilməyən, qədimiliyi əks etdirən daş döşənməyən kənd yolu yoxdur”.

Bugünki İlisu həqiqətləri sözün həqiqi mənasında axtarmadığım, amma məni tapmış mövzu oldu. Soltan Camalovla söhbət zamanı yadıma düşdü ki, 2005-ci ildə İlisu ərazisindəki "Uludağ” istirahət və turizm mərkəzi istifadəyə veriləndə buradan qəzetə material hazırlamışdım. Dörd hektar sahəni əhatə edən İlisu termal suyu plastik borularla mərkəzə gətirilir. Mərkəzdə kafe, bar, restoran eyni vaxtda 140-150 nəfər yerlixarici turistlərə xidmət göstərir. 2-4 nəfərlik kotteclər, bura istirahətə gələnlər üçün vannalar, hovuz, eləcə də uşaqlar üçün kiçik hovuz, kişi və qadınlar üçün masaj kabinələri, həkim məntəqəsi və sair fəaliyyətdədir. Turistlər etiraf edirlər ki, vannaların qəbulu, masaj, hovuzdan istifadə üzrə qiymətlər Avropa ölkələrində olan müalicə mərkəzlərindəki qiymətlərdən xeyli ucuzdur. Elə bu səbəbdəndir ki, istirahət mərkəzinə dünyanın hər yerindən qonaqlar gəlir. Gəlirlər, görürlər, heyran olurlar. Niyə razı qalmasınlar axı...

Sadaladıq, sizgördünüz ki, onlar üçün hər cür şərait yaradılıb. Kəndin yolu başdan-başa ürək açır.

Yuxarıda qeyd etdiyimiz kimi, istənilən turizm bölgəsində ilk növbədə diqqət mərkəzində saxlanılmalı məqam yeni yolların çəkilməsi və mövcud yolların təmir edilməsi olur. Qaxdaİlsuda da bu məsələ daim diqqət mərkəzindədir. Bu barədə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə çox söhbət etmişik. Musa müəllimin özü əslən qaxlıdır, bu dağlar diyarında doğulub, böyüyüb. Qaxdan danışanda elə ürəkdolusu söhbət edir ki, onun bu vurğunluğuna heyran qalmaya bilmirsən. Yaxşısı budur gəlin icra hakimiyyəti başçısının özünə qulaq asaq: “Ulu öndərimizin gözəl bir sözü var: “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. Çox sərrast deyilmiş fikirdir. İstənilən vaxt maşına əyləşib, gedib görə bilərsiniz. Hələlik isə mən rəqəmləri diqqətinizə çatdırıram:

Başlanğıcını YevlaxZaqatalaGürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qaxİlisu marşrutu üzrə avtomobil yolu yenidən qurulub. 35,5 kilometrlik bu avtomobil yolu 4 hissədən ibarətdir. Buraya uzunluğu 13,2 kilometr olan QorağanQax şəhəri hissəsi, 6,3 kilometrlik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7,9 kilometrlik Qax şəhərinin mərkəzi hissəsi – Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhərinin İlisu kənd hissəsi daxildir. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Mövcud piyada səkiləri və yol ayrıcı bərpa olunub, kənarlarına 13,7 min metr uzunluğunda yeni səki daşları düzülüb, 8,7 min metr uzunluğunda “U” şəkilli dəmir-beton küvetlər, həmçinin beton arxlar inşa edilib. Layihə çərçivəsində Ağçay üzərində 60 metrKürmük çayı üzərində 114 metr uzunluğa malik 2 avtomobil körpüsündə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb. Xatırladaq ki, bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qaxa son səfərindən sonra imzaladığı sərəncamın icrası zamanı görülüb”.

Son illər nəinki yollar təmir olunub, bütöv Qax simasını dəyişib. Həmkarım Mustafa Dadaşov demişkən: “Rayon başdan-başa gözəllik içindədir”. Mustafa haqlıdır. Qax, onun gözəl insanları, görülən işlər barədə çox yazmışıq. Bu dəfə isə sadəcə İlisu barədə danışmaq istədik.

Kimlə söhbət etdiksə, İlisunun bu günü, ecazkar təbiəti, milli adət-ənənələrimizi qoruyub saxlayan qonaqpərvər sakinləri haqqında ağızdolusu danışdı . İlisunun bugünki və gələcək sosial-iqtisadi inkişafını, sakinlərin yüksək rifahını turizmdə görən kənd ağsaqqalları, ziyalılar, bələdiyyə və icra nümayəndəliyi rəhbərləri, sözün əsl mənasında “sözü bir yerə qoyaraq” həqiqi inkişaf nümunəsinə nail olublar.

Bunun nəticəsidir ki, Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı tanış olaraq xeyir-dua verdiyiUludağturizm müəssisəsi də daxil olmaqla, 8 müasir turizm mərkəzi yaradılıb. Həmin mərkəzlərdə il ərzində 20 minə yaxın turist istirahət edir. Onlardan 3200-3500 nəfəri xarici turistlərdir. Bundan başqa, İlisuda 16 yerdə ictimai-iaşə müəssisəsi fəaliyyət göstərir ki, bu da 250-dən çox kənd sakininin işlə təmin olunması deməkdir. Yəni turizmin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin edilməsinə də imkan verir.

Bakıdan gəlmiş bir turistlə söhbətimiz zamanı məlum oldu ki o, oteldə deyil, kənd evində qalır. Sonra öyrəndik ki, bu gün dünyada daha çox yayılan, qəbul edilən kənd turizmi İlisuda da geniş vüsət alıb. Belə ki, mövsüm ərzində kənddə 360 fərdi yaşayış evində 25 min nəfərdən çox turist istirahət edir. Təxmini hesablamalara görə, həmin evlərin hər birinin ailə büdcəsinə ildə 2400-2500 manat gəlir daxil olur. Bu göstəricidən ruhlanan 30 nəfər kənd sakini öz həyətində turistlər üçün xüsusi kotteclər tikdirib.

Xatırladım ki, 2005-ci ildə İlisu Tarix Mədəniyyət Qoruğu yaradılıb. Qoruğun ərazisindəki çoxsaylı tarix, mədəniyyət və memarlıq abidələri mühafizə olunur. Kənddəki “Sumuq” qala abidəsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması və Bərpası İdarəsi tərəfindən bərpa olunub. Qalanın yolu əsaslı təmir edilərək turistlərin istifadəsinə verilib. Mövsüm ərzində “Sumuq” qalanı 2500 nəfərə yaxın turist ziyarət edir.

...Bir sözlə, bu qədim diyar günü-gündən inkişaf edir və müasirləşir. Bu isə həm turistlərin, həm də sakinlərin məmnunluğuna səbəb olur. Soltan Camalovun məmnunluğunun səbəbi isə başqadır: Bu qədər inkişaf, tərəqqi, müasirləşmə olsa da, İlisu öz tarixi görkəmini saxlayır. Biz bu gün də İlisuda yüz, yüzəlli illik tariximizi görə biliriksə, xoşbəxtik. Çünki o tarix mənim atamın divarları oxşayan əllərini, səsini, sözünü, bir də yurda bağlılığını, sevgisini yaşadır.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2019.- 2 noyabr.- S.7.