Müstəqillik tarixində ilk dəfə
özbək sənət ulduzları Azərbaycanda konsert
proqramı ilə çıxış ediblər
Özbəkistanın Əməkdar
artistləri Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın
Bakı görüşü unudulmaz anlarla yadda qalıb
Heydər Əliyev Sarayı noyabrın 22-də daha bir
möhtəşəm konsertə evsahibliyi etdi. Tez-tez
bir-birindən populyar ifaçıların qonaq olduğu bu
tarixi məkan bu gün tamam başqa ab-havada idi. Belə ki, müstəqillik tarixində ilk dəfə
özbək müğənnilərinin Azərbaycanın ən
aparıcı konsert sarayında çıxışı təşkil
olunmuşdu. Elə bu səbəbdən də,
hər kəs konsertin başlayacağı anı səbirsizliklə
gözləyirdi. Doğurdan da musiqi elə
bir universal, ecazkar dildir ki, xalqları
yaxınlaşdırır, birləşdirir,
doğmalaşdırır, insanların
qarşılıqlı ünsiyyətini həyata keçirir.
Bakıdakı bu konsert də iki qardaş xalq
arasında əlaqələrin daha da möhkəmlənməsinə
xidmət edirdi.
Heydər
Əliyev Sarayında özbək musiqisinin dünya
şöhrətli ulduzları, Özbəkistanın Əməkdar
artistləri, "Nixol” Dövlət mükafatı
laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm
konsert proqramı ilə çıxış ediblər.
Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin,
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və
Özbəkistanın "First Art Media” şirkətinın
birgə layihəsi əsasında reallaşıb.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir
Abbasov bildirib ki, bu layihə əsasında özbək
musiqiçiləri Bakıda “Özbəkistandan sevgilərlə”
adlı konsert proqramı ilə çıxış edirlər.
Əsas məqsəd xalqlar arasında dostluq
körpüsü yaratmaqdır. Müstəqillik
tariximizdə ilk dəfə olaraq Özbəkistan
musiqiçiləri Bakıda konsert verir. Konsert
proqramının fəxri qonaqları da var - türk sənət
musiqisinin tanınmış ulduzu Pinar Eliçe, Azərbaycanın
Xalq artisti Mənsum İbrahimov və tanınmış
meyxanaçı Tərlan Novxanı. Gecədə
Özbəkistan, Azərbaycan və tük mahnıları səslənəcək.
“Biz istəyirik ki, belə
görüşlər ənənə halını alsın. Çünki
Azərbaycan ifaçıları Özbəkistanın ən
böyük konsert salonlarında dəfələrlə
çıxış ediblər, lakin özbək
ifaçıları ölkəmizdə elə də geniş
konsertlər verməyiblər. Tamaşaçılar
bu gecə türk dünyasının sənət, mədəniyyət,
incəsənət beşiyi olan, Şərqin zəngin musiqi ənənələrini
özündə yaşadan qardaş Özbəkistanın tanınmış
sənətçilərini dinləyəcək və
inanırıq ki, konsert hamının ürəyincə
olacaq”, – deyə Samir Abbasov vurğulayıb. Konsert proqramı “Sizə salam gətirmişəm”
musiqi klipinin təqdimatı ilə başlayıb.
Əvvəl səhnəyə dəvət
olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu
görüşü böyük səbirsizliklə gözlədiyini
bildirib.
Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində
uğurla çıxış edən Özbəkistanın gənc
estrada ulduzu qardaş Azərbaycanda
çıxış etməkdən məmnunluğunu söyləyib.
Bakıda çoxlu dostlarının, pərəstişkarlarının
olduğunu bildirən gənc estrada ulduzu
özbək mahnıları ilə yanaşı, ilk dəfə
Azərbaycan mahnısı da ifa edib.
Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan səhnəsinin
onun üçün
mühüm və doğma olduğunu qeyd edərək,
məhz Bakıda Beynəlxalq Muğam Festivalında
çıxışı və burada qələbə
qazanmasının karyerasında dönüş nöqtəsi
olduğunu vurğulayıb.
Yulduz Turdiyeva muğamla yanaşı, estrada
janrına üstünlük verir və son zamanlar onun Özbəkistan
səhnəsində çıxışı anşlaqla
keçir.
Qeyd edək ki, özbək və Azərbaycan
xalqlarını yaxın milli adət və ənənələr,
ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə
arasında qarşılıqlı münasibətlərin
tarixi uzaq əsrlərə gedib çıxır. Uzun illər ərzində hər iki dövlət
SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi
repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan
torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı
Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və
digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən
sonra Daşkəndin bərpasında azərbaycanlılar
yaxından iştirak ediblər.
Müstəqilliyin ilk günlərindən
başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş
kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın
dərinləşməsinə xüsusi əhəmiyyət verir. Böyük
perspektivlərə malik olan Azərbaycan-Özbəkistan
münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya
regionunda hökm sürən sabitliyin və davamlı
inkişafın təmin edilməsində də mühüm
rol oynayır. Bu iki ölkə arasında diplomatik
münasibətlər 1995-ci il oktyabrın
2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın
Özbəkistanda səfirliyi fəaliyyətə
başlayıb.
İkitərəfli münasibətlərin
inkişafında dövlət başçılarının
səfərləri xüsusilə böyük əhəmiyyətə
malikdir. Müasir dövrdə əlaqələrimizin təməli
ümummilli lider Heydər Əliyev və Özbəkistanın
sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub.
Bu əlaqələr hazırda Prezident İlham
Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən
uğurla davam etdirilir.
Görkəmli Azərbaycan və özbək klassikləri
– Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi,
Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir
çox başqalarının yaratdıqları əsərlər
təkcə Şərq xalqlarının deyil, həm də
bütün dünya sivilizasiyasının inciləri, dəyərli
sərvətidir. 2004-cü ilin martında
Prezident İlham Əliyevin Özbəkistana səfəri
zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin abidəsinin açılışı
buna parlaq sübutdur.
Azərbaycanda da özbək
xalqının zəngin tarixi və mədəniyyətinə,
dünya sivilizasiyasının inkişafına verdiyi töhfələrə
böyük hörmətlə yanaşılır. Əlişir
Nəvainin Bakıda böyük abidəsinin
açılış mərasimi keçirilib. Azərbaycan paytaxtının mərkəzi
küçələrindən biri görkəmli alim və
dövlət xadimi Mirzə Uluqbəyin şərəfinə
adlandırılır. Əlişir Nəvainin,
demək olar ki, bütün əsərləri Azərbaycan
dilinə tərcümə edilmişdir.
Özbəkistanda yaşamış əslən
azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri
özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli
Azərbaycan bəstəkarı Arif Məlikovun özbək
yazıçısı Şərəf Rəşidovun əsəri
əsasında yaratdığı "İki qəlbin
dastanı baleti" dünya musiqi sənətinin incilərindəndir.
2010-cu ildə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin
açılışı olmuşdur. Özbəklər
və orada yaşayan azərbaycanlılar bu mərkəzin mədəni
xidmətlərindən faydalanırlar. Müstəqillik
illərində Özbəkistanın 30-dan çox azərbaycanlı
vətəndaşı yüksək dövlət
mükafatlarına layiq görülüblər. Azərbaycanın incəsənət xadimləri Səmərqənddə
keçirilən “Şərq təranələri” beynəlxalq
musiqi festivalının, opera, teatr və kino
festivallarının daimi və fəal
iştirakçıları olurlar. Özbəkistan
nümayəndələri Bakıda keçirilən Beynəlxalq
Muğam Festivalında iştirak edir və mükafatlar
alırlar. Onlardan biri də bu gün bənzərsiz
çıxışları ilə ürəkləri fəth
edən Yulduz Turdiyevadır.
Soykökü, dini, mədəniyyəti, adət və ənənələri
eyni olan xalqlarımız üçün bu günlərdə
daha bir əlamətdar hadisə baş verdi.
Qardaş Özbəkistan Türk Əməkdaşlıq
Şurasına üzv olmaq üçün rəsmi müraciət
etdi.
Bu sadaladıqlarımız və
sadalamadıqlarımız bir daha göstərir ki, Azərbaycanla
Özbəkistan arasında dostluq körpüləri ədəbidir,
qırılmazdır. Heydər Əliyev Sarayında Uluqbek Raxmatullayev və Yulduz
Turdiyevanın ifasında səslənən Azərbaycan,
özbək və tük musiqi nümunələri bir daha
deyilənlərin həqiqət olduğunu göstərirdi.
Gecədə onların ifasında səslənən “Olma”,
“Sevib aldım”, “Sevgi”, “Qara gözlüm”, “Tənhayam”,
“Qarabağ” və digər bir-birindən şux ifalar
alqışlarla qarşılandı. Yulduz
Turdiyevanın türk sənət musiqisinin tanınmış
ulduzu Pinar Eliçe ilə oxuduğu duet isə
iştirakçıların zövqünü oxşadı.
Bir sözlə, özbək
ifaçılarının Bakı görüşü nəinki
onların, həm də hər bir iştirakçının
uzun zaman yaddaşından silinməyəcək.
Xalq qəzeti.- 2019.- 23
noyabr. S. 10.