Azərbaycan Turizm Sammiti - 2019 

 

Noyabrın 29-da Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” keçirilib. Sammitə turizm sahəsinin təmsilçiləri, hökumət və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri daxil olmaqla 1500-dən çox iştirakçı qatılıb.

 

Dövlət Turizm Agentliyindən verilən məlumatda bildirilir ki, sammitdə Agentliyin sədri Fuad Nağıyev ötən ilki sammitdən etibarən turizm sahəsində görülən işlərdən və gələcək planlarından danışıb. O qeyd edib ki, Agentlik həyata keçirilən tədbirlər nəticəsində turizm ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri kimi dinamik inkişaf tempini davam etdirir.

Fuad Nağıyev bir illik dövrü əhatə edən statistik göstəricilərə diqqət çəkərək 2019-cu ilin yanvar - oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çox olunduğunu qeyd edib. O, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən turizm sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb və göstərilən dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Turizmin inkişafı ilə yanaşı, turistləri ölkəmizə cəlb edən mədəni və tarixi dəyələrimizi qorumağın vacibliyini qeyd edən Fuad Nağıyev Agentliyin tabeliyindəki qoruqların turizm potensialından səmərəli istifadəni təmin etmək üçün kompleks işlər aparıldığını diqqətə çatdırıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bir il ərzində həyata keçirilən fəaliyyətin məhsuldarlığına toxunaraq gələcək planlar və layihələr, qlobal və regional bazarlarda aparılan marketinq strategiyası barədə məlumat verib.

O, “Bir daha bax” şüarı ilə Azərbaycanın turizm potensialının və yeni turizm brendinin beynəlxalq platformalarda uğurlu təqdimatından, dünya üzrə 3 milyardadək insana çatdırılmasından bəhs edib.

Turizm sənayesində mövcud vəziyyəti, səfərlərin marketinq və təbliğatı məsələlərini müzakirə etmək məqsədilə sammit çərçivəsində müxtəlif mövzular üzrə sessiyalar keçirilməsinin sahənin gələcək inkişafına ciddi təsir göstərəcəyi vurğulanıb.

 

Samirə Əliyeva

 

Xalq qəzeti.- 2019.- 30 noyabr.- S.7.