Siyasətçi uzaqgörənliyinin

və lider qətiyyətinin təntənəsi  

 

“Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir.

Heydər ƏLİYEV

Ümummilli lider

 

1994-cü ildə Azərbaycan dövləti Xəzər dənizi ilə bağlı növbəti bir ilkə imza atmışdır. Məlum olduğu kimi dünyada açıq dənizdə ilk neft çıxarılmasının tarixi məhz Xəzərin adı ilə bağlıdır. Həmin ilkə də Azərbaycan neftçiləri imza atmışdılar. 1994-cü ildə – avropalıların sonradan “Əsrin müqaviləsi” adlandırdığı Hasilatın Pay Bölgüsü adlı sazişin imzalanmasından sonra isə Azərbaycan neftçiləri tarixdə ilk dəfə olaraq dənizin dərinliklərindəki karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün beynəlxalq əməkdaşlıq prosesinə başlamışdılar. Bununla da, Azərbaycan öz zəngin neft resurslarını dünya bazarlarına çıxarmaq üçün imkan əldə etmişdir. Dövlət başçımızın qeyd etdiyi kimi, ölkəmizin ümumi iqtisadi və siyasi inkişafı məhz “ Əsrin müqaviləsi”ndən başlamışdır.

Yadımdadır, 2014-cü ilin sentyabrında, Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev müqavilənin əhəmiyyətini xatırlatmaq üçün olduqca sadə arqumentlərdən istifadə etmişdi: “Bu illər ərzində Azərbaycan öz imkanlarını ardıcıl şəkildə genişləndirmişdir. İlk dəfə olaraq o illərdə Xəzər dənizini Qara dənizlə və Aralıq dənizi ilə neft kəmərləri birləşdirdi. Bu da tarixi nailiyyətdir. Deyə bilərəm ki, 1994-cü ildən başlayaraq bu günə qədər bütövlükdə neft-qaz sahəsində bir neçə önəmli mərhələ olmuşdur. Onların bir neçəsini mən indi sadalamaq istəyirəm. 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı”nın imzalanması, 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə sazişin bağlanması. O da çox önəmli hadisə idi. Çünki bu gün Cənub Qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı–Supsa neft kəməri tikilmişdir. Bu da yeni bir ixrac marşrutu idi”.

Sonra bu sazişin davamı olan layihələr elə sürətlə çoxaldı, elə çevik şəkildə icra edildi ki, hətta onların hamısını sadalamaq mümkün deyil. Məsələn, 2003-cü ildə Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. O kəmər ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Həmin kəmər bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də bir ixrac boru kəməri kimi fəaliyyət göstərir. Ondan sonra 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə kimi yaddaşlara yazıldı. Çünki o hadisədən sonra Azərbaycan dünyada artıq özünü qaz ölkəsi kimi göstərməyə başlamışdır.

Dövlət başçımız xatırladır ki, bu layihə, eyni zamanda, tərəfdaş ölkələrimiz üçün də çox faydalıdır. Çünki bu layihənin icrası nəticəsində uduzan tərəf olmayacaq. Hər bir tərəf fayda götürəcək. Tranzit ölkələri, onlar, eyni zamanda, istehlakçı ölkələrdir. İstehlakçı ölkələr də qaz mənbələrinin şaxələndirilməsinə nail olacaqlar: “Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edən layihədir. Təsadüfi deyil ki, Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənəd məhz bu amili diqqət mərkəzinə qoyur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”.

Ekspertlər yazırlar ki, Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Bildirilir ki, digər mənbələr var. Avropa o mənbələrdən də qidalanır. Həmin mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti həm özümüzə, həm də tərəfdaşlarımıza uğur gətirir. Azərbaycan tərəfinin təşəbbüsü ilə bu işlərdə çox ciddi əlaqələndirmə aparılmışdır. Əvvəllər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi – Azərbaycan, Gürcüstan və Türkiyə. İndi isə bizim geniş beynəlxalq əməkdaşlıq əlaqələrimiz formalaşıb. Çünki Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxarır. Yəni bu əməkdaşlıq şəbəkəsinə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, sonrakı mərhələdə isə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşulmaq üçün müraciət etdilər.

Yeri gəlmişkən, Bakıda, Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 20 illiyinə və Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edən Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev sanki bu günü, bəlkə də hansısa jurnalistin bu yazısını nəzərdə tuturmuş kimi 2014-cü ildə 2019-cu il həqiqətlərini dilə gətirmişdi: “ Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub. Sizə buna görə təşəkkür edirəm ki, “Bolqarqazneft” şirkəti ilə ARDNŞ arasında müvafiq saziş imzalanıb. Bu sazişə əsasən 2019-cu ildən Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql ediləcək. Biz, eyni zamanda, Azərbaycandan əlavə qaz həcmlərinin alınması üçün əlimizdən gələni edəcəyik. Biz fərəhlənirik ki, bu layihənin tərkib hissəsiyik və buradan qaz alacağıq. Azərbaycan qazını toplayaraq onu paylamaq nəticəsində tranzit ölkəyə çevriləcəyik. Eyni zamanda, Azərbaycanın xarici bazarlara çıxışını təmin edəcəyik”.

Son günlər “Əsrin müqaviləsi”nin 25 illiyi münasibətilə ölkənin və regionun müxtəlif informasiya vasitələrində “Əsrin kontraktı”: müstəqilliyimizin qarantı olan tarixi layihə”, “Əsrin müqaviləsi” ilə qoyulan təməl Azərbaycanın firavan gələcəyini təmin etdi”, “Əsrin kontraktı” Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir”, “Əsrin kontraktı” Azərbaycanın güclü iqtisadi bazasının formalaşmasında müstəsna rol oynadı” kimi sərlövhələr altında çoxsaylı məqalə və analitik materiallar verilmişdir. Ancaq bizim fikrimizcə, bu istiqamətdə olan ən dəyərli mətbuat materialı həmin tarixi sənədin hazırlanmasında bilavasitə iştirak etmiş görkəmli neftçi-alim Xoşbəxt Yusifzadənin mətbuata verdiyi geniş müsahibə idi.

Akademik həmin müsahibəsində deyir: “Şahdəniz” ulu öndərimiz Heydər Əliyevin üçüncü şah əsəridir. “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdırdı. İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 110 milyard kubmetrdən çox qaz və 27 milyon tona qədər kondensat hasil edilib”. Akademik xatırladır ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Ukrayna, Serbiya, Şimali Kipr respublikaları rəhbərlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin 2000 kilometrlik hissəsinin – TANAP adı ilə məşhur olan Trans–Anadolu Təbii Qaz boru kəmərinin təntənəli açılışı oldu: “Beləliklə də, “Şahdəniz” qazının Cənubi Qafqaz ixrac boru kəməri və TANAP vasitəsilə Türkiyəyə nəqlinə başlandı. İndiyədək TANAP kəmərinə 2 milyard kubmetrdən çox “Şahdəniz” qazı vurulub. 2019-cu il iyulun 1-də isə TANAP Azərbaycan qazının Avropaya nəql edilməsi üçün tam hazır vəziyyətə gətirilib”.

Yəni “Əsrin müqaviləsi”nin imzalanmasından keçən hər il Azərbaycan üçün hansısa bir layihənin icra edilməsi ilə əlamətdar olur. Ona görə də hər bir azərbaycanlı, hətta bir çox Avropa ölkələrindəki tərəfdaşlarımız da ulu öndərin ruhuna dualar oxuyur, xatirəsini həmişə uca tuturlar.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2019.- 21 sentyabr.- S.4.