Prezidentin mədəniyyət və incəsənətimizə

qayğısı ümumxalq məmnunluğu yaradır

 

Biz,  mədəniyyət və incəsənət xadimləri dövlət başçımızın bu sahənin inkişafına və bizim sosial-rifahımızın daha da yaxşılaşdırılmasına göstərdiyi qayğını daim alqışlayır və dəstəkləyirik.

 

Mən bu qayğı və diqqəti  digər həmkarlarımızdan daha çox görmüşəm. Çünki həm yaşım çoxdur, həm də ulu öndər Heydər Əliyevin hələ birinci dəfə ölkə rəhbərliyinə gəldiyi gündən bəri daim müxtəlif təltiflərə, fəxri adlara layiq görülmüşəm. Ancaq məni daha çox məmnun edən məqamla bu il mart ayının 1-də rastlaşdım. Belə ki, həmin gün Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər.

Dövlət başçımız xatırlatdı ki,  ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub, həm fərdi qaydada, həm müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir  Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.

Bütün sahələrdə aparılan islahatlardan, görülmüş işlərdən söz açan Prezident mədəniyyət sferasında həyata keçirilən tədbirləri də sadaladı. Mən – bu sahənin ən təcrübəli nümayəndələrindən olan bir şəxs, sözün həqiqi mənasında,  görülmüş işlərin siyahısını eşidəndə mat qaldım. Dövlət başçımız dedi: “Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bizim əsas teatrlarımız -- Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olundu. Bölgələrdə teatrlar tikildi və əsaslı təmir edildi, yeni teatrlar yaradıldı. Muzeylərimiz, Bakı şəhərinin muzeyləri,  demək olar ki, tam şəkildə əsaslı təmir edildi -- Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi. İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikildi. Müasir İncəsənət Muzeyi fəaliyyətə başladı, digər muzeylər, mən indi hamısını xatırlaya bilmərəm. Hər bir şəhərdə Tarix--diyarşünaslıq muzeyləri fəaliyyətə başladı”.

Sonra yeni kinoteatrların yaradılmasından, özəl kinoteatrların fəaliyyətə başlamasından danışıldı, Nizami Kino Mərkəzinin əsaslı şəkildə təmir edilməsi xatırladıldı, görkəmli mədəniyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün abidələr qoyuldu yada salındı. Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Niyazi və digər görkəmli mədəniyyət xadimlərimizin xatirəsinin  əbədiləşdirildiyi bildirildi.

Yeri gəlmişkən,  Sosial Tədqiqatlar Mərkəzinin təşkil etdiyiPrezidentin sosialkadr islahatları ictimai rəydə” mövzusunda konfransda Prezident Administrasiyasının strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova deyib ki, müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında qurulub: “Onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq”.

 

Tofiq BAKIXANOV,

Xalq artisti, professor

 

Xalq qəzeti.- 2019.- 25 sentyabr.- S.4.