Ramiz Quliyev: Milli musiqimiz

Azərbaycanı dünyada daha geniş tanıtmalıdır 

 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyinin yeni ilin ilk günlərində keçirdiyi toplantıda çoxminillik Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə daha geniş və yüksək profesionallıqla tanıdılmasında bu qurumun gördüyü işlərdən və qarşıda duran növbəti vəzifələrdən geniş söhbət açıldı. Bildirildi ki, bu sahədə müsiqi mədəniyyətimizin imkanları daha böyükdür və tanınmış sənətçilərin üzərinə daha önəmli vəzifələr düşür.

Məclisdə son illərdə Azərbaycan musiqi mədəniyyətini dünyanın nüfuzlu auditoriyalarında yüksək səviyyədə təmsil etdiyinə görə gənc istedadlı musiqiçi, Azərbaycan Dövlət OperaBalet Teatrının baş dirijoru Əyyub Quliyevə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin “Əbədi lider” qızıl döş nişanı təqdim olundu.

Azərbaycanın dahi bəstəkar-dirijorlarının ümumbəşəri şöhrət estafetini ləyaqətlə davam etdirən gənc musiqiçinin sənət yolundan söz açan Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədov bildirdi ki, ustad tarzən Sadıqcan məktəbinin görkəmli davamçısı Ramiz Quliyevin ailəsində dünyaya göz açmış, ilk sənət dərslərini də atasından almış Əyyub Quliyevin istedadının sorağı uşaqlıq illərindən geniş auditoriyalara yayılmışdır. Onun parlaq gələcəyini o zaman görüb-dəyərləndirən ulu öndər Heydər Əliyevin yüksək diqqət və qayğısı yeniyetmə soydaşımızı böyük sənət yoluna pərvazlandırmışdır.

15 yaşında Bakı Musiqi Akademiyasının xor dirijorluğu fakültəsinə qəbul olunan Əyyub Quliyev buranı əla qiymətlərlə bitirdikdən sonra Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. PolişukunVyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinflərində təhsilini davam etdirmişdir. Bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş həmyerlimizin qeyri-adi istedadı dünyanın məşhur sənət ocaqlarının və görkəmli musiqiçilərinin diqqətini cəlb etmişdir. Əyyub Quliyev 2013-cü ildə 29 yaşında Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijoru təyin olunmuşdur. Gənc musiqiçi son 4 ildə dalbadal ölkəmizdə Prezident mükafatına, 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Ümummilli lider Heydər Əliyevin Vətənə misilsiz xidmətlərinin timsalı olaraq təsis edilmiş dəyərli mükafata layiq görüldüyündən sonsuz qürur duyduğunu bildirən Əyyub Quliyev ulu öndərin və Prezident İlham Əliyevin göstərdikləri müstəsna qayğının onun sənət uğurları üçün mötəbər yol açdığını minnətdarlıqla vurğuladı. Tanınmış dirijor qeyd etdi ki, sənətinə Vətənində verilən yüksək qiymət onu dünya miqyasında daha geniş və inamlı fəaliyyətə həvəsləndirir.

Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor, DAMM-nın fəxri prezidenti Ramiz Quliyev bildirdi:

– Əvvəla, dünyada yaşayan bütün soydaşlarımıza Yeni il münasibətilə ən xoş arzularımı çatdırıram. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi tarixi marafonda xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il növbəti ciddi irəliləyişə nail oldu. Həyatımızın bütün sahələri kimi, mədəniyyətimiz də inkişaf etdi, xalqımızın dünyanın ən mədəni xalqları cərgəsində mövqeyi möhkəmləndi. Bu uğurlar həm də 2019-cu ildə yeni yüksəlişə zəmin oldu.

Milli-mənəvi dəyərlərimiz içərisində musiqimizin xalqımızı tanıtmaq, ölkəmizi şöhrətləndirmək baxımından imkanları hüdudsuzdur. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan musiqisinin bəşər mədəni irsində layiqli yer qazanması üçün gördüyü tarixi işlər də ölkəmizi öz musiqi inciləri ilə dünyada daha yaxşı tanıtmağa geniş meydan açmışdır. Bu yolda Əyyub kimi gənc musiqiçilərin üzərinə daha böyük yük düşür. Onun kimi gənc istedadlarımız isə az deyil.

İndi gənclərimizin yüksək musiqi təhsili alması, öz istedadlarını üzə çıxarması üçün hər cür şərait var. Ötən il Heydər Əliyev Fondunun Ağdamda – cəbhə bölgəsində misilsiz bir Muğam Mərkəzini istifadəyə verməsi, mərasimdə möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı müsiqisevərlərə qiymətli bir hədiyyə oldu, mədəniyyətimizə bir çox dəyərli sənətkarlar bəxş etmiş Qarabağ musiqi məktəbinə yeni nəfəs verdi. Musiqinin bütün xalqlar üçün anlaşıqlı dili və müxtəlif maneələri aşaraq geniş yayıla bilməsi ölkəmizi bu sənət vasitəsilə dünyanın hər yerində və yüksək beynəlxalq auditoriyalarda layiqincə tanıtmağa yetərli əsaslar yaradır. Biz bu imkanlardan zaman-zaman müəyyən qədər yararlansaq da, hələ görəcəyimiz işlər çoxdur.

Mən yeni 2019-cu ildə istedadlı musiqiçilərimizi xalqımıza daha yaxşı xidmətə və müstəqil Azərbaycan dövlətini dünyada daha uca mərtəbədə tanıtmağa çağırıram. Musiqiçilərimizin bütün nəsillərinin nümayəndələri bu önəmli sənət missiyasına öz töhfəsini verməlidir. Rəhbərliyində mənim də təmsil olunduğum Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) İctimai Birliyi bununla bağlı musiqiçilərimizə yardımçı olmağa hazırdır.

 

R. TAHİR

 

Xalq qəzeti.- 2019.- 6 yanvar.- S.7.