Çağdaş azərbaycançılıqdan

qədim türkologiyaya körpü 

 

Tanınmış jurnalist-publisisttürkoloq, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər anadan olmasının 65 illiyini milli jurnalistikamıza və filologiyamıza sanballı xidmətləri ilə qarşılayır. Onun ömür yolu və yaradıcılıq sferası bir insan ömrünə sığmayacaq qədər zəngin, əhatəli və çəkilidir.

65 yaşın fonunda Ramiz Əsgərin həyatı və fəaliyyəti bələdçiyə ehtiyacı olmayan dağ kimi həm yaxından, həm də aralıdan aydın cizgiləri və ürəkaçan mənzərələri ilə görünür. Əvvəlcə yurdsevər və çalışqan soydaşımızın hər bir milli ziyalının qibtə edə biləcəyi ömür yolunun qısa mənzərəsinə nəzər salaq.

Ramiz Əskər 1954-cü il yanvarın 10-da də qədim türk yurdu Gümrünün Amasiya rayonunun Qaraçanta kəndində doğulub. Orta məktəbi qızıl medalla bitirərək 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Ali təhsilini 1975-ci ildən M.V.Lomonosov adına Moskova Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib. 1978-ci ildə dünya şöhrətli bu ali məktəbi yüksək göstəricilərlə bitirərək Azərbaycana qayıdıb.

Gənc jurnalist 1978–1983-cü illərdə Dövlət Teleradiosunun “Azərbaycanın səsi” baş redaksiyasında çalışıb. O, yaxın xarici auditoriya üzrə yüksək ixtisaslı jurnalistika mütəxəssisi kimi 1983-1984-cü illərdə Bakıda Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində buraxılan “Azərbaycan bugün” jurnalına baş redaktor dəvət olunub. Həmkarımız sonrakı 11 ildə milli varlığımızın tədqiqi və təbliği ilə bağlı ünlü bir nəşrə çevrilən, latin, kiril və ərəb əlifbaları ilə çap olunanOdlar yurdu” qəzetinin fəaliyyətinə rəhbərlik edib.

Yaradıcılığı ilə türk dünyasına sıx bağlı olan soydaşımıza dövlət müstəqilliyinin ilk dövründə – 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin (İstanbul) və ­Uluslararası Haber Ajansının Azərbaycan müxbirliyi həvalə olunub. Beynəlxalq jurnalistika prinsiplərini mükəmməl mənimsəyən həmvətənimiz qardaş Türkiyə mediasını ölkəmizdə təmsil etmək missiyasını 1993–1997-ci illərdə “Yeni forum” jurnalının (Ankara) təmsilçisi olaraq davam etdirib.

1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyən tanınmış yazar 1994–1996-cı illərdə müstəqil “XXI əsr” qəzetinin baş redaktoru olub. Təcrübəli jurnalist-redaktor 1995–1996-cı illərdə baş redaktor müavini vəzifəsində ölkənin avanqard nəşri “Xalq qəzeti”nin yeni şəraitdə fəaliyyətini yenidən qurub-davam etdirməsində yaxından iştirak edib. 1992–1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi olan nüfuzlu media mütəxəssisi ölkə jurnalistlərinin bu aparıcı yaradıcılıq təşkilatında fəaliyyətini 1997-ci ildən baş katib kimi davam etdirirb. Onun jurnalistika sahəsində xidmətlərini ən ümumi şəkildə böyük Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli yolunun, demokratyik jurnalistika ənənələrimizin sədaqət və fədakarlıqla davam etdirilməsi, çağdaş jurnalistika çağırışlarının yüksək səviyyədə cavablandırılması kimi dəyərləndirmək olar.

Media sahəsində 25 illik çoxyönlü və zəngin ictimai məzmun daşıyan yaradıcılığı milli mənəvi dəyərlərimizin öyrənilməsi, türk dünyasının ölkəmizdə tanıdılması, türkoloji qaynaqların nəşri və yayılması ilə sıx bağlı jurnalist-redaktor olan Ramiz Əskər 2002-ci ildən sistemli elmi yaradıcılığa üstünlük verərək, fəaliyyətini Bakı Dövlət Universitetinin elmi-pedaqoji bölümlərində ­davam etdirib. O, 2006-cı ilədək türkologiya kafedrasında çalışıb, 2007–2012-cı illərdə də filologiya fakültəsi bədii tərcümə elimi-tədqiqat laboratoriyasının müdiri olub. Alim 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasına müdir seçilib, 2016-cı ildən isə türkologiya kafedrasına rəhbərlik edir.

Filologiya üzrə elmlər doktoru, professor Ramiz Əskərin həyat bioqrafiyası kimi, yaradıcılıq biblioqrafiyası da mükəmməl və dəyərlidir. Jurnalistredaktorluq fəaliyyəti dövründə azərbaycançılığın və türkçülüyün bir çox sahələri və öyrənilməmiş mövzuları ilə bağlı silsilə elmi-publisistik yazıların müəllifi kimi ölkəmizdə, soydaşlarımızın yaşadığı geniş arealda, türkdilli dövlət və toplumlarda yaxşı tanınan Ramiz Əskər son 15 illik elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan türkologiyasına zəkası, təşəbbüskarlığı və yorulmaq bilmədən çalışması ilə bir sıra yeniliklər gətirmiş, yeni uğurlar qazandırıb. Onun elmi-pedaqoji sahədə xidmətləri, haqlı olaraq, elmi-mədəni dairələrdə Bəkir Çobanzadənin, Həmid Araslının, Fərhad Zeynalovun, Orxan Şaiqin, Fuad Köprülünün, Məhərrəm Erkinin, Oljas Süleymenovun yolunu əzmlə davam etdirmək kimi dəyərləndirilir.

Universitet auditoriyasında azərbaycanca və rusca türk mədəniyyət tarixindən, türkologiyanın əsaslarından, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu bilig”, “Manaskimi ulu qaynaqlardan kurslar aparan Ramiz Əskər bu mövzuları çevrələyən tədqiqat və nəşrlərlə bağlı qısa müddətdə ciddi boşluğu aradan qaldırmağa, son dərəcə gərəkli bir türkoloji ədəbiyyat kitabxanası yaratmağa nail olub.

Namizədlik dissertasiyasını “Qutadğu Bilig”, doktorluq işini isə “Divanü lüğat-it-türk” mövzuları ilə bağlı yazıb, müdafiə və çap etdirən etdirən Rmiz Əsgərin Azərbaycan auditoriyası üçün uyğunlaşdırıb, çevirib nəşrinə nail olduğu sayca 50-yə çatan türkoloji qaynaq və kitabların təkcə siyahısı bir qəzet yazısı qədərdir. Onlardan ən önəmlilərinin adlarına nəzər salaq.

Tədqiqat və dərs vəsaitləri: “Qutadğu Bilig”; “M.K.Atatürk TBMM-in banisidir”; “Mahmud Kaşğarionun Divanü lüğat-it-türk əsəri”; “Türk xalqları ədəbiyyatı”; “Orxon abidələri”; “Kutadgu Bilig biblioqrafyası”; “Kitabi-Dədə Qorqud biblioqrafiyası” 2 cilddə; “Qutadğu Bilig hikmətləri” və s. Tərcümə kitabları: “Faruq Sümər. Oğuzlar”, türkcədən; “Yusif Balasağunlu. Qutadğu Bilig”, əski türkcədən; “Bahəddin Ögəl. Türk mifologiyası”, türkcədən; “Mahmud Kaşğari. Divanü lüğat-it-türk”, əski türkcədən, 4 cilddə; “Mahmud Kaşğari. Divanü lüğat-it-türk”, ruscaya, 3 cilddə; “XX əsr özbək şeiri antologiyası”, özbəkcədən; “Türk ədəbiyyatı tarixi”, türkcədən, 2 cilddə; “Zəhirəddin Məhəmməd Babur. Baburnamə”, cağataycadan; “Türkmən şeiri antologiyası”, türkməncədən; “Monqolların gizli tarixi”, türkcədən, ruscadan, almancadan; “Bəkir Çobanzadə, seçilmiş şeirləri”, kırım-tatarcadan və s.

Ramiz Əskərin jurnalistikaelmi-pedaqoji sahədə xidmətləri Azərbaycan Respublikasının “Şöhrət” ordeninə və Əməkdar jurnalist fəxri adına layiq görülüb. Onun ciddi yaradıcılıq uğurları ölkəmizin “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay” yaradıcılıq mükafatlarına, eləcə də Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Tatarıstanın, Rusiyanın, Ukraynanın, Küveytin nüfuzlu mükafat və medallarına layiq görülüb. Soydaşımız Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) və Avrasiya Yazarlar Birliyinin (Ankara) üzvüdür. Onun 50-dən artıq beynəlxalq simpoziumkonfransda məruzələri xarici aləmdə böyük maraqla qarşılanıb.

Ramiz Əskər ömrünün ən məhsuldar illərini yaşayır, yorulmadan, ərsəyə gətirdiyi əsərlərin gərəkliyindən doğan çoşğu və həvəslə yazıb-yardır. O, jurnalistikadan bədii və elmi yaradıcılığa, pedaqoji və rəhbər, ictimai fəaliyyətə keçən bir çox həmkarından fərqi olaraq media sahəsində yerini boş qoymayıb. Ramiz Əskər daim KİV sferasında, yazar dostlarının əhatəsindədir. Həmkarımız yaradıcılığı, düşünüb-söylədikləri ilə yenə qəzet-jurnal səhifələrində, teleradio verilişlərində, yeni nəşrlərdədir. Yubiliyar dostumuz 65 yaşın yüksəkliyində həyatına yüksək ictimai məzmun verən, onu ölkəmizdə və xaricdə geniş tanıdan amal və əməlini belə açıqladı:

– Azərbaycan dünya üzrə türkologiyanın qabaqcıl məktəblərindən biridir. Son min ildə türk dünyasının üç böyük dilçisindən (Mahmud Kaşğari, Mirzə Kazım bəy, Bəkir Çobanzadə) biri olan Mirzə Kazım bəy milliyyətcə azərbaycanlıdır. Bəkir Çobanzadə isə dilçitürkoloq kimi Bakıda parlamışdır. Azərbaycan 1926-cı ildə türkologiya sahəsində misilsiz işlər görülən elm mərkəzi kimi şöhrətlənmişdir. Dünya türkləri arasında latın əlifbasına ilk dəfə biz keçmişik. Sonrakı illərdə də türkoloji axrtarışlar sahəsində SSRİ-də ən qabaqcıl respublikalardan biri biz olmuşuq. Əbəs deyil ki, “Sovetskaya tyurkologiya” jurnalı Bakıda nəşr olunurdu.

İki il əvvəl Astanada qazax, rusingilis dillərində “Ümumdünya türkologiya tarixi” adlı üçcildlik möhtəşəm bir kitab nəşr edildi. Orada Azərbaycan bölməsini mən yazdım. Türkologiya elmi bugün də sürətlə inkişaf edir. Mənim bu inkişafa, az da olsa, töhfələrim olub. Mahmud KaşğarininDivanü lüğat-it-türk” əsərini və Yusif

BalasağunlununQutadğu bilig” poemasını ana dilimizə tərcümə etməyimi həyatımın ən dəyərli faktlarından sayıram. Bunlar türkologiyanın ən mühüm mənbələri hesab olunur. Ötən il Beynəlxalq Türk Akademiyası məni türkologiya qarşısında xidmətlərimə görə “Vilhelim Tomsen” medalı ilə təltif etdi. Bu mükafat Azərbaycan aliminə və elminə verilən yüksək qiymət kimi məni çox sevindirdiyeni fəaliyyətə həvəsləndirdi.

Gələcək planlarım çoxdur. Hazırda Əlişir Nəvainin “Xəmsə”sini ana dilimizə çevirirəm. Artıq “Heyrət-ül əbrar” ilə “Fərhad və Şirin” poemaları üzərində başa çatıb. Bu il özbək dahisinin digər poemalarını da dilimizə çevirəcəyəm. Daha sonraKoroğlunun türkmən variantı olanGoroğlu” dastanını ana dilimizə tərcümə etməyi nəzərdə tuturam. Qismət olsa, daha 2 əsər – “Qaraxanilər dövrü türk ədəbiyyatı”, bir də “Türkat” adlı bir monoqrafiyasını yazacağam.

Milli jurnalistikamızda özünü bir çox ölçüləri ilə təsdiq etmiş Ramiz Əskərin çağdaş mediadan qədim Türk dünyasına, saldığı mötəbər körpü zaman-zaman azərbaycançılığın ən yaxşı dəyərlərini türkçülüyün ortaq hədəflərinə qovuşduracaq. Tanınmış jurnalisttürkoloq soydaşımızı ömrünün növbəti hesabat məqamında qəzetimizin oxucuları ilə birgə təbrik edir, misilsiz fəaliyyətinin daha barlı-bəhrəli olmasını arzulayırıq.

 

Tahir AYDINOĞLU,

Əməkdar journalist

 

Xalq qəzeti.- 2019.- 10 yanvar.- S.5.