Qədirbilənlik milli dəyərlərin

mötəbər qoruyucusudur

 

Hər il yanvarın ortalarında Azərbaycanda yaranmış Şərqin ilk operası Leyli və Məcnunun ərsəyə gəlməsinin ildönümü ölkəmizdə öyünclü sənət hadisəsi kimi yad edilir. Bu unudulmaz tarixin 111-ci ildönümü ərəfəsində ilk milli operamızın yaradıcı truppasının fəal iştirakçısı olmuş Mirmahmud Kazımovskinin ad və soyadını daşıyan, sənət sevgisini yaşadan nəvəsi ilə müsahib olduq.

Xatırladaq ki, Kazımovskilər ailəsi milli teatrteleviziya tariximizdəki sanballı xidmətləri ilə sənətsevərlərə yaxşı məlumdur. Baba Kazımovski Mirmahmud Mirələkbər oğlu milli oyanış və istiqlal mübarizəsi dövründə teatr sənətinə gəlmiş, görkəmli aktyor, pedaqoq, müxtəlif janrlı səhnə əsərlərinin müəllifi, rejissor kimi məşhurlaşmışdır.

Professional teatr xadimilərinin ilk nəslinə mənsub olan bu fədakar ziyalı zəngin və şərəfli yaradıcılıq yolu keçmiş, 1938-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülmüşdür. 1897-ci ildən səhnəyə qədəm qoymuş, 58 illik ömrünün 42 ilini milli teatrımızın inkişafına həsr etmiş Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.

XX əsrin əvvəllərindən Mirmahmud Kazımovski peşəkar artist kimi tanınmağa başlamış, Qoqolun Müfəttişində Filippoviç, Nəcəf bəy Vəzirovun Pəhləvani Zəmanə əsərində Cahangir bəy, Şəmsəddin Saminin Gavə əsərində zabit və kəndli rollarında, Müsibəti-Fəxrəddin əsərində Əhməd rolunda, eyni zamanda, bir sıra Qərbi Avropa dramaturqlarının tamaşalarında uğurla çıxış etmişdir. Şekspirin Otello faciəsi onun yaradıcılığında xüsusi yer tutmuşdur. Mirmahmud Kazımovskinin milli teatr tariximizdə xidmətlərindən biri də Azərbaycan qadınlarının səhnəyə gələ bilmədikləri bir dövrdə onları məharətlə əvəz etməsi olmuşdur.

Mirmahmud Kazımovski sovet dövründə aktyorluqla yanaşı, pedaqoqluq da etmiş, dramaturgiya ilə də məşğul olmuşdur. O, teatr sahəsində Ə.Haqverdiyev, H.Cavid, S.S.Axundov, C.Məmmədquluzadə, Cəfər Cabbarlı kimi görkəmli simalarla əməkdaşlıq etmişdir. Azərbaycan kinosu sahəsində də rejissor kimi fədakarlıqla çalışan Mirmahmud Kazımovski adını Neftmilyonlar səltənətində, Bismillah, Bakılılar, Kəndlilər, Sovqat filmlərinin tarixçəsinə yazmışdır.

Atasının sənət yolunu, həmin nəslin professisonallıq ənənəsini ləyaqətlə davam etdirən oğul Rauf Kazımovskinin adı isə Azərbaycan milli efirekran yaradıcılığı tarixinə görkəmli radioilk televiziya rejissoru kimi yazılmışdır. Onun radio üçün hazırladığı O olmasın, bu olsun tamaşası Qızıl fonda daxil olmuş, televiziyada quruluş verdiyi Leyli və Məcnun tamaşası ilə bu şöhrətli əsər ilk dəfə kütləvi auditoriyaya çıxarılmışdır. Rauf Kazımovskinin çəkdiyi 7 film Azərbaycan kino sənətində yeni bir yön açmışdır. Onun yaradıcılığının çiçəklənən vaxtında 48 yaşında dünyasını dəyişməsi formalaşmaqda olan milli televiziya rejissorluğu sahəsində ciddi itki sayılmışdır.

Ailə şəcərəsini böyük həvəs və sədaqətlə davam etdirən nəvə Raufun oğlu Ələkbər Kazımovski televiziya filmləri yaradıcılığı sahəsində istedadlı rejissor kimi tanınmış, qısa müddətdə 15-dən artıq ekran əsərinə quruluş vermiş, gənc yaşlarında Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Təəssüf ki, Ələkbərin də ömür yolu atası kimi yarımçıq qırılmış, onun da vaxtsız ölümü dərin hüzn doğurmuş, ölkəmizdə televiziya rejissorluğunun inkişafına növbəti zərbə olmuşdur.

Kazımovskilər ailəsinin digər davamçıları da bu gün incəsənət sahəsində çalışır, milli mədəniyyətimizin tərəqqisinə xidmət göstərirlər.

Bugünlərdə Rauf Kazımovskinin o biri oğlu, babasının adını daşıyan Mirmahmud Kazımovski redaksiyamıza gəlmişdi. Müsahibimiz ilk olaraq Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın milli incəsənətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan, xüsüsən, Azərbaycan muğamının dünyada tanıdılması üçün gerçəkləşdirdiyi tədbirlərdən böyük məmnunluqla söhbət açdı.

Dünyaya gözünü tanınmış incəsənət adamlarının çevrəsində açan Mirmahmud bildirdi ki, atası Rauf Kazımovski incəsənətin müasir sahələri ilə məşğul olsa da, bütün varlığı ilə muğama bağlı idi. Sevincli anlarında da, kədərlı olanda da muğama qulaq asır, daha çox Cabbar Qaryağdıoğlunun səs yazılarını səsləndirirdi. Bu da səbəbsiz deyildi. Ailələrində Cabbar Qaryağdıoğlu şəxsiyyətinə və sənətinə hədsiz sevginin nə ilə bağlı olduğunu açıqlayan Mirmahmud daha sonra bildirdi:

İlk təhsilini professional teatr rejissorluğumuzun banisi Hüseyn Ərəblinski ilə birlikdə alan babam Mirmahmud onunla möhkəm dost imiş. Bu yaxınlıq babamı da Hüseynlə birlikdə teatr sənətinə gətirmişdir. Onların gəncliyi milli ziyalılarımızın atası sayılan, istedadlı soydaşlarımızın təhsil, elm və sənət sahəsində yolgöstərəni olan Həsən bəy Zərdabinin yaxın əhatəsində keçmişdir. 1906-cı ildə Bakıya gələn gənc müəllim və publisist Üzeyir Hacıbəyli da bu çevrəyə düşmüşdür.

Babamın atama dediklərindən belə bir məlumat bizə çatıb ki, o zaman 22 yaşlı Üzeyir Hacıbəylini ilk milli operamızı yaratmağa məhz Həsən bəy həvəsləndirmişdir. Bu işdə ünlü xanəndə Cabbar Qaryağdıoğlunun da ciddi təsiri və köməyi olmuşdur. Əvvəla, Şuşada Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı Məcnun Leylinin qəbri üstündə tamaşasında Cabbar Qaryağdıoğlunun yaratdığı Məcnun obrazı o zaman hələ uşaq olan Üzeyir bəyin qəlbinə bir toxum kimi düşmüş və musiqiyə bələd olması artdıqca onda həmin tamaşanı ayrıca operaya çevirmək arzusunu cücərtmişdi. İkincisi, Cabbar Qaryağdıoğlu 1908-ci il yanvarın 13-də (yeni təqvimlə 25-də T.A.) Tağıyev Teatrında həyata vəsiqə alan Şərqin ilk operasının tamaşaya qoyulmasında Üzeyir Hacıbəyliyə və Hüseyn Ərəblinskiyə çox kömək eləmişdi. Operanın səhnəyə qoyulmasında bacarıqlı aktyorluğundan əlavə, həm də gözəl səsi olan babam da yaxından iştirak etmiş, Leylinin anası, altıncı və yeddinci ərəb rollarını oynamışdır.

Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar, musiqi xadimi, Xalq artisti Cabbar Qaryağdıoğlu ilə babamın tanışlığı və dostluğu da elə o zaman yaranmış və illər keçdikcə davam edib möhkəmlənmişdi. Atam da həmişə onu Cabbar əmi deyə xatırlayır, sənətindən məftunluqla söz açırdı. O bildirirdi ki, Cabbar əmi muğamın sirli pərdələrini aça-aça insanı ilahi bir gözəllik məqamına yüksəldir, başa düşənlərə misilsiz bir zövq bəxş edir. Atam həm də təəssüflə deyirdi ki, biz bu sənətkarın qədrini layiqincə bilmirik, vaxtilə oxuyanda başına qızıl səpilən Cabbarın qızıldan heykəlini qoymuruq.

Bax beləcə babadan ataya, ondan da biz nəvə-nəticələrə müqəddəs bir Cabbar əmi sevgisi keçib. Biz Kazımovskilər ailə bioqrafiyamızın belə bir bənzərsiz sənət xadimi ilə bağlılığı ilə fəxr edirik. Təbii ki, Cabbar əmi ilə bağlı görülməli işlər bizi də qayğılandırır.

Nəvə Mirmahmud söhbətin bu yerində bildirdi:

Son 15 ildə Cabbar Qaryağdıoğlu kimi musiqi korifeylərinin sonrakı nəsillərə əmanət qoyub getdiyi muğam sənətinin dövlət səviyyəsində himayə olunması, onun qorunması inkişafının yüksək səviyyədə təmin edilməsi Kazımovskiləri hamıdan çox sevindirir razı salır. Prezident İlham Əliyevin sərəncamları ilə bir zaman Yasamal qəbiristanlığında Cabbar Qaryağdıoğlunun yeri itməkdə olan məzarının abadlaşdırılması, ölməz sənətkara qəbirüstü abidə qoyulması, 150 illik yubileyinin təntənə ilə keçirilməsi, ölkəmizdə muğam sənətinin şərəfinə yaradılmış misilsiz Muğam evində bu sənətin qüdrətli simaları sırasında Cabbar əminin büstünün olması olduqca sevindiricidir.

Lakin bir məsələ hələ həllini gözləyir. Bu da ondan ibarətdir ki, 1948-ci ildə respublika hökuməti Bakıda Fəxri xiyabanının yaradılması haqqında qərar verəndə bu işin özülünün xalqımızın 15 görkəmli şəxsiyyətinin məzarlarının buraya köçürülməklə qoyulması nəzərdə tutulmuşdu. Nədənsə, sonrakı illərdə hətta erməni Yeremyanın məzarı da Fəxri xiyabana köçürülsə , Vidadinin, Seyid Əzimin, Sabirin məzarları ilə yanaşı, Cabbar Qaryağdıoğlunun da qəbri əvvəlki yerində qalmışdır.

Müsahibimiz sonda bildirdi ki, görkəmli şair Mikayıl Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı mətbuatda gedən yazılara Prezident İlham Əliyevin həssas münasibəti sənətsevərlərdə belə bir ümid yaradır ki, respublika hökumətinin 71 il əvvəl çıxardığı gərəkli bir qərarın da yerinə yetirilməsi, nəhayət, başa çatdırılacaq.

Müstəqillik illərində dillərə düşən bir məsəl yarandı: Unutsaq unudularıq. yaxşı ki, xalqımızın qədirbilənliyi ona bəla gətirən unutqanlığına həmişə üstün gəlir. Qədirbilənlik hər sahədə gərəklidir, yaxşılarının çoxalmasına xidmət edir. Sənətə sənətkara münasibətdə isə qədirbilənlik milli dəyərlərin mötəbər qoruyucusudur.

T. AYDINOĞLU

 

Xalq qəzeti.-2019.- 15 yanvar.- S.10.