Mingəçevir Şəhər Dövlət Rəsm Qalereyasında

20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi 

 

Mingəçevir Dövlət Rəsm Qalereyasında 20 Yanvar şəhidlərinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Yanvarın 16-da açılan sərgidə Mingəçevir məktəblilərinin əl işlərindən ibarət rəsm nümunələri nümayiş etdirilir. Müxtəlif səpgilərdə işlənmiş rəsm əsərləri mahiyyətcə bir məna daşıyırdı. 20 Yanvar hadisələri keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ən qəddar cinayət hadisəsidir. Xalqın birliyi, əzmkarlığı, qəhrəmanlığı, mərdliyi məkrli düşmənə layiqli cavabdır. Topla, tankla, öldürücü silahlarla xalqın iradəsini qırmaq olmaz! Sərgidə nümayiş olunan balaca rəssamların çəkdikləri əsərlərdən doğan yekdil fikir belə idi: Ölərik, azadlığımızı əldən vermərik. Vətən yenilməzdir!

Sərginin açılışında şəhər ictimaiyyətinin nümyəndələri ilə yanaşı, təhsil işçiləri, ümumtəhsil orta məktəblərinin nümayəndələri, məktəblilər, şəhər sakinləri iştirak edirdilər. Tədbiri Mingəçevir Dövlət Rəsm Qalereyasının rəhbəri Böyükkişi Adilbəyli açaraq təşkil olunan sərgi haqqında fikirlərini açıqladı, yaradıcı məktəblilərə uğurlar arzuladı.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov 20 Yanvar faciəsindən ətraflı bəhs edərək vətənpərvərlərimizin əzmkar mübarizəsini xatırlatdı və həmin hadisələri xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndirdi. Sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi. Ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyevin 20 Yanvar şəhidlərinin, bütövlükdə Azərbaycan xalqının azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək üçün həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Şəhidlərin ruhuna Allahdan dualar dilədi.

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2019.- 17 yanvar.- S.7.