Notların qanun alətində rəqsi...       

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc qanun ifaçısı, Əməkdar artist Çinarə Heydərovanın solo konserti keçirilib.

 

Konsertdən əvvəl çıxış edən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayev gənc ifaçının yaradıcılığı haqqında fikirlərini bölüşüb. Bildirib ki, ifaçı hələ 16 yaşından orkestrdə çalışmağa başlayıb və öz istedadı ilə həm orkestr rəhbərliyinin, həm də tamaşaçıların rəğbətini qazanıb: “Gözəl musiqi duyumu, qanun alətinə sevgisi sayəsində bu gün gənc ifaçı bir çox uğurlara imza atıb. Bülbül adına orta ixtisas məktəbinin fortepiano sinfində dörd il təhsil aldıqdan sonra öz arzusu ilə qanun alətini seçən ifaçı görünür ki, heç də səhv addım atmayıb. Çünki bu gün muğam konsertlərinin və Azərbaycan xalq musiqisinin ölkəmizdən kənarda təbliğinə gənc ifaçı da öz töhfəsini verməkdədir. Əbəs deyildir ki, onun qanun alətində bacarıqlı ifası görkəmli bəstəkar Dadaş Dadaşovun nəzərindən kənarda qalmamış və gənc ifaçıya qanun aləti üçün “Çinarənin sevinci” əsərini həsr etmişdir. İfaçının bacarığı və çalışqanlığı diqqətdən kənarda qalmamış və dövlətimiz tərəfindən Əməkdar artist fəxri adına layiq görülmüşdür. İfaçı çox az sayda olan musiqiçilərdəndir ki, həm solist, həm də orkestrlə işləmək bacarığı çox yüksək səviyyədədir. Bu gün biz çox sevinirik ki, gənc nəslin nümayəndəsi kimi Çinarə Heydərova həm gözəl ansambl ifaçısı, həm orkestr, həm də savadlı pedaqoq kimi fəaliyyət göstərir. Çünki o, həm də dirijorluq ixtisasına tam yiyələnmiş musiqiçidir”.

Daha sonra Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə gənc qanun ifaçısı Azərbaycan bəstəkarları N.Əliverdibəyov, H.Xanməmmədov, S.Ələsgərov, F.Əmirov, Z.Bağırov, həmçinin Avropa bəstəkarlarının əsərlərini təqdim edib. Konsert proqramında səslənən “Şüştər” muğamı və Çinarə Heydərovanın tələbəsi Solmaz Rəhimova ilə dueti İ.Albenis “Asturiya əfsanəsi” əsəri böyük maraqla qarşılanıb. Proqramın sonunda isə D.Dadaşovun “Çinarənin sevinci” əsəri təqdim olunub.

Konsertin sonunda ifaçı “Gənclərə dəstək” layihəsinin təşkilatçılarına, Mədəniyyət Nazirliyi və Akademik Filarmoniyaya təşəkkürünü bildirib.

Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə layihəsidir. Layihənin məqsədi gənc ifaçıların istedadını üzə çıxarmaq və yaradıcılığına dəstək məqsədi daşıyır.

 

 Xalq qəzeti.- 2019.- 31 yanvar.- S.11.