Müzəffər Prezident

 

Tarix şəxsiyyətlər yetişdirir. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradırlar. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikalllığı ondadır ki, tarix özünün mürəkkəb çağlarında daha səxavətli olur – dühalar doğulur. Onlar da tarixə borclu qalmır­lar. Missiyaları xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Ulu öndər, ilk növbədə, Azərbaycanın itirilməkdə olan dövlətçiliyini bərpa etdi, ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşı­sında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişa­fının təminatçısıdır. Onun rəhbərliyi altında Azərbaycan son 17 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

 

Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” – deyərək, ictimai fəaliyyətə başlayan dövlət başçımızın hələ 2003-cü ildə söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.

 

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində onun həll edəcəyi vəzifələr arasında Azərbaycanda çadır şəhərciklərinin ləğvi, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili, yoxsulluğun aradan qaldırılması, 600 min yeni iş yerinin açılması, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanması, sahibkarlığa dövlət qayğısının artırılması, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılması xüsusi yer tuturdu.

 

İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi həmin siyasətin real göstəriciləri hesab oluna bilər.

 

Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi.

 

Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03 faizinin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etmişdi. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə səs verdi. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son iki ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakterizə olunur.

 

Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu sosial-itisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətlərini əhatə etməklə çoxşaxəli və dinamikdir. Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin dönməzliyini təmin edir. Nəticədə xarici siyasət istiqamətində də mövqelərimiz daha da möhkəmlənir.

 

Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə, 17 il ərzində, o cümlədən, son 2 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir.

 

Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq.

 

2009-cu ildə ABŞ başda olmaqla, Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə–Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni Prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi.

 

Prezident İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da əslində, bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa belə, sözünün mənası və çəkisi böyükdür. Qətiyəti və iradəsi böyükdür. Prezident və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidentinin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə–Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkündür. Bu, hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir.

 

Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında, düzgün, adekvat reaksiya versinlər. Belə unikal siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi, radikal siyasi ünsürlər haray-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu, az qala, dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətələb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi Azərbaycanın dünyanın nəhəng universal beynəlxalq təşkilatı olan BMT TŞ-yə qeyri-daimi üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi.

 

Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda, tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmama Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-yə keçirilən seçkilərdə Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

 

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir. Bu baxımdan, 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov ilə NATO Hərbi Komitəsinin rəhbəri general Petr Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti, 2019-cu ilin iyul ayında Rusiyanın ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır. Beləliklə, Bakı 6-cı dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara evsahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir. Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

 

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 17 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı çoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan, bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmaması ilə müəyyən ediləcək”,– fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq, Xəzər dənizinin nefti Avropa bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət, ilk növbədə, “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı.

 

Bu prosesdə ən əsas halqalardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər artıq yekun mərhələyə daxil olmuşdur.

 

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

 

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı.

 

Son 17 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi- Qars dəmir yolundan keçərək Avropaya çatmişdir. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.

 

Təsadüfi deyildir ki, Davos Dünya İqtisadi Forumunun 2019-cu il üçün qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərələliyinə görə dünyada 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyadakı beşulduzlu 10 hava limanından biridir. Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdədir.

 

Onu da qeyd edək ki, müvafiq düzəlişlərdən sonra Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycanın reytinqi 76,7 baldan 78,5 bala qədər artırılmışdır. Bununla da ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 dövlət arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilmişdir. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən biri” olaraq dəyərləndirilmişdi.

 

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbayacan son 17 il ərzində təkcə dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib etmir, eyni zamanda, dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyillərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində geniş yer alması şəraitində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

 

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm – dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”, – deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına evsahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-ci ildə IV İslam Həmrəylik oyunlarına evsahibliyi etməklə mədəniyyətlər arasında unikal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük töhfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

 

 

 

2019-cu ilin oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycana həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi və Azərbaycana tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, noyabrın 14-də Bakı şəhərinin Dünya dini liderlərinin II Bakı Sammitinə evsahibliyi etməsi, 2019-cu il oktyabrın 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə baş tutatcaq Beynəlxalq Astronavtika Konqresinə evsahibliyi etmək hüququ qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın “Bir Kəmər – Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi və digər mühüm tədbirlər, heç şübhəsiz, Prezident İlham Əliyevin müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.

 

Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.

 

Böyük fəxr hissi ilə onu da vurğulayaq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşviqi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda ABŞ-ın kifayət qədər nüfuzlu “İrs” Fondunun 2020-ci ilin mart ayında təqdim etdiyi dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Azərbaycan bu uğuru, ilk növbədə, biznes azadlığı, investisiya azadlığı və fiskal sağlamlıq göstəricilərinə uyğun olaraq əldə etdiyi nailiyyətlərə görə qazanmışdır. Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə, hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkərini belə arxada qoyaraq,” köhnə qitə”nin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşmışdır.

 

Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq, dünyanın bütün ölkələrini əsarətə alan koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə, bu infeksiyanın məlum təsirləri fonunda dünya neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir. Prezident İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın fəlakətli nəticələrindən hifz etmək və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronavirus pandemiyasına qarşı mübarizədə preventiv, profilaktik, ardıcıl və sistemli addımların atılmasını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq üçün gecə-gündüz çalışır. Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunması; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan, bu baxımdan, nümunəvi dövlətlər sırasında qeyd edilmişdir.

 

Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə həsr olunmuş zirvə görüşlərinin (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə böyük töhfə verdiyini təsdiqləyir.

 

Qoşulmama Hərəkatının qeyd edilən Zirvə görüşündə Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmişdir. BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhfə verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq vurğulamışdır ki, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.

 

Bu, bir həqiqətdir ki, öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalq ona görə Prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.

 

Bu gün müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən, hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

 

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə, haqlısan məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Olkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 10 il sonra 3,7 milyard dollara yüksəlmişdir. Cari ildə ölkəmizin müdafiə büdcəsi 3 milyard 853 milyon 600 min manat təşkil edir. Bu, 2019-cu ilin hərbi büdcəsi ilə müqayisədə 20,9 faiz yaxud 666 milyon manat çoxdur. 2021-ci ildə isə müdafiə xərcləri büdcənin 15,3 faizini təşkil edəcəkdir. Bu göstərici 3 milyard 954 milyon manata (2 milyard 326 milyon dollar) bərabər olacaqdır. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 faizi və ondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla, Ermənistanın anoloji büdcəsini, təxminən, 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

 

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirmişdir.

 

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdir. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur.

 

Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad etmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə – Azərbaycan xalqına qaytarmışdır.

 

Bu məqamda, Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir. Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqının və dövlətinin milli maraqlarının müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.” Əlavə şərhə ehtiyac yoxdur.

 

Elman NƏSİROV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor

 

Xalq qəzeti 2020.- 23 dekabr.- S.1;4.