İnsanların tezliklə doğma torpaqlarına qayıdışı üçün bütün imkanlar səfərbər ediləcək

 

Biz azad edilən əraziləri bərpa edəcəyik. Biz işğaldan azad edilən yaşayış sahələrimizi təzədən tikəcəyik. Bütün kəndləri yenidən quracağıq. Orada yaşayacaq insanlar tikinti işlərinə cəlb ediləcəklər. Onlar öz evlərini bərpa etmək üçün məvacib ala­caqlar. Oraya həyat qayıdacaq, oraya uşaqların gülüşü qayıdacaq. İnsanlar rahat nəfəs alacaq, hiss edəcəklər ki, ləyaqətlərini özlərinə qaytarıblar.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzala­nan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qo­yuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Koman­dan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq kimi dünyanın gözündə daha da ucaldı.

 

Üç ölkə arasında əldə edilən razılaşma Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması baxımından tarixi əhəmiyyət daşı­yır, eyni zamanda, bəyanatla Qara­bağa heç bir status verilməyəcəyi, Naxçıvanla Azərbaycanın quru əlaqəsinin reallaşacağı, Naxçıva­nın blokadadan çıxacağı, habelə qardaş Türkiyənin sülhməramlı prosesdə iştirak edəcəyi bildirilir. Ümumiyyətlə, böyük siyasi, dip­lomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsidir.

 

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, xalq-Prezident-ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın iş­ğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.

 

Müharibənin davam etdiyi günlərdə dövlət başçımız xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələrdə respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xa­rici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.

 

Vətən müharibəsinin gedişində şəhər və kəndlər işğaldan azad edildikcə, eyni zamanda, ya­şayış məntəqələri qeyri-qanu­ni məskunlaşan ermənilərdən təmizləndikcə düşmənin barbarlığı, faşist mahiyyəti bütün çılpaqlığı ilə bir daha üzə çıxdı. Şübhəsiz ki, beynəlxalq ictimaiyyət də işğal­çı ölkənin 30 il ərzində törətdiyi vandal hərəkətlərinidən, qeyri-in­sani əməllərindən xəbərdar idi və belə hallar haqdan-ədalətdən dəm vuran ölkələr tərəfindən susqunluq­la qarşılanırdı. Əslində, döyüşlər getdiyi günlərdə də vəziyyət dəyişmədi, Ermənistana barbarlığı­na görə sanksiyalar tədbiq etmək təşəbbüsü göstərilmədi.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad edilən yaşayış məntəqələrimizdə artıq yeni dövr başladığını diqqətə çatdıraraq, hazırda bu ərazilərdə acınacaq­lı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağı­dıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib. Dövlətimizin başçısı, eyni zaman­da, xatırladıb: “Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqı­nın ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar”.

 

Prezidenti İlham Əliyev çı­xışlarında bərpa zamanı bü­tün tədbirlərin əsaslı şəkildə gerçəkləşdiriləcəyini, bunun üçün Baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunacağını, infrastruktur layihələrinin planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlərin görüləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vətəndaşlara dədə-baba yurdlarına qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcəyini də xüsusi vurğulayıb.

 

Əslində, Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildir­diyi kimi, Azərbaycan artıq bərpa işlərinə başlayıb. Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Pre­zidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat vəsait ay­rılıb. Bu işə gələn il də əlavə vəsait yönəldiləcəyi nəzərdə tutulub.

 

Dövlətimizin başçısı həmin müraciətində daha sonra Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun çəkilişinə bir neçə şirkətin cəlb edilməsi, bununla da ma­gistralın vaxt itirilmədən və qısa müddətdə gerçəkləməsi üçün mü­vafiq qurumlara tapşırıqlar verdiyini də diqqətə çatdırıb. Ölkə rəhbəri bununla bərabər, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kom­munikasiyaların da işə salınmasının gələcəkdə bölgədə uzunmüddətli sülhə töhfə verəcəyinə əminliyini bildirib:Bu işlər planlı şəkildə öz həllini tapacaq. Biz artıq birinci bö­yük layihəyə start verdik. Eyni qay­da ilə biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağ­damlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır”.

 

Yeri gəlmişkən, FüzuliŞuşa yolunun inşasına başlanılması, eyni zamanda, Azərbaycan Prezi­dentinin yaradıcı ruhunun parlaq təzahürüdür. Otuz il ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan quldurluq hərəkətləri törədib, həmin ərazilərdə nəinki daşı daş üstə qoyub, əksinə, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan Füzuli və Cəbrayıl rayonlarında, eləcə də digər yaşayış sahələrində dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub. Bəli, bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir.

 

Azərbaycan Prezidenti çıxış­larında işğal altında saxlanıldığı dövrdə şəhər və qəsəbələrimizdə, kəndlərimizdə tarixi-mədəni irsimizin silinməsi, abidələrimizin erməniləşdirilməsi, məscidlərimizin dağıdılması, yeni xəritələrin tərtib edilməsi barədə ətraflı məlumat verib. Həmçinin qeyd edib ki, işğal­dan azad edilən yurd yerlərimizdə erməni vəhşiliyinin heç zaman unudulmayacağını, yaddaşlardan silinməyəcəyini, eyni zamanda, insanların tezliklə dogma torpaqla­rına qayıdışı üçün bütün imkanların səfərbər ediləcəyini vurğulayıb:Bu gün bizim yaşadığımız günlər, ya­şadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq”.

 

Ölkə rəhbərinin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə, inventarlaşdırma aparılandan, bizə vurulmuş ziyanın həcmi qiymətləndiriləndən sonra ar­tıq Azərbaycan vətəndaşlarının evlərinə qayıdacaqları reallaşacaq. İkinci mərhələdə isə müvafiq hüqu­qi prosedurlar gerçəkləşdiriləcək, təcavüzkar məsuliyyətə cəlb ediləcək.

 

Qarabağda zəngin təbii ehti­yatlar mövcuddur. Bu, regionun iqtisadiyyatının bərpası və yenidən qurulması prosesində önəmli rol oynayacaq.

 

Xatırladaq ki, Dağlıq Qarabağ və ətraf rayonlarda 160 müxtəlif qiymətli metal yatağı var. Kəlbəcər, Laçın, Zəngilan və Tərtərdə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar yataqlar yerləşir. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratla­rının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi məhz Azərbaycanın işğal olun­muş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunub. Bundan sonra bu zəngin və qiymətli yataq­lar xalqımızın rifahına yönəldiləcək. Bu isə son nəticədə qeyri-neft sektorunda yeni gəlirlərin əldə edilməsini, yerlərinin yaradılma­sını, ixrac potensialımızın artırılma­sını şərtləndirəcək.

 

Azərbaycanın 20 faizə yaxın ərazisinin 30 ilə yaxın bir müddətdə işğal altında qalması həmin torpaqların iqtisadi potensialın­dan istifadəsinə imkan verməyib. İşğaldan əvvəl coşğun həyatın, bol gülüşün olduğu kənd və şəhərlər düşmən ölkənin barbar­lığı nəticəsində “ruhlar şəhərinə” çevrilib.

 

Ekspertlərin fikrincə, işğaldan azad olunan ərazilərimizin möv­cud potensialını, xammal və təbii ehtiyatlar və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyədək artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, tez bir vaxtda həmin ərazilərdə yeni yerlərinin yara­dılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

 

Bu ərazilərin dirçəldilməsi zamanı nəinki ora gələn inves­torlar, hətta həmin yerlərə köçüb gedəcək əhali üçün müəyyən güzəştlər sistemi də hazırlanacaq. Söhbət kompleks mexanizmlərdən, konkret desək, təkcə vergi-gömrük rüsumu güzəştlərindən deyil, o ərazilərə bütövlükdə yeni yanaşma tərzindən gedir. Bir sözlə, iqtisadi islahatlardan, mülkiyyət toxunul­mazlığına zəmanətdən tutmuş məhkəmə münaqişələrinin ədalətli həllinə qədər bütün məsələlər geniş çərçivədə həllini tapacaq.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti  2020.- 20 dekabr.- S.4.