Tarixi Qələbəmizi reallaşdıran müdrik dövlət xadimi

 

Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.

 

Prezident İlham Əliyevin 2018-ci il aprelin 18-də keçirilmiş andiçmə mərasimindəki nitqindən

 

Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq, düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də erməni işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.

 

Vətən müharibəsindəki hərbi-diplomatik uğurlarımız

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusu­nun sentyabrın 27-də Qarabağda başla­dığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və ra­yonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

 

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparı­lan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

 

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında oldu­ğu kimi, diplomatiya meydanında da uğur­larımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq, öz ərazilərini azad etmək hüqu­qundan istifadə edərək uğurlu və geniş­miqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.

 

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli bəyanatın müva­fiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycan hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

 

Milli maraqlara söykənən xarici siyasət

 

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyinə və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiya­lar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bunun­la yanaşı, Azərbaycan dünyada sülhyarat­ma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

 

Dövlət başçımızın yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

 

Son 17 ildə Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inki­şaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonf­rans zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assamb­leyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.

 

Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyası­nın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 150-dək dövlət tərəfindən dəstəklənməsi, xüsusi sessiyanın bu il dekabrın 3-4-də keçirilməsi və Prezident İlham Əliyevin sessiyada çıxışı beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, xüsusilə dövlətimizin başçısına olan böyük etimadın, eləcə də hörmətin növbəti göstəricisidir. Bu mühüm hadisələr onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regi­onal məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.

 

2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskva­ya, yoxsa Pekinə?” sualına cavab olaraq “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Dövlət başçısı bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

 

Regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən enerji diplomatiyası

 

Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 5 il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurası­nın iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı həmin toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantılarının keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

 

Prezident İlham Əliyev 2020-ci ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında diqqətə çatdırdı ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatı­mızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoni­yada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı.

 

Son 17 il ərzində ölkəmizin enerji təhlükəsizliyi strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qal­dırılıb. Azərbaycan bu gün iqtisadi poten­sial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanıb.

 

2018-ci il mayın 29-da Səngəçal termi­nalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin, eləcə də XXV Xəzər Neft-Qaz Sərgisinin keçirilməsinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olub. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Onu da qeyd etmək vacibdir ki, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqın­da Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

 

Prezident İlham Əliyev Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu baxımdan, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji siyasətinin təməli qoyulmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edildi. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə realla­şan Bakı –Tbilisi – Ceyhan, Bakı – Tbilisi –Ərzurum, Bakı –Tbilisi – Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.

 

Hazırda Azərbaycan Şərq – Qərb, Şimal – Cənub nəqliyyat dəhlizlərinin yara­dılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçı­dır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşdırıla bilməz.

 

Beynəlxalq təşkilatlarla münasibətlər yeni müstəvidə

 

Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplo­matiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siya­si nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.

 

Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə Görüşünün Yekun Bəyannaməsində də alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı möv­cud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər. Eyni zamanda, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya­nın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.

 

Bununla yanaşı, 2019-cu il oktyab­rın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyab­rın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət baş­çılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Həmçinin zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyas­da mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə Gö­rüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.

 

Son iki ildə ölkəmizin ev sahibliyi etdi­yi, eləcə də, dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər – 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantı­sı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfu­zunu xeyli yüksəldib.

 

Tarixi Qələbəmizi şərtləndirən amillər

 

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağ­lı işğalçı ölkə rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi real­lıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu dövlət başçımız 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Dis­kussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Ermənistanın yü­rütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən dərs keçdi.

 

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələri zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.

 

“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim möv­qeyimiz həm tarixi ədalətə, eyni za­manda, beynəlxalq hüquqa əsaslanır və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurd­larına qayıtmalıdırlar.

 

Dövlət başçısı bu münaqişə həll olun­madan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayın­ca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə apara­cağını dəfələrlə bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən ölkə rəhbəri dünyaya bəyan edib ki, dövlətimiz bun­dan sonra da öz prinsipial mövqeyindən dönməyəcək: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, – necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, – biz özü­müz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz sent­yabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmada­ğın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bütün region üçün yaratdığı ciddi təhdidləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılma­sında müstəsna rol oynadı.

 

Dövlət başçısı mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğal­çılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terro­rizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşul­mama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.

 

Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizi bir ildən sonra, 44 gün ərzində reallığa çevrildi və xalqımıza böyük sevinc yaşat­dı. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik ma­raqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olun­ması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazan­dıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 

Xalq qəzeti  2020.- 24 dekabr.- S.7.