Azərbaycan Prezidenti uğurlarımızın təminatçısıdır

 

Xalqın yekdil dəstəyi ilə 2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev üzərinə son dərəcə böyük məsuliyyət götürdü. O həm dövlətin rəhbəri, kifayət qədər çətin və mürəkkəb şəraitdə ölkəni, xalqı inkişafa aparan lider, həm də onu hərtərfli şəxsiyyət kimi yetişdirmiş, bacarığına, idarəçilik qabiliyyətinə böyük ümidlər bəsləyən ulu öndər Heydər Əliyevin arzularının və ideyalarının davamçısı kimi müqəddəs bir vəzifəni qarşısına əsas məqsəd kimi qoydu.

 

Həmin vaxt cənab İlham Əliyevin xalqa ilk xitabı bu idi: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”. Dövlətimizin başçısı ötən illər ərzində verdiyi vədə sadiq qaldı, nəinki hər bir Azərbaycan vətəndaşının, eyni zamanda, Azərbaycanı sevən, tarixi vətəninə qəlbən bağ­lı olan, dövlətimizin inkişafını, güclənməsini arzulayan bütün dün­ya azərbaycanlılarının Prezidenti oldu. Onun təşəbbüsü və dəstəyi ilə yerinə yetirilən sosial-iqtisadi in­kişaf layihələrinin, apardığı davamlı islahatların uğurlu nəticəsindən hər bir vətəndaşımız faydalandı, bəhrələndi.

 

Azərbaycan son 17 il ərzində qlobal müstəvidə siyasimak­roiqtisadi baxımdan sabit, da­vamlı və dayanıqlı iqtisadi inki­şafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı, beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınır.

 

Ötən illərdə Azərbaycanın ayrı-ayrı şəhərlərində, paytaxt Bakıda həyatın müxtəlif sahələrinə aid beynəlxalq tədbirlər keçirilib. Bu, ilk növbədə, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq imicinin artması, dünyada cərəyan edən hadisələr fonunda respublikamız­da hökm sürən sabitliklə, əmin-amanlıqla bağlı olub. Belə tədbirlər, həm də ölkəmizin və xalqımızın dünyada olduğu kimi tanıdılmasın­da, erməni faşizminin Azərbaycana qarşı işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında mühüm amillərdən birinə çevrilib.

 

Xalqlararası və mədəniyyətlərarası dialoqu, tolerantlıq ənənələrini mü­asir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək dövlətimizin başçısının siyasətində prioritet istiqamətlərdən biri kimi diqqət çəkib. Eyni zamanda, Prezident İlham Əliyev milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çat­dırılmasına xüsusi önəm verib. Məhz bunun nəticəsidir ki, son 17 ildə Azərbaycan təkcə Şərqdən Qərbə və Qərbdən Şərqə gedən yolların baş keçidi deyil, habelə siyasi-iqtisadi maraqların, dinlərin, mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkan kimi tanınıb, nüfuz qazanıb.

 

Bu gün Azərbaycanın rəyi, razılığı olmadan regionda hər hansı qlobal layihənin həyata vəsiqə qazana bilməməsi barədə səslənən fikirlər qətiyyən mübaliğə, şişirtmə deyil. Bu, bir reallıqdır. Bəli, Azərbaycan regionun əsas söz sahibidir. Cənubi Qafqazda reallaşdırılan qlobal layihələrin əsas təşəbbüskarıdır. Başlanğıcı ümummilli lider Heydər Əliyevdən, bu dahi şəxsiyyətin irəli sürdüyü yeni neft strategiyasından, “İpək yolukimi strateji qərarlardan irəli gələn tarixi reallıqları yaradan Prezident İlham Əliyev müasir dünyadakı qloballaşmayeni geosiyasi çağırışlara əsaslanan tələblərə cavab verən siyasi, həm də mötəbər xəttin daşıyıcısıdır.

 

Fəaliyyətində ardıcıllıq, praq­matiklik, rasionallıq və səmimilik Azərbaycan Prezidentinin əsas xarakter göstəriciləridir. O, geniş baxışlara malik nüfuzlu siyasətçidir, dövlətçilik irsində müəyyən olunan böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi fenomendir. Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində xalqımız, eləcə də beynəlxalq ictimaiyyət bunun bir daha şahidi oldu.

 

Xatırladım ki, işğalçı Ermənistan ordusunun sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına baş­lamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ordumuz döyüş mey­danında Ermənistanın “güclü, məğlubedilməz” ordu mifini darma­dağın etdi.

 

Düşmən illərdi ki, mülki əhalimizə qarşı törətdiyi müxtəlif təxribatlarla işğal ərazisini genişləndirməyə çalışırdı. Yeni bölgələr tutmaq, tapdaq altında saxlamaq iddiasını da gizlətmirdi. Azərbaycan isə hər dəfə düşmənin təxribatlarına layiqli cavab versə də, bu, ona dərs olmurdu. Lakin indiki Vətən savaşında səbr kasası daşan Azərbaycan Ermənistana biabırçı məğlubiyyət yaşatdı. Əslində, işğalçı belə bir acı nəticəni gözləmirdi. Çünki Ermənistanın siyasi və hərbi rəhbərliyi ötən 30 il ərzində güclü ordu mifini yara­daraq əhalisini aldadırdı. Bu mifi Azərbaycan Ordusu Ali Baş Ko­mandanın rəhbərliyi ilə darmada­ğın etdi və Ermənistanın qoruyub saxladığı status-kvo və təmas xəttini tamamilə dağıtdı.

 

Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Ordumuz düşmənin uzun illər ərzində qurdu­ğu, keçilməz hesab edilən müdafiə xətlərini qəhrəmanlıqla yardı, Ermənistanın hava hücumundan müdafiə sistemi və hərbi hava qüvvələrinı sıradan çıxartdı. İşğalçı qüvvələrə ağır zərbələr endirdi, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikasını məhv etdi.

 

Azərbaycanın işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, ümumiyyətlə, 300-ə yaxın yaşayış məntəqəsi düşməndən təmizləndi. Nəhayət, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti ilə idarə etdiyi Silahlı Qüvvələrin zəfər yürüşü siyasi müstəvidə qazanılan qələbə ilə yekunlaşdı.

 

Bu müharibədə Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olduğunu anlaya düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı. Nəticədə noyabrın 10-da Azərbaycan, Rusi­ya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayon­ları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı və bu, reallaşdırıldı.

 

Daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtma­ları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommuni­kasiyalarının inşasının reallaşdırıl­ması qərara alındı.

 

Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsini parlaq qələbə ilə başa çatdırmasını şərtləndirən digər bir neçə amili də diqqətə çatdırmaq istərdim. Bunlara döyüş hazırlığının bütün tələblərini yerinə yetirmək üçün şərait yaradılması, irimiqyaslı təlimlərin keçirilməsi, ordunun Ali Baş Komandanın diqqəti və səyi nəticəsində müasir silahlarla silahlandırılması, artille­riya və aviasiyanın, eləcə də digər sahələrin inkişaf etdirilməsi daxil edilə bilər.

 

Azərbaycan Silahlı Qüvvələrinin texniki üstünlükləri işğal olunmuş ərazilərdə düşmənin mühüm obyektlərini darmadağın etməyə imkan verdi. Müharibənin gedişi ərzində bunun dəfələrlə şahidi olduq.

 

Orduda şəxsi heyətin ruh yüksəkliyini xüsusi qeyd etməliyik. Bu baxımdan Azərbaycan Silahlı Qüvvələri təkcə silahmüa­sir texnika gücünə yox, həm də yüksək döyüş ruhu, vətənpərvərlik nümunəsi ilə möhtəşəm qələbəni reallaşdırdı. Əsgər və zabitlərimizin fiziki və qəhrəmanlıq gücü hesabı­na Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir.

 

Sonda bir məsələni də diqqətə çatdırmaq istərdim. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa işğal edildiyi gündən–1992-ci il mayın 9-dan ötən 28 ildə heç kimdə Şuşanın nə vaxtsa yağı tapdağın­dan xilas olunacağına şübhə yox idi. Son 17 ildə isə hamımızda o günün tezliklə gələcəyinə, dogma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

 

Sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı, bu, dövlətimizin baş­çısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, müzəffər Ali Baş Koman­danımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” - söyləməsi də bu qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.

 

Nəhayət, noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

 

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

 

Dövlətimizin başçısı müraciətində, həmçinin bu qədim şəhərimizin Azərbaycan tarixində xüsus yer tutduğunu, azərbaycanlıların əsrlərboyu burada yaşayıb-yaratdıqlarını bildirdi. Prezident daha sonra əlavə etdi ki, Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi, məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şu­şaya qayıtmışıq. Bütün tarixi abidələrimizi, məscidlərimizi bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir: Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

 

Azərbaycan Preziden­ti müraciətində, həm də xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu bildirdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

 

Sonda bir daha qeyd etmək istərdim ki, 44 günlük möhtəşəm uğur son 17 ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna verdiyi önəmin məntiqi nəticəsi idi. Yeri gəlmişkən, hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zama­nı Prezident İlham Əliyev demişdi: “Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

 

Bütün sahələrdə olduğu kimi, bu məsələdə də verdiyi vədə sadiq qalan dövlətimizin başçısı ötən dövrdə müasir döyüşlərin aparılmasında mühüm əhəmiyyət daşıyan hərbi texnikanın alınma­sını, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsini yüksək səviyyədə gerçəkləşdirmişdi. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş imkanları tamamilə modernləşdirilmişdi.

 

Qələbənin əldə edilməsində isə ən önəmli amil Silahlı Qüvvələrimizdəki ruh yüksəkliyi, xalq-Prezident-ordu vəhdəti olub. Bu, Azərbaycana qarşı baş­lanan hücum əməliyyatlarının ilk günlərindən minlərlə gəncin orduya könüllü kimi yazılmasında, dinc insanların təxribatlar zama­nı evlərini tərk etməmələrində özünü göstərib. Bu, döyüşlər getdiyi dövrdə Azərbaycan Pre­zidenti cənab İlham Əliyevin hər gün özünün rəsmi “Twitter” səhifəsində, xarici televiziya kanallarına verdiyi müsahibəsində hadisələrin gedişatı ilə bağlı xalqa məlumat verməsində, ordumuzun nailiyyətlərini vətəndaşlarımızın diqqətinə çatdırmasında özünü büruzə verib. Bu, eyni zamanda, Azərbaycanı bütün dünyaya güclü orduya malik bir dövlət, xalq-Prezident vəhdəti yaşanan bir respublika kimi tanıdıb.

 

Eldar QULİYEV,

Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri, professor

 

Xalq qəzeti  2020.- 24 dekabr.- S.8.