Azərbaycan bu gün dünyaya ədalətli, şəffaf və demokratik seçki təqdim edəcək

Bu gün ölkəmizin həyatında mühüm əhəmiyyətli siyasi kampaniyaparlament seçkiləri keçirilir. Dünya birliyinin maraq dairəsində olan parlament seçkilərini 55 ölkə və 56 təşkilatdan gəlmiş 883 beynəlxalq müşahidəçi izləyir. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəlidir. Bundan əlavə, 77 min 790 yerli müşahidəçi də seçki prosesini izləmək üçün qeydiyyata alınıb. MSK-dan verilən məlumata görə, həmçinin seçkilərdə 1129 səlahiyyətli nümayəndə, 7 min 603 məşvərətçi səs hüquqlu komissiya üzvü, 2085 vəkil qeydiyyatdan keçib. Azərbaycanın seçki keçirmək sahəsində zəngin təcrübəyə malik olması beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ekspertlər tərəfindən də etiraf olunur. Seçki keçirmək üçün ölkəmizdə mükəmməl hüquqi baza da var. Azərbaycanın seçki qanunvericiliyi beynəlxalq hüququn prinsiplərinə uyğun hazırlanıb. Beynəlxalq təşkilatların da demokratik sənəd kimi dəyərləndirdikləri Seçki Məcəlləsi dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib.

Buikli seçkilər əvvəlki illərdəki analoji kampaniyalardan bir sıra cəhətlərinə görə xeyli fərqlənir. İlk növbədə, müşahidəçilərin və namizədlərin sayına görə. Parlament seçkilərində mandat uğrunda mübarizə aparmaq üçün 2 min 431 nəfər müraciət etmişdi. Onlardan 1637 nəfəri rəsmən qeydiyyata alındı. Səsvermə gününə qədər 321 nəfər öz istəyi ilə namizədliyini geri götürüb. İki nəfərin namizədliyi isə MSK tərəfindən ləğv edilib. Hazırda 1314 nəfər deputat mandatı uğrunda mübarizəni davam etdirir.

 Depuatlığa namizədlərin imza vərəqələri götürən vaxtdan indiyə qədər baş verən proseslərdə – imzatoplama, sənədlərin dairə seçki komissiyaslarına təhvil verilməsi, imzaların doğruluğunun yoxlanılması və namizədliyin təsdiq edilməsinə qədər heç bir şikayətin daxil olmaması və qanun pozuntusunun baş verməməsi bir daha təsdiqlədi ki, hər bir ölkə vətəndaşının seçmək və seçilmək hüququ yüksək səviyyədə qorunur. Namizədliyi qeydə alınanların siyasi baxışlarından və tutduqları mövqedən asılı olmayaraq, təbliğat-təşviqat kampaniyası aparmaları üçün hər birinə bərabərhüquqlu şərait yaradılmış, seçiciləri ilə görüşləri üçün qapalı və açıq yerlər müəyyənləşdirilmiş, şəkillərini, özlərinə aid plakatla və platformalarını yaymaları üçün 10 mindən çox dəmir lövhələr hazırlanmışdır. Həmin dəmir lövhələr seçki məntəqələrinə yaxın ərazilərdə, əhalinin gediş-gəlişinin gur yerlərində quraşdırılmışdır. Namizədlərin təşviqat kampaniyası yüksək səviyyədə başa çatmış və bu zaman MSK-yaya dairə seçki komissiyalarına hər hansı bir narazılıq, rəsmi şikayət daxil olmamışdır. Bütün proseslər Seçki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun aparılmışdır.

Bu gün keçirilən parlament seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə, Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanıb təsdiq edilmiş təqvim planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib. Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün mühüm mərhələlər olan seçicilər siyahısının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla ­bütün seçki subyektlərinin maarifləndirilməsi, deputatlığa namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və Seçki Məcəlləsində nəzərdə tutulmuş digər vəzifələr xüsusi dəqiqliklə yerinə yetirilib.

Seçkilərin azad və ədalətli keçirilməsi üçün seçici siyahıları ən vacib sənədlərdən biridir. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi, ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilən gündən bu sahədə ciddi fəaliyyət göstərilib. İlk növbədə, məntəqə seçki komissiyalarının üzvləri seçicilər siyahısını dəqiqləşdiriblər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına ötürülübonlar da, öz növbəsində, məntəqə seçki komissiyalarından daxil olmuş seçici siyahılarını yoxlayaraq, əlaqədar qurumlardan daxil olmuş məlumat və statistik göstəricilərlə bir daha təhlil ediblər. Növbəti mərhələdə MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq, siyahılarda olan mümkün təkrar və qeyri-dəqiqlikləri seçicilərin məlumatlarının keyfiyyət və say təhlili üçün xüsusi proqram vasitəsilə yoxlayıb, lazımi dəqiqləşdirmələr aparılıb və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim edib.

Seçici siyahılarının bu müddət ərzində dəqiqləşdirilmiş son variantının bir nüsxəsi dairə seçki komissiyalarında, digər nüsxəsi isə MSK-da saxlanılıb, o cümlədən dəqiqləşdirilmiş son nüsxə MSK-nın internet səhifəsində yerləşdirilib. Seçki komissiyalarının müvafiq qurumlarla əməkdaşlıq şəraitində ardıcıl və intensiv şəkildə aparılan genişmiqyaslı və çox əhatəli fəaliyyəti nəticəsində builki parlament seçkilərində də seçici siyahılarının dəqiqliklə və yüksək keyfiyyətlə hazırlanmasına nail olunub.

Ölkə ərazisində məskunlaşmış məcburi köçkünlərin bütün respublika regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, sərf edilən böyük zəhmət və gərgin əmək nəticəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqları maksimum şəkildə təmin olunub.

Məlum olduğu kimi, Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da istifadə edə bilmir. MSK bu qəbildən olan insanların seçki hüququnun təmin olunması məqsədilə bəyanat yaydı. Həmin bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək hüququ var: “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması, digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olub. Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd göstərmişdir. Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı, digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcuddur”.

Məlum olduğu kimi, işğalçı Ermənistanın Dağlıq Qarabağ ərasisində bu vaxta qədər keçirdiyi seçkilərin nəticəsi dünyanın heç bir ölkəsi, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb. Ona görə də, milliyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququnun təmin olunması dövlət siyasətinin prioritetini təşkil edir. Məhz bu məqsədlə, doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konstitusion hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və respublika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük zəhmət və gərgin sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqlarının tam təmin edilməsi üçün lazımi şərait və hərtərəfli imkan yaradılıb. İndiyə qədər ölkəmizdə keçirilən seçkireferendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğumilli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığı bəyanatda öz əksini tapır.

Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni əsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi, bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.

Göründüyü kimi, milliyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirakı yüksək səviyyədə təmin edilib. Seçkilərdə şəffaflığın təmin olunması həmişəki kimi, bu seçkilərdə də diqqət mərkəzində saxlanılıb. Azərbaycanda artıq 12-ci ildir ki, uğurla tətbiq olunanseçki məntəqələrinə getmədən, internet vasitəsilə səsvermə prosesini birbaşa izləməyə imkan verən ­veb-kameralardan istifadə təcrübəsi bu gün keçirilən seçkilərdə də davam etdirilir. Seçki günü seçki məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi mütəmadi qaydada diqqət mərkəzində saxlanılır.

Seçki günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb etmədən səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Parlament seçkilərində “exit poll” keçirən 5 qurum – Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion WaySosioloji Tədqiqatlar İnstitutu üçün əlverişli şərait yaradılıb.

Bu gün ölkəmiz dünyaya daha bir ədalətli, şəffaf və demokratik seçki təqdim etməklə, zəngin təcrübəyə malik olduğunu yenidən sübut edəcək.

Əliqismət BƏDƏLOV,

Xalq qəzeti  2020.- 9  fevral.- S.2.