Dünya birliyi Azərbaycanın uğurlarını etiraf edir 

Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan dövləti həm ölkə daxilindəki, həm də beynəlxalq aləmdəki bədxahlarımızın qarayaxmalarını, əsassız iddialarını hər addımda alt-üst edir. Prezident İlham Əliyevin beynəlxalq aləmdə gedən ictimai-siyasi prosesləri yetərincə qiymətləndirməsi və həmin tendensiyalara dərhal, adekvat münasibət bildirməsi nəticəsində uğurlarımızın sayı durmadan artır. Bunu aparıcı beynəlxalq təşkilatların qiymətləndirmələrində, nüfuzlu reytinq mərkəzlərinin keçirdiyi sorğuların nəticələrində də görürük.

Məhz uğurlu daxili siyasətimizin və aparılan hərtərəfli islahatların nəticəsidir ki, Azərbaycan bu gün dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır. Təkcə ötən il ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmiş, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə çoxsaylı müzakirələr aparılmışdır. Azərbaycanın öz qonşuları ilə möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri də beynəlxalq nüfuzumuzu artıran amillərdəndir.

Dünya miqyasındakı nüfuzumuzun nəticəsidir ki, 2019-cu ildə ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilmişdir. Respublikamız 120 üzv ölkənin yekdil qərarı ilə BMT-dən sonra bu ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürmüşdür. Ölkəmizdə keçirilən Dünya dini liderlərinin II Zirvə Görüşünə 70 ölkənin dini liderləri gəlmiş, bizim reallıqlarımızla tanış olmuş və ölkəmizdə dinlərarası, mədəniyyətlərarası istiqamətdə görülmüş işlərə yüksək qiymət vermişlər.

Bütün bunların nəticəsidir ki, beynəlxalq aləmdəki nüfuzlu reytinq mərkəzləri və kütləvi informasiya vasitələri ölkəmizin uğurlarını yüksək qiymətləndirən hesabatlar yayır və ya məqalə dərc edirlər. Məsələn, ABŞ-da nəşr olunan “U.S. News & World Report” jurnalının dərc etdiyi 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycanın ­45-ci yerdə olduğu qeyd edilir. 2020-ci ilin əvvəllərində eşitdiyimiz bu xoş xəbərin mənbəyi də olduqca nüfuzlu təşkilatdır. Bildirilir ki, Pensilvaniya Universitetinin “BAV Group i Wharton SchoolQrupunun analitikləri tərəfindən tərtib edilən həmin reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib.

Analitiklər yazırlar ki, siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Bildirilir ki, Azərbaycan ötən il əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini -- Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub. Onu da xatırladaq ki, ölkəmiz əvvəlki illə müqayisədə 19 pillə irəliləyib. Belə ki, biz 2018-ci ildə 80 ölkə arasında 64-cü yeri tutmuşduq.

Ekspertlər bildirirlər ki, Azərbaycanın bu uğurunun əsas səbəbi ölkədə aparılan sistemli islahatlardır. Dünya ictimaiyyəti görür ki, son aylar ərzində Azərbaycanda aparılan kadrstruktur islahatlarının ciddi nəticələri var. Prezidentin iradəsi nəticəsində islahatların miqyası getdikcə genişlənir və artıq beynəlxalq analitiklər də real nəticənin olduğunu bildirirlər. Dünyanın tanınmış siyasətçi və iqtisadçıları etiraf edirlər ki, Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, dünya birliyində öncül mövqeyə malik ölkəyə çevrilib.

Beynəlxalq aləmdəki mövqeyimizin hər il daha geniş miqyasda möhkəmlənməsinin səbəblərindən danışan Prezident İlham Əliyev qeyd edir ki, ötən il ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Həmin tədbirlər ölkəmizin dünyadakı mövqeyini həm əks etdirir, həm də möhkəmləndirir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır.

Xatırladaq ki, ötən il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Həmin səfərlər çərçivəsində həm ikitərəfli formatda, həm də beynəlxalq formatlarda müzakirələr davam etdirilib. Bundan başqa, Prezidentin qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri olubdurbu görüşlər çox önəmlidir. Keçən ilin mühüm uğurlarından biri də Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri olmuşdu. Qeyd edək ki, həmin səfər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsinə böyük töhfə vermişdir.

Ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının və Dünya dini liderlərinin zirvə görüşləri, eləcə də, UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası keçirilmişdir. Bundan başqa, 2019-cu ildə Vaşinqtonda Dünya Astronavtika Konqresi keçirilmiş və həmin tədbirdə Dünya Astronavtika Konqresinin 2022-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Azərbaycanın dünya dövlətləri arasında 45-ci yeri tutmasının əsas səbəblərindən biri də mükəmməl ordu quruculuğunun davam etdirilməsidir. Prezident xatırladır ki, ötən il bizim hərbi potensialımız da möhkəmləndi. Bir çox silah-­sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Keçən il əldə edilmiş nəticələr, o cümlədən hərbi şəhərciklərin tikilməsi, təmiri, yeni müasir texnika ilə təchizat məsələlərinin həlli hərbi gücümüzü daha da artırmışdır.

Bundan başqa, iqtisadi sahədə qazandığımız uğurlar da beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Hesabatlarda bildirilir ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır. Bu, böyük nailiyyətdir və onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qarşılanır. Bütün bunlar ona görədir ki, Azərbaycan dövlətinin siyasəti düşünülmüş siyasətdir.

 

İttifaq MİRZƏBƏYLİ,

Xalq qəzeti  2020.- 9  fevral.- S.4.