Azərbaycan opera müğənnisinin Polşa səhnəsində daha bir uğurlu çıxışı  

Azərbaycan opera sənətinin yetirməsi, hazırda Polşada yaşayıb fəaliyyət göstərən istedadlı tenor ifaçı Tərlan Şahbazi Vətəni ilə bağlı əlamətdar günlərdə və yaşadığı ölkənin müxtəlif şənliklərində milliklassik Avropa operalarından parçaları, populyar vokal nümunələrini böyük məharətlə ifa edir. Soydaşımızın bu günlərdə Kaliş Şəhər Müəllimlər Xorunun yubiley  konsertində ifa etdiyi musiqi nömrələri polşalı musiqisevərləri yenidən heyran qoyub.

Tərlan Şahbazinin bu barədə redaksiyamıza ünvanladığı məlumatda bildirilir ki,  Kaliş Şəhər Bələdiyyəsinin binasında  təşkil olunan konsertdə o, 3 krismas janrlı və 1 italyan mahnısını ifa edib. Şəhər rəhbərliyinin və klassik musiqi həvəskarlarının iştirak etdiyi mərasimdə həmyerlimizin çıxışı davamlı alqışlarla qarşılanıb. Gənc opera sənətçisinin ayrı-ayrı kollektivlərdə və ümumşəhər şənliklərində səsləndirdiyi Azərbaycan musiqilərini sənətsevərlər həmişə böyük maraqla qarşılayırlar. Onun milli musiqi mədəniyyətimizin təbliği ilə bağlı keçirdiyi aksiyalar yaşadığı şəhərdə və ətraf yerlərdə ölkəmizə bir çox dostlar qazandırıb.

Tərlan Şahbazi təmasda olduğu insanlara, çıxış etdiyi auditoriyalara Azərbaycan həqiqətləri barədə zəruri bilgilər verməyi həmişə özünün milli qeyrət borcu sayır. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi uğrunda mübarizənin şanlı səhifələri və Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə onun söylədikləri uzaq diyarda ölkəmizin haqq işinə işıq salır, polşalı dostlarımızın sayını artırır.

Xatırladaq ki, Bakıda sadə əməkçi ailəsində doğulan, burada ali musiqi təhsili alan Tərlan Şahbazi Azərbaycan Dövlət OperaBalet Teatrının səhnəsində bir sıra rollarda uğurla çıxış edib. Sonra o, vokal ifaçılığını daha da yüksəltmək üçün Moskvada musiqi təhsilini davam etdirib. Dünya şöhrətli Azərbaycan musiqiçisi Müslüm Maqomayevi özünə sənət kumiri seçən Tərlan Şahbazi musiqi ifaçılığı yolu ilə Azərbaycanı xaricdə daha geniş tanıtmaq məqsədilə bir neçə ildir ki, Avropa turnesinə çıxıb.

Polşanın məşhur opera kollektivləri artıq Tərlanın virtuoz bir sənətçi olmasından xəbərdardır. Tezliklə istedadlı soydaşımızın səsi bu ölkənin daha böyük səhnələrindən gələcək.

İstedadlı sənətçi redaksiyamızla daim əlaqə saxlayır, Bakıya hər gəlişində qonağımız olur. Həmyerlimizə Avropa səhnələrində böyük uğurlar, daha geniş populyarlıq arzulayırıq.

Tahir AYDINOĞLU,

Xalq qəzeti  2020.- 9 fevral.- S.6.